İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosiskanın içində görünən maye nədir? – “Səhliyalı” xüsusi açıqlama yaydı

Son günlər bəzi istehlakçılar “Halal Nemət, Min Bərəkət” brendinə məxsus “Pendirli Manqalüstü” sosisinin daxilindəki pendirin əriyərək maye halına keçməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Musavat.com xəbər verir ki, məsələ ilə əlaqədar məhsulun istehsalçısı olan “Səhliyalı” şirkəti redaksiyamıza açıqlama göndərib.

Şirkətin məlumatında bildirilir ki, “Pendirli Manqalüstü” sosisinin hazırlanmasında istifadə olunan holland pendiri Almaniyanın GAUDINA markasına məxsus yüksək keyfiyyətli məhsuldur.

İstehsalçı pendirin sosisin daxilində əriyərək maye halına keçməsinin normal texnoloji proses olduğunu vurğulayıb:

“Temperatur yüksəldikcə pendir əriyir. Məhsul əvvəlcə 45 dəqiqə qurudulur, daha sonra 30 dəqiqə hisə verilir. Ardınca bir saat müddətində 75 dərəcə temperaturda buxarda bişirilir. Sobada temperatur 80 dərəcəyə çatdıqda məhsul çıxarılır. Buna görə də sosisin tərkibindəki pendirin əriməsi təbii və normal texnoloji prosesdir”.

Açıqlamaya görə, məhsulun tərkibi mal əti, toyuq filesi, təbii süd, holland pendiri, yumurta, kərə yağı, bitki yağları – günəbaxan və qarğıdalı yağları, nişasta, xörək duzu, natrium nitrit, kompleks qida əlavələri – E-450, E-621 və E-316, həmçinin qarışıq ədviyyat ekstraktından ibarətdir.

Məhsulun tərkibində holland pendirinin payının 12 faiz təşkil etdiyi qeyd olunur.

“Səhliyalı” şirkəti istehsal etdiyi bütün məhsulların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğun şəkildə və müəssisənin ISO 17025 beynəlxalq standartı üzrə akkreditə olunmuş laboratoriyasında yoxlanıldığını bildirib:

“Məhsullarımız yalnız müvafiq yoxlamalardan keçirildikdən sonra satışa buraxılır”.

Şirkət bununla da istehlakçıların “Pendirli Manqalüstü” sosisinin daxilindəki pendirin görünüşü ilə bağlı narahatlığının məhsulun keyfiyyət problemi deyil, pendirin yüksək temperaturda əriməsi nəticəsində yaranan normal hal olduğunu açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR