İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tarix müəllimim idi, taleyimiz meydanda kəsişdi” – Rauf Arifoğlu Fəzail Ağamalı haqda - VİDEO

"Fəzail Ağamalı ötən əsrin 80-ci illərində universitetdə mənə dərs deyib. Azərbaycan Texnologiya Universitetində tarix fənnini tədris edirdi".

Bu sözləri Musavat.com-a açıqlamasında "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

Rauf Arifoğlu qeyd edib ki, illər keçsə də, müəllim-tələbə münasibətləri hər zaman davam edib:

"Daha sonra 1988-ci ildən başlayaraq qəribə təsadüf nəticəsində milli azadlıq hərəkatında yenidən qarşılaşdıq, meydanlarda görüşdük.

Sonralar Azərbaycan Xalq Cəbhəsinin qərargahında, daha irəliləyən dövrlərdə isə ictimai-siyasi proseslərin müxtəlif mərhələlərində davamlı olaraq rastlaşdıq. Köhnə müəllim-tələbə münasibətlərimiz illər keçsə də, davam etdi.

Fəzail Ağamalının millət vəkili olduğu dönəmdə də mən media rəhbəri kimi fəaliyyət göstərirdim və fasilələrlə də olsa, əlaqələrimiz qalırdı. Son dövrlərdə isə daha da yaxınlaşmışdıq. Musavat TV-nin efirində, verilişlərində mütəmadi çıxış edirdi.

Vətənpərvər, dövlətini sevən bir insan idi. Son olaraq da Güney Azərbaycandan olan soydaşlarımızla birlikdə gəlmişdi. Hər zaman Güney Azərbaycan davasını imkanı daxilində daşıyan və bu məsələni daim gündəmdə saxlayan şəxslərdən biri idi.
Allah rəhmət eləsin!

Millətimizə və yaxınlarına başsağlığı verirəm".

Xatırladaq ki, sabiq millət vəkili, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR