Onlayn ictimai-siyasi qəzet
Şuşada bəzi daşların yaddaşı insan yaddaşından daha güclüdür. Onlar danışmır. Amma çox şey görüb. Güllə səslərini, mərmilərin uğultusunu, dağların qoynunda gedən döyüşləri, illərlə çəkilən həsrəti... Bəlkə də hansısa qayaya bir vaxtlar bir əsgər söykənib. Bəlkə başqa bir daşın yanında yaralı döyüşçü son dəfə nəfəs alıb. Bəlkə də bu torpağın bir qarışında şəhid qanı var. İndi isə həmin daşların üzərində başqa izlər görünür – turistlərin yazdığı adlar, tarixlər, müxtəlif ifadələr...
Şuşaya gələn bəzi turistlər şəhərdəki qaya və daşların üzərinə öz adlarını yazıblar. Sanki minilliklərin şahidi olan qayaların yaddaşına öz izlərini həkk etməklə buradan “xatirə” aparmaq istəyiblər. Amma Şuşanın yaddaşa ehtiyacı yoxdur. Şuşanın özü yaddaşdır. Burada hər daşın, hər küçənin, hər uçurumun öz hekayəsi var.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova bu kimi hallarla bağlı ictimaiyyətə müraciət edib. O bildirib ki, məsələ ilk dəfə baş vermir və maarifləndirmə tədbirlərinə, cərimələrə baxmayaraq, belə hallar davam edir:
“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”, – deyə Səmayə Məmmədova bildirib.
Bir daşın üzərinə yazılan ad nəyi dəyişir? Bəlkə də həmin turist üçün bu, sadəcə bir yazıdır. Bir neçə hərf, bir tarix, bir ad...Amma o yazının altında əsrlərlə formalaşmış bir şəhərin tarixi dayanır. Daşa yazılan ad onu əbədiləşdirmir. Əksinə, daşın öz yaddaşını zədələyir.
Şəhidlərin xatirəsini qorumaq da onların uğrunda can verdiyi torpağın üzərinə öz adını yazmaqla mümkün deyil. Şəhidin xatirəsi daşın cızığında yox, həmin daşın qorunmasında yaşamalıdır.
Azərbaycanın hər yerində şəhidlərin adlarının əbədiləşdirildiyi abidələr, xiyabanlar, memorial komplekslər var. Onların adları ləyaqətlə, peşəkar şəkildə gələcək nəsillərə ötürülür. Şuşanın qayasına yazılan şəxsi ad isə bu müqəddəs xatirəyə heç nə əlavə etmir. Əksinə, onu kölgədə qoyur.

Antiterror əməliyyatı zamanı şəhid olan kapitan Həmid Həmidlinin anası Könül Vəliyeva üçün Şuşanın daşları sadəcə daş deyil. O, bu torpaqları şəhidlərdən gələcək nəsillərə qalan miras kimi görür: “Biz o torpaqlara ayaq basanda insan fərqli bir hiss keçirir. O dağlara baxdıqca uşaqlarımızın, hərbçilərimizin, əsgər və zabitlərimizin o qayaları necə keçdiklərini, hansı sədləri hansı əziyyətlərlə aşdıqlarını düşünürsən. Bu torpaqlar, hər bir daş, hər bir qayalıq sanki şəhidlərimizdən bizə qalan bir mirasdır. O mirası qoruyub gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Bir ana üçün bəlkə də ən ağır söz budur: övladının uğrunda öldüyü torpaqda birinin rahatlıqla qayaya adını yazması...”.

Antiterror əməliyyatı zamanı şəhid olan mayor Vüqar Heydərovun həyat yoldaşı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Vüqarlı isə Şuşaya münasibətin sadəcə qaydalardan deyil, mənəvi məsuliyyətdən doğmalı olduğunu deyir.
“Arzu edərdim ki, ora gedəndə basdıqları torpağa belə ehtiyatla qədəm qoysunlar. Çünki o torpağın hər metrində, hər santimetrində minlərlə şəhidin qanı var.
Orada göz yaşı, ah-nalə var. Şəhid balalarının göz yaşı, şəhid xanımlarının ahı, şəhid analarının fəryadı var.
Ora haqqında yazmaq nədir ki?! Orada nəfəsi belə ehtiyatla almaq lazımdır ki, o daşlar, o qayalar inciməsin, oraya tökülmüş qanlar bizdən inciməsin. Qalmışdı ki, sadəcə nəsə yazmaq...”.
Bu sözlərdə sadəcə bir irad yox, bir şəhid xanımının Şuşaya münasibəti var. Bəlkə də Şuşada davranışın ən doğru ölçüsü elə budur: ayağını ehtiyatla basmaq, daşına ehtiyatla toxunmaq, tarixini incitməmək.

Antiterror əməliyyatı zamanı şəhid olan mayor Sənan Qasımovun anası Dürdanə Qasımova da bu cür davranışların şəhid ailələri üçün xüsusilə ağır olduğunu bildirib.
Onun sözlərinə görə, şəhidlər öz canları bahasına işğalda qalan torpaqları Azərbaycana qaytarıblar: “Bizim balalarımız öz qanları, canları bahasına mühasirədə, əsarətdə qalan torpaqlarımızı, qeyrətimizi, həsrətimizi özümüzə qaytardılar. Bunun müqabilində Şuşaya ürəklə gedə bilmiriksə, biz gedəndə portaldan qeydiyyatdan keçməli oluruq. Hətta yeri gələndə heç buraxılmırıq. Amma başqaları gəlib orada rahatlıqla yazı yazanda, əlbəttə, bu, biz analara pis təsir edir.
Çünki Şuşa bizim dəyərimizdir, tariximizdir, Azərbaycanın varlığı deməkdir. Bu, əlbəttə ki, düzgün hərəkət deyil və mən bunu heç də yaxşı qarşılamıram”.
Vətən müharibəsi veteranı, qazi Eltun Abbasov da Şuşanın qayalarına yazılan yazılara münasibətini bölüşüb. Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edən Eltun Abbasov üçün bu torpaqlar turistik məkan deyil. Onun yaddaşında bu yerlərin başqa bir adı var – döyüş. Qazi deyir ki, Şuşaya gedən insan əvvəlcə özündən soruşmalıdır: “Mən indi haradayam?”
“Axı bu yerlərin uğrunda biz döyüşmüşük. Bu torpaqlara hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Biz orada qan tökmüşük, yaralanmışıq. Ağır günlər yaşamışıq. Amma həmin torpaqların azad edildiyini görəndə böyük fərəh hissi keçirmişik.
Şuşanın hər qayasında bizim üçün başqa bir xatirə var. Bəlkə kiminsə üçün adi bir daşdır, amma bizim üçün o daş döyüş yolunun bir parçasıdır. Biz o dağları, o qayaları keçə-keçə irəliləmişik. Ona görə də indi kimsənin gəlib həmin qayaların üzərinə adını yazması, ürək və ya başqa bir şəkil çəkməsi adama çox ağır gəlir.
İnsan Şuşaya gedəndə öz izini qoymaq barədə yox, orada qoyulmuş izləri qorumaq barədə düşünməlidir. Çünki bizim qoyduğumuz izlər yazı ilə yox, qanla qalıb.
Mən istərdim ki, Şuşaya gələn hər bir turist əvvəlcə bu torpağın tarixini hiss etsin. Bilsin ki, buraya rahat gəlmək üçün kimsə vaxtilə çox ağır yol keçib. Kiminsə anası oğlunu gözləyib, kiminsə övladı atasının yolunu gözləyib, kiminsə həyat yoldaşı son dəfə vidalaşıb. Biz bu yerlərə görə döyüşmüşük. Bu yerlərin azadlığı üçün yaralanmışıq, dostlarımızı itirmişik. Ona görə də Şuşanın daşına yazı yazmaq mənə görə sadəcə qaydanı pozmaq deyil. Bu, həmin torpağın keçdiyi yolu bilməməkdir.

Şuşaya gələn insan buradan bir xatirə aparmaq istəyirsə, fotoşəkil çəksin, şəhərin tarixini öyrənsin, gördüklərini danışsın. Amma daşın üzərinə öz adını yazmasın. Çünki bizim üçün Şuşada qalmalı olan turistin adı deyil, Şuşanın özüdür”.
Dünyanın müxtəlif ölkələrində tarixi abidələrin, qayaların və binaların üzərinə yazı yazılması ciddi problem hesab olunur. Qraffiti sənətin müəyyən formalarında ayrıca mədəni istiqamət sayıla bilər. Lakin tarixi və təbii obyektlərin icazəsiz şəkildə cızılması və yazılması vandalizmdir. Xüsusilə Şuşa kimi tarixi şəhərdə bu davranışın nəticəsi daha ağırdır. Çünki burada hər qayaya yazılan ad həmin yaddaşın üzərinə çəkilən cızıqdır.Şuşa turistlərin öz adlarını əbədiləşdirdiyi bir “xatirə dəftəri” deyil. Bu şəhər öz tarixini gələcək nəsillərə salamat çatdırmalı olduğumuz böyük bir mirasdır.
Şahanə Rəhimli
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ