Onlayn ictimai-siyasi qəzet
Bakıda istedadlı gənc rəssam Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi təşkil olunub. Musavat.com xəbər verir ki, tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, eləcə də rəssamın yaxınları, sənətsevərlər iştirak ediblər.
Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov nəvəsi, rəssam Kəmalə Cəfərovanın sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.
O bildirib ki, əsərlərdən birində nəvəsi İsgəndərlə birlikdə dəniz kənarında gəzintisi təsvir olunub:
“Rəsm əsərlərinin birində dəniz kənarında gəzərkən mənimlə nəvəm İsgəndər təsvir olunub. Doğrudan da, hər gün Bodrumda səhər tezdən dəniz kənarında gəzintiyə çıxırıq. Səhər gəzintisi zamanı İsgəndərə tarixdən, hüquqdan nələrsə danışıram, o da məni dinləyir. Şəkillər arasında ən çox xoşuma gələn əsər də məhz budur”.
İlham Rəhimov nəvəsinin uşaqlıqdan rəsm çəkdiyini, lakin onun belə bir sərgi təşkil edəcəyini heç vaxt düşünmədiyini qeyd edib: “Onun rəsm çəkdiyini bilirdim, amma bunu bütün uşaqların çəkdiyi adi rəsmlər kimi qəbul edirdim. Ümumilikdə, onun əsərlərində yaşlı nəslin nümayəndələri təsvir olunur. Mən belə başa düşürəm ki, rəssam bununla insanlara çatdırmaq istəyir, hamımız gələcəkdə yaşlanacağıq və həmin mərhələyə çatacağıq. Onun öz dəst-xətti var, fərqlidir və maraqlıdır”.
İlham Rəhimov nəvəsinə yaradıcılığında gənclərə də yer verməsini arzuladığını vurğulayıb: “Nəvəmə arzum isə budur ki, gəncləri də təsvir etsin. Gənc qız və oğlanları çəksin, onların hisslərini və duyğularını da əsərlərində tərənnüm etsin”.
Rəssam Kəmalə Cəfərova isə sərginin ideyası barədə danışarkən bildirib ki, hər yaşlanan insanın öz həyat tarixçəsi var: “Mən bu həyat tarixçələrini pozitiv prizmadan göstərməyə çalışıram. Bir insan üçün yaşlanmaq həyatın sonu deyil. Mənim qəhrəmanlarımın çoxu orta yaş həddini keçmiş insanlardır və onların həyata baxışlarını pozitiv anlamda göstərməyə çalışmışam”.
Kəmalə Cəfərova sərgisi üçün ailəsinə təşəkkür edib:
"Ailəmə təşəkkür edirəm. Onlar mənə ilham verdilər və yaradıcılığımı bu şəkildə ifadə etməyimə böyük dəstək oldular. Məhz onların sayəsində bu sərgini ərsəyə gətirərək əsərlərimi tamaşaçılara təqdim etdim. Əsərlərimdə italyan üslubunu seçməyimin səbəbi isə bu üslubda həyata olan sevginin, pozitivliyin və həyat eşqinin daha qabarıq hiss olunmasıdır. Gəzdiyim bütün ölkələr arasında əsl həyat sevgisini və deyildiyi kimi, o həqiqi zövqü məhz italyanlarda gördüm. Mən də əsərlərimdə məhz bu duyğuları əks etdirməyə çalışmışam".
Qeyd edək ki, Kəmalə Cəfərova Londonda təhsil alıb. Beş yaşından rəsm əsərləri çəkməyə başlayıb. Moskvada yaşayan rəssam yaradıcılığını oradakı emalatxanasında davam etdirir. Kəmalə Cəfərovanın yaradıcılığının əsas mövzusunu yaşlı insanlar təşkil edir.
Sərgidə nümayiş olunan əsərlər yaş, zaman və yaddaş haqqında formalaşmış ənənəvi təsəvvürləri dəyişmək qayəsi ilə diqqət çəkir. Müəllifin kətan üzərində yaratdığı obrazlarda yaşlılıq həyatın son mərhələsi kimi deyil, onun ən dolğun, rəngli və sərbəst dönəmi kimi təqdim olunur.
Yaradıcılığının əsas xəttini yaşlı insanların portretləri təşkil edən gənc rəssam onları sönük və ya yorğun deyil, həyatın düz mərkəzində — tennis oynayarkən, dəniz kənarında gəzərkən, söhbət edərkən və əylənərkən təsvir edib. Rəssamın fəlsəfəsinə görə, illər insanın daxili rənglərini azaltmır, əksinə, onları daha da dolğunlaşdırır.
Afaq Mirayiq,
Musavat.com

04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ