Onlayn ictimai-siyasi qəzet
“Venesuelada baş verənlər ilk baxışdan klassik hərbi müdaxilə və ya ənənəvi dövlət çevrilişi təsiri bağışlamaya bilər. Tanklar küçələrə çıxmayıb, generallar televiziyalarda bir-birini əvəz edən ultimatumlar səsləndirməyib, paytaxt uzunmüddətli silahlı toqquşmaların səhnəsinə çevrilməyib. Lakin məhz bu səssizlik, bu zahiri sakitlik hadisələrin mahiyyətini daha təhlükəli və daha düşündürücü edir”.
Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Millət vəkili Venesuelanın bundan sonrakı aqibəti ilə bağlı bunları da deyib:
“Müasir dövrün ən riskli və ən təhlükəli səssiz rejim dəyişikliyi “model”i dünyaya yaxşı heç nə vəd etmir. ABŞ-ın hərbi-siyasi üstünlüyü fonunda Venesuela dövlət institutlarının qısa müddətdə faktiki iflic vəziyyətinə düşməsi, prezidentin saxlanılaraq ölkədən kənara çıxarılması ilə bağlı yayılan məlumatlar bir daha göstərir ki, müasir dövrdə hakimiyyət artıq təkcə küçədə, barrikadalarda və ya parlament salonlarında dəyişmir. Hakimiyyət indi komanda-nəzarət zəncirlərinin qırıldığı, siyasi iradənin sıradan çıxarıldığı, ordunun isə prosesləri kənardan izləməyə məhkum edildiyi mexanizmlərlə dəyişir.
Hazırda Venesuelanın bundan sonrakı aqibəti ilə bağlı ən real görünən ssenari idarə olunan keçid prosesidir. Bu, kənardan baxıldıqda sakit, hətta “konstitusion” görünən transformasiya ola bilər. Bu xüsusda müvəqqəti keçid hakimiyyətinin formalaşdırılması, beynəlxalq legitimliyə malik fiqurların önə çıxarılması, sanksiyaların mərhələli şəkildə yumşaldılması və iqtisadi dirçəliş vədlərinin gündəmə gətirilməsi ehtimalı böyükdür. Bu halda əsas məqsəd cəmiyyətdə dərin sarsıntının qarşısını almaq və prosesə hüquqi don geyindirmək ola bilər.
Lakin bu modelin zəif tərəfi də göz önündədir. Venesuela illərdir yalnız iqtisadi böhran yox, həm də ciddi institusional aşınma yaşayır. Sosial parçalanma dərinləşib, dövlət idarəçiliyinə inam minimum səviyyəyə enib. Bu şəraitdə sadəcə siyasi fiqurların dəyişməsi problemlərin sürətli həllinə gətirib çıxarmayacaq”.
Elçin Mirzəbəylinin fikrincə, əgər keçid prosesi inklüziv olmazsa, xüsusilə də regionlar və ordunun aşağı eşalonları prosesdən kənarda qalarsa, ölkə yeni bir qeyri-sabitlik mərhələsinə sürüklənə bilər:
“Bu nöqtədə Venesuela ordusunun davranışı xüsusi diqqət tələb edir. Baş verənlər göstərdi ki, müasir siyasi böhranlarda əsas rol artıq silahlı qarşıdurmaya deyil, hərbi neytrallığa məxsusdur.
Bu presedent təkcə Latın Amerikası üçün deyil, daha geniş coğrafiya üçün də ciddi mesaj hesab oluna bilər. Venesuela hadisəsi eyni zamanda ABŞ-ın dəyişən müdaxilə modelini də üzə çıxarır. Vaşinqton İraq və Əfqanıstan təcrübəsindən sonra birbaşa işğalın və uzunmüddətli hərbi iştirakın baha və riskli olduğunu anlayıb. Yeni model daha səssiz davranmaq, lideri neytrallaşdırmaq, komanda zəncirini qırmaq, daxili aktorları önə çıxarmaq və məsuliyyəti formal olaraq ölkədaxili proseslərin üzərinə atmaqdan ibarətdir. Bu yanaşma qan tökülməsinin qarşısını alır, amma beynəlxalq hüquq baxımından daha təhlükəli presedent yaradır”.
E.Mirzəbəyli həmçinin qeyd edib ki, baş verənlər regional və qlobal hegemonluğa can atan mərkəzlər üçün də açıq xəbərdarlıq xarakteri daşıya bilər:
“Hadisələr göstərir ki, formal müttəfiqlik real təhlükəsizlik zəmanəti demək deyil. ABŞ hələ də qlobal miqyasda operativ hərbi-siyasi üstünlüyə malikdir və lazım bildikdə bu üstünlükdən istifadə etməkdən çəkinmir. Bu mesaj xüsusilə Rusiyanın postsovet məkanındakı davranışlarına dolayı, amma ciddi təsir göstərə bilər.
Digər tərəfdən, Venesuela hadisəsi beynəlxalq hüququn nə qədər kövrək vəziyyətə düşdüyünü bir daha nümayiş etdirir. Bir dövlət başçısının faktiki olaraq güc yolu ilə neytrallaşdırılması suverenlik anlayışını daha da aşındırır. ‘Güc hüquq yaradır’ yanaşması gücləndikcə, kiçik və orta dövlətlər üçün risklər artır və qlobal sistem getdikcə normativ qaydalardan çox realpolitika üzərində qurulur.
Məsələnin enerji ölçüsü də diqqətdən kənarda qalmamalıdır. Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələrindən biridir. Rejim dəyişikliyi qısa müddətdə bazarlarda qeyri-müəyyənlik yaratsa da, orta müddətdə hasilatın artmasına və Qərb üçün enerji diversifikasiyasına xidmət edə bilər. Bu isə OPEC daxilində yeni balans axtarışlarını qaçılmaz edəcək.
Bütövlükdə isə Venesuelada baş verənlər lokal hadisə deyil. Bu proses müasir dövrdə hakimiyyətlərin necə dəyişdirildiyini göstərən canlı nümunədir və qlobal güc balansının real vəziyyətini açıq şəkildə üzə çıxarır. Venesuelanın qarşısında ya idarə olunan transformasiya yolu ilə nisbətən sabitliyə doğru addımlamaq, ya da uzunmüddətli institusional böhran mərhələsinə daxil olmaq seçimi qalır. Hansı yolun seçiləcəyi isə artıq yalnız Karakasda yox, Vaşinqtonda veriləcək qərarlardan asılı olacaq”.
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ