İnsanlara hürriyət, millətlərə istiqlal!

Sehrli villanın günbəzləri - Zamin Hacı YAZIR...

“Yoldaşlar, gecə gəlib dəyirmanımızı dağıdan düşmənin adını bilirsinizmi? Bəli, onun adı Snoubolldur! Onun ürəyi bizə nifrətlə doludur”

(Corc Oruell, “Heyvanıstan”)

Bu il biz növbəti dəfə, daha kəskin şəkildə hüququn aliliyinə, qanunların qorunmasına şahid olduq. İsbat edildi ki, dahi klassikin epiqraf verdiyim əsərindəki şüar vacibdir: “Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər”.

Məsələn, ali təhsil müəssisələrimizə dolayı yolla soxulmaq istəyən məxluqatın aşkar edilməsi hadisəsini götürək. Ekspertlər, abituriyentlər, valideynlər, repetitorlar, nəzarətçilər, rektorlar, xülasə, pak imtahan sistemimizə çirkab yaxmaq istəyən, onu ləkələyən hər kəs payını aldı. Orada hətta pinəçini də tutub basdılar! Yaramaz ayaqqabıların altını kəsib ora gizli qurğular yerləşdirirmiş. Ax-ax... Gör necə quldur insanlar vardır.

Burda təkcə cinayət motivi yoxdur ki?! Burda gələcəyimizə bıçaq vurmaq, biz soxmaq, gələcəyimizin dabanını qopartmaq cəhdləri açıq-aşkar hiss edilir. Yəqin özü haçansa yurfaka girmək istəyib, bu alınmadığı üçün pinəçi işləyir, indi hüquqa zidd əməllər törədir.

Sayıq vətəndaş olaraq, əlaqədar orqanlardan xahiş edirəm, gərək həmin ayaqqabıları satanları da araşdırsınlar. Düz adamsansa, niyə altı qalın ayaqqabı satırsan? Normal ayaqqabının altına telefon yerləşdirmək mümkün olmaz. Bunu dədə-babalarımız da hiss eləmişdir, nahaq yerə deyildir ki, belə ata sözü yaranmışdır: “Dost başa baxar, düşmən ayağa, pinəçi ayaqqabıya, əlaqədar orqanlar da pinəçiyə”.

İkinci möhtəşəm hadisə, heç şübhəsiz, gömrük generalımızın şəxsi limanı, 15 hektarlıq malikanəsi və 99 günbəzli şəxsi məscidinin aşkara çıxarılmasıdır. Bütün bunları indiyəcən necə gizlədib, nə cür xalqımızın xəbəri olmamışdır – möcüzədir. Məsələn, bizim bir qahım Biləcəridə uçuq daxmasının damına şifer vurmaq istəmişdi, neft şirkətinin (ərazidə yataqlar var deyəsən), bələdiyyənin, icranın, Dövlət Əmlak Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitetinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin (bunu yolun qırağından, keçəndə götürüblər, konkret məqsədi olmayıb) cəsur əməkdaşları dərhal dama desant çıxartdılar, qahımı kəlləmayallaq yerə tulladılar. İndiyəcən Semaşkoda qabırğasına piltə qoyurlar. Arada belinə zəli, yumşaq yerinə arı müalicəsi də tətbiq olunur.

Bəs necə, harda görünüb qanunsuz dam vurma işləri ilə məşğul olasan? Dərəbəylikdir?

Az qala unutmuşdum, qahımın damı dəyişdirmək cəhdlərinin aşkara çıxarılması və qanunçuluğun bərpası zamanı “Azərkosmos”un fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Sən demə onlar göydən peyklə baxıblar, görüblər bir nəfər Biləcəridə şiferləri sökür.

Zəhləmgetmiş jurnalistlər demişkən, “belə olan şəraitdə” 99 günbəzli məscid niyə indiyəcən hətta qurban olduğumuza, yəni, Gözəgörünməzə də gizli qalmışdır? Hövsanda 99 günbəzi görmək, Biləcəridə 1 şiferli daxmanı görməkdən daha çətindirmi?

Əlbəttə! İlk növbədə, obyektin təyinatı onu müqəddəsləşdirir, orda oxunan dualar nəticəsində 15 hektarlıq villa pis gözlərdən hifz edilirmiş. Ancaq yenə atalar demişkən, hətta “ağ” işi ilə məşğul olanda da gərək ağını çıxarmayasan. Liman qayıqlar üçün nəzərdə tutulubsa, ora “Titanik” sürmək düz deyil. Həm liman dağılır, həm də gəmi batır. İnşallah, bu gəmi çox dərinə getməz, yağlı gəmidir.

Sonda yazını elə başladığımız əsərdən gözəl bir şeir parçası ilə bitirək, yazının başı bağlansın:

“O günlərə qovuşmadan ölsək belə,

O günlərin xatirinə çalışaq biz!

Ey inəklər, atlar, qazlar, hinduşkalar

Azadlığın eşqi ilə alışaq biz!”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR