Onlayn ictimai-siyasi qəzet
"Ötən ilin 8 avqust tarixi Azərbaycanın müasir diplomatiya salnaməsinə strateji dönüş nöqtəsi kimi daxil olub. Prezident İlham Əliyevin ABŞ-yə tarixi səfəri, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sənədlərin paraflanması və əldə olunan razılaşmaların üzərindən keçən bir illik müddət göstərir ki, Vaşinqton sənədi iki dövlət arasında münasibətlərin normallaşmasından qat-qat geniş miqyas kəsb edir".
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, ötən bir ilin nəticələri sübut etdi ki, həmin gün atılan addımlar Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını müəyyənləşdirən, regionda onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoyan yeni eranın başlanğıcı idi:
"Bu prosesin mərkəzində dayanan əsas amil Prezident İlham Əliyevin müəllifi olduğu, beynəlxalq hüququn 5 baza prinsipinə söykənən sülh gündəliyidir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda rəsmi Bakı qalib tərəf olmasına baxmayaraq, regionda davamlı sabitliyin təmin olunması üçün hüquqi əsaslara dayanan sülh modelini irəli sürdü. Bu gün artıq beynəlxalq ictimaiyyət də etiraf edir ki, Cənubi Qafqazda müzakirə olunan və tətbiq edilən sülh modelinin ideya müəllifi məhz Azərbaycandır. Bu siyasi kurs təkcə ölkəmizin milli maraqlarını təmin etməklə kifayətlənməyib, həm də bütün regionun təhlükəsizlik və inkişaf modelini formalaşdırıb".
Deputat onu da diqqətə çatdırıb ki, Vaşinqton prosesində ABŞ prezidenti Donald Trampın vasitəçilik səyləri və tərəflər arasında qurulan yüksək səviyyəli dialoq prosesin sürətlənməsində mühüm rol oynadı:
"Prezident İlham Əliyevlə Donald Tramp arasındakı məktublaşmalar, qarşılıqlı mesajlar və siyasi iradə nümayişi sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul olunmasını təmin etdi. ABŞ-nin vasitəçiliyi ilə başlanan bu proses artıq bəyanatlardan praktiki müstəviyə transfer olunaraq yeni hüquqi-siyasi mərhələyə qədəm qoyur. Bu mərhələ regionda etimad mühitinin möhkəmlənməsini, qarşılıqlı suverenliyin tanınmasını və təhlükəsizlik zəmanətlərinin bərqərar olunmasını nəzərdə tutur".
Kamran Bayramov onu da xüsusi olaraq vurğulayıb ki, qazanılmış diplomatik nailiyyətlərin və əldə olunmuş sülh gündəliyinin tam şəkildə yekunlaşması və yekun sülh müqaviləsinin imzalanması üçün ən mühüm hüquqi şərtlərdən biri Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsidir:
"Ermənistanın mövcud ana qanununda və Müstəqillik Bəyannaməsinə istinad edən müddəalarında Azərbaycanın suveren ərazilərinə qarşı yer alan dolayısı və ya birbaşa ərazi iddiaları ləğv edilmədən regionda dayanıqlı sülhdən danışmaq mümkün deyil. Rəsmi Bakının tamamilə haqlı və beynəlxalq hüquqa söykənən bu tələbi gələcəkdə Ermənistanda hər hansı hakimiyyət dəyişikliyi fonunda revanşizm meyillərinin hüquqi müstəvidə baş qaldırmasının qarşısını almaq məqsədi daşıyır. Sülh müqaviləsinin sadəcə iki ölkə rəhbərinin siyasi iradəsi ilə deyil, həm də Ermənistanın konstitusiya səviyyəsində təsbit olunmuş hüquqi öhdəliyi ilə möhkəmləndirilməsi Cənubi Qafqazda əbədi sabitliyin və təhlükəsizliyin ən etibarlı zəmanətidir".
Parlamentari əlavə edib ki, sülh gündəliyinin ən mühüm sütunlarından biri olan kommunikasiyaların açılması və iqtisadi inteqrasiya kontekstində TRIPP layihəsi də xüsusi strateji əhəmiyyət kəsb edir:
"Azərbaycanın irəli sürdüyü nəqliyyat və logistika təşəbbüslərinin tərkib hissəsi olan bu layihə və yaradılan yeni geosiyasi reallıqlar Cənubi Qafqazı qlobal ticarət xəritəsinin mərkəzi qovşaqlarından birinə çevirir. Regional kommunikasiyaların bərpası yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə beynəlxalq yükdaşımaların genişlənməsi, yeni investisiya axınlarının cəlb edilməsi və regional rifahın yüksəldilməsi baxımından misilsiz imkanlar vəd edir. Beləliklə, Vaşinqton sənədlərinin imzalanmasından keçən bir il göstərir ki, rəsmi Bakının ardıcıl, uzaqgörən və prinsipial siyasəti Cənubi Qafqazda güc nisbətini və diplomatiya qaydalarını köklü şəkildə dəyişib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu sülh strategiyası regiona illərdir həsrətində olduğu sabitliyi, iqtisadi tərəqqini və təhlükəsiz gələcəyi gətirən əsas amildir".
Cavanşir Abbaslı
Musavat.com
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ