Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq audit, vergi, məsləhət və konsaltinq şirkəti KPMG-nin məlumatına görə, rəhbərlərin 49%-i süni intellekt agentlərindən istifadənin həcmini azaldıb. Buna əsas səbəb kimi xərclərin əldə olunan faydalardan daha çox olması göstərilir. Digər tərəfdən, istifadəçilər də yaxşı bildikləri mövzularda süni intellektə müraciət etdikdə bəzən yanlış və ya dəqiq olmayan məlumatlarla qarşılaşdıqlarını bildirirlər.
Süni intellektdən istifadə azala bilərmi? İnsanlar AI proqramlarına artıq demək olar ki, etibar etmirlər, bunun səbəbləri nədir?
İT mütəxəssisi Əmrah Mövsümzadə Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektdən istifadənin azalması və ya ona olan etimadın zəifləməsi müəyyən hallarda müşahidə oluna bilər:
“Lakin bu, süni intellektdən tam imtina meyli deyil. Əksinə, istifadəçilər və şirkətlər artıq süni intellektdən daha şüurlu və seçici şəkildə istifadə etməyə başlayırlar. Burada əsas məsələ süni intellektin verdiyi cavabların hər zaman doğru qəbul edilməsidir. AI sistemləri böyük həcmdə məlumat əsasında işləsə də, onların təqdim etdiyi məlumatlar bəzən yanlış, natamam və ya kontekstdən kənar ola bilər. Xüsusilə istifadəçi müəyyən sahədə kifayət qədər məlumatlıdırsa, AI-ın verdiyi cavablardakı səhvləri daha asan görə bilir. Bu da zamanla həmin texnologiyaya olan etimadın azalmasına səbəb olur. Digər mühüm faktor təhlükəsizlikdir. İnsanlar süni intellekt sistemlərinə şəxsi məlumatlarını, şirkətdaxili məxfi sənədləri, maliyyə məlumatlarını və digər həssas informasiyanı daxil etdikdə həmin məlumatların harada saxlanıldığı və necə emal edildiyi ilə bağlı suallar yaranır”.
Mütəxəssis qeyd edib ki, kibertəhlükəsizlik baxımından bu, kifayət qədər ciddi məsələdir:
“AI alətlərindən düzgün istifadə edilmədikdə məlumat sızması, məxfi informasiyanın üçüncü tərəflərə ötürülməsi və bu məlumatların sosial mühəndislik hücumlarında effektiv şəkildə istifadə edilməsi kimi risklər yarana bilər. Şirkətlər üçün isə başqa bir problem xərclər və real fayda arasındakı balansdır. Süni intellekt agentlərinin tətbiqi yalnız texnologiyanın alınması ilə bitmir. Onların inteqrasiyası, təhlükəsizliyin təmin olunması, əməkdaşların təlimləndirilməsi, məlumat infrastrukturunun hazırlanması və nəzarət mexanizmlərinin qurulması da əlavə resurs tələb edir. Əgər şirkət bu investisiyanın qarşılığında gözlənilən nəticəni əldə etmirsə, AI istifadəsini azaltmağa qərar verə bilər. Gələcəkdə süni intellektdən istifadə azalmayacaq, əksinə, onun tətbiq forması dəyişəcək. İlkin mərhələdə insanlar AI-dan demək olar ki, hər məsələdə istifadə etməyə çalışırdılar. İndi isə daha çox “hansı işi AI-a həvalə etmək olar, hansı işdə isə insan nəzarətini saxlamaq lazımdır?” yanaşması formalaşır. Ən vacib məqam isə AI-a kor-koranə etibar edilməməsidir. Süni intellekt insanı əvəz edən və mütləq həqiqət mənbəyi olan bir sistem kimi deyil, qərar qəbul etməyə kömək edən bir alət kimi qəbul edilməlidir. Xüsusilə hüquq, maliyyə, tibb, kibertəhlükəsizlik və biznes qərarları kimi kritik sahələrdə AI tərəfindən verilən məlumat mütləq insan tərəfindən yoxlanılmalıdır. Əslində, hazırda süni intellektə olan etimadın azalmasından daha çox, kor-koranə etimadın azalmasından danışmaq daha doğrudur. Çünki bütövlükdə sistemə olan etimad tam olaraq azalmayıb. Bu, neqativ meyl deyil. Əksinə, insanların texnologiyanın imkanları ilə yanaşı, onun məhdudiyyətlərini və risklərini də başa düşməyə başlaması süni intellektdən daha sağlam və təhlükəsiz şəkildə istifadə üçün müsbət haldır. Gələcəkdə uğurlu olacaq şirkətlər AI-dan ən çox istifadə edənlər deyil, ondan ən düzgün, təhlükəsiz və məqsədyönlü istifadə edənlər olacaq”.
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ