Onlayn ictimai-siyasi qəzet
“Tramp Çinə səfərə hazırlaşarkən Vaşinqton Pekinin iki şirkətinə qarşı sanskiya tətbiq edib. Həmin şirkətlər İrana peyk görüntülərinin ötürülməsində ittiham olunublar. Həmin görüntülərdə ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının koordinatları göstərilib. Vaşinqtonda hesab edirlər ki, SEPAH məhz həmin görüntülərdən istifadə edərək ABŞ-nin bölgədəki hərbi bazalarına zərbələr endirib”. Bu sözləri Musavat.com-a politoloq Elxan Şahinoğlu Ağ Ev liderinin 13-15 may aralığında Çinə səfəri ərəfəsində baş verənləri dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi İran ordusuna silah və texnologiya tədarükündə kömək edən Çin şirkətlərinə qarşı da sanksiya tətbiq edib. “Həmin şirkətlər İranın “Şahed” pilotsuz uçuş aparatlarının və ballistik raket proqramında istifadə olunan xammalın təmin edilməsində ittiham olunublar. ABŞ-nin Çin şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar Trampın Pekinə səfərinin gərgin keçəcəyindən xəbər verir”,_ deyə analitik belə təhlil edib.

Onun dediyinə görə, ABŞ-dakı uyğur təşkilatları Trampa çağırış edib: “Onlar prezidentin Çindəki görüşlərində uyğur problemlərinə toxunmasını istəyiblər. Trampdan həbsdə olan uyğur ziyalıların azad olunması mövzusunun müzakirəsi istənilib. Uyğur təşkilatlar hesab edirlər ki, Tramp bu mövzunu Pekində müzakirə etməsə, Çin hakimiyyəti bunu Ağ Ev sahibinin zəifliyi kimi qiymətləndirəcək. Tramp Pekində bir çox mövzunu müzakirə edəcək, ancaq onların içərisində uyğur mövzusunun olduğunu söyləmək çətindir. Halbuki Tramp birinci prezidentlik müddətində uyğurların hüquqlarının pozulmasına görə Konqresin qəbul etdiyi Çin hökumətinə qarşı sanksiyalar paketini təsdiq etmişdi. Konqresin qəbul etdiyi qanunda uyğurlara təzyiq göstərilməsinə görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edilirdi. Qanun iki növ məhdudiyyətləri nəzərdə tuturdu – aktivlərin dondurulması və viza məhdudiyyətləri. Qanunun qəbulunu sürətləndirən amillərdən biri ABŞ kəşfiyyat strukturlarının Çin hökumətinin Sinçzyan bölgəsindəki siyasəti və Çində yaşayan müsəlman azlıqların məcburi əməyə cəlb edilməsi barədə məlumatları idi”.
E.Şahinoğlu bildirib ki, digər tərəfdən həmin ərəfədə Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsində də Çində təxminən 1 milyona yaxın uyğurun hüquqlarının pozulduğu bildirilmişdi:
“Pekin sanksiyalara cavab olaraq “Sinçzyanda belə bir problemin olmadığını” bildirsə də, ABŞ Çinin uyğurları və müsəlman azlıqların digər nümayəndələrini sıxışdırmasına görə 28 şirkətə qarşı sanksiyalar tətbiq etmişdi. Məhdudiyyətlər ixrac və reixrac sahələrini əhatə edirdi”.
Cavanşir Abbaslı
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ