Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə uzun müddətdir davam edən münaqişə ilə bağlı diqqətləri özünə çəkən açıqlamalar verib. O bildirib ki, HƏMAS-ın və Qəzza zolağında fəaliyyət göstərən digər silahlı qruplaşmaların silahı yerə qoyması ilə bağlı razılaşma əldə olunub. Trampın sözlərinə görə, əldə edilən razılaşmaya əsasən, HƏMAS təşkilatı fəaliyyətini dayandıracaq, Qəzzada yerləşən bütün silahlı qruplaşmalar isə silahlarını təhvil verəcəklər.
Ağ Ev sahibi bildirib ki, razılaşmanın digər mühüm hissəsi İsrailin üzərinə götürdüyü öhdəliklə bağlıdır.
“HƏMAS təşkilatı ləğv ediləcək və Qəzza zolağında yerləşən bütün silahlı qruplaşmalar silahı yerə qoyacaqlar. Bu barədə razılaşma artıq əldə edilib. Netanyahu da öhdəlik götürüb ki, HƏMAS silahı yerə qoyandan sonra İsrail ordusu Qəzza zolağını tərk edəcək. Bu məsələdə vasitəçilik edən bütün ölkələrə, o cümlədən Türkiyəyə təşəkkür edirəm”, - deyə Tramp vurğulayıb.
Donald Trampın açıqlaması regionda yeni siyasi mərhələnin başlaya biləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, tərəflər arasında razılaşmanın hansı mexanizmlərlə həyata keçiriləcəyi, silahların təhvil verilməsi prosesinə kimlərin nəzarət edəcəyi və İsrail ordusunun Qəzzadan çıxmasının konkret vaxtı barədə hələlik ətraflı məlumat verilməyib.
Qeyd edək ki, rəsmi Təl-Əviv və HƏMAS tərəfindən Trampın səsləndirdiyi bu iddialarla bağlı hələlik geniş açıqlama yayılmayıb.
Trampın bəhs etdiyi razılaşma Yaxın Şərqdə uzunmüddətli sülhün əsasını qoya bilərmi? HƏMAS həqiqətən silahı yerə qoyacaqmı? İsrail ordusu razılaşma icra olunduqdan sonra Qəzzanı tam tərk edəcəkmi? Türkiyənin vasitəçiliyi bölgədə yeni diplomatik mərhələnin başlanğıcı sayıla bilərmi?

Musavat.com-un xəbərinə əsasən, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Yaxın Şərqdə hər hansı bir müqavimət hərəkatının silahı yerə qoyması nisbi anlayışdır:
“Bu, HƏMAS üçün də eyni dərəcədə keçərlidir. Son onilliklərin təcrübəsi göstərir ki, Yaxın Şərqlə bağlı əldə olunan razılaşmaların böyük əksəriyyəti uzunmüddətli və sabit olmayıb. Müxtəlif səbəblərdən bu razılaşmalar zaman-zaman pozulub, yeni siyasi və hərbi reallıqlar yaranıb. Xüsusilə Fələstin məsələsində bunun çoxsaylı nümunələrini görmək mümkündür. Müəyyən dövrlərdə nisbi sakitlik və sabitlik yaransa da, bu, problemin tam həll olunduğu anlamına gəlmir. Çünki münaqişənin əsas hüquqi və siyasi səbəbləri aradan qalxmadıqca, silahlı qrupların tam şəkildə fəaliyyətini dayandıracağını qəti şəkildə söyləmək çətindir. Bu baxımdan, silahlı birləşmələrin silahı müəyyən müddətə kənara qoyması mümkün olsa da, əsas münaqişə səbəbləri həll edilmədiyi təqdirdə yenidən silahlanma ehtimalı qalır. Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdə bu cür proseslər dövrü xarakter daşıyıb və siyasi-hüquqi həll əldə olunmadığı müddətdə oxşar ssenarilərin təkrarlanması ehtimalı yüksək olaraq qalır. Bu prosesdə Türkiyə xüsusi əhəmiyyət daşıyan aktorlardan biridir. Ümumilikdə HƏMAS-ın siyasi qanadına təsir imkanları ən çox olan ölkələrdən biri məhz Türkiyə hesab olunur. Ankara uzun illərdir hərəkatın siyasi qanadı ilə əlaqələr saxlayır, müxtəlif məsələlərdə dialoq kanallarını açıq tutmağa çalışır. Eyni zamanda ABŞ ilə yaxın münasibətlərə malik, NATO üzvü və müsəlman əhalisinin çoxluq təşkil etdiyi bir dövlət kimi Türkiyə dəfələrlə vasitəçilik təşəbbüsləri irəli sürüb və tərəflər arasında əlaqələndirici rol oynamağa çalışıb. Lakin nəzərə almaq lazımdır ki, HƏMAS daxilində müxtəlif baxışlara və fərqli yanaşmalara malik qruplar mövcuddur. Buna görə də təşkilatın siyasi qanadı ilə əldə edilən hər hansı razılaşmanın bütün strukturlar tərəfindən eyni şəkildə qəbul ediləcəyini qəti şəkildə söyləmək mümkün deyil. Məhz bu amil həm vasitəçilik prosesini çətinləşdirir, həm də əldə olunan razılaşmaların uzunmüddətli və davamlı olacağına dair ehtiyatlı yanaşma tələb edir. İsrail ordusu Qəzzanı tam tərk edə bilərmi? Bu suala cavab vermək çətindir. Çünki İsrail taktiki hərəkətə üstünlük verir”.
Cavanşir Abbaslı
Musavat.com
01 Avqust 2026
31 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ