Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İrana yönəlik siyasəti ilə bağlı diqqətçəkən iddia ABŞ siyasi dairələrində yeni müzakirə dalğası yaradıb. Ağ Ev sahibi Donald Tramp “Fox News” telekanalına verdiyi açıqlamada Vaşinqtonun İran hökumətinə qarşı planları barədə danışaraq, ölkə daxilində hakimiyyət əleyhdarlarına silah ötürülməsi cəhdlərinə toxunub.
Trampın sözlərinə görə, ABŞ bəzi regional aktorlarla birlikdə İranda mövcud hakimiyyətə qarşı çıxan qüvvələri dəstəkləməyə çalışıb. Bu çərçivədə silahların İranda yaşayan və rəsmi Tehrana müxalif mövqedə dayanan kürdlərə verildiyini, lakin həmin silahların gözlənilən şəkildə istifadə olunmadığını iddia edib.
ABŞ lideri bildirib ki, bu prosesdə gözlənilməz nəticələr ortaya çıxıb və müttəfiq kimi görülən bəzi qruplar Vaşinqtonu çətin vəziyyətdə qoyub. Onun sözlərinə görə, silahların başqa məqsədlər üçün deyil, həmin qruplar tərəfindən saxlanılması vəziyyəti daha da mürəkkəbləşdirib.
Tramp həmçinin qeyd edib ki, əvvəlcədən belə bir strategiyaya ehtiyatla yanaşıb və kürd qrupların silahları öz maraqları üçün istifadə edə biləcəyi barədə narahatlığı olub. O, bu məsələnin hələ də unudulmadığını xüsusi vurğulayıb.
Bu iddialar nə dərəcədə doğrudur? Kürdlər ABŞ-yə xəyanət edib? Vaşinqtonun regional müttəfiqləri ilə münasibətlərində gərginlik artırmı?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirib ki, Donald Trampın “Fox News”a açıqlamasında İrandakı etirazçılara silah göndərilməsi və həmin silahların kürd qrupları üzərindən ötürülməsi ilə bağlı dedikləri təkcə lokal əməliyyat uğursuzluğu kimi qiymətləndirilə bilməz:
“Bu etiraf Vaşinqtonun Yaxın Şərq siyasətində illərdir tətbiq etdiyi ikili standartların və gizli müdaxilə mexanizmlərinin açıq şəkildə ifşasıdır. Məsələ ondadır ki, ABŞ bir tərəfdən İranla diplomatik danışıqlar aparır, digər tərəfdən isə həmin ölkənin daxilində hakimiyyət əleyhinə silahlı müqavimət formalaşdırmağa çalışır. Bu, diplomatiya deyil, regionu daxildən parçalamaq cəhdidir. Masada sülhdən danışıb, arxada silah paylamaq Vaşinqtonun strateji tərəfdaş kimi nə qədər etibarsız olduğunu bir daha göstərir. Kürd qruplarının “biz silah almamışıq” açıqlaması da bu mənzərədə ayrıca diqqət çəkir. Çünki belə iddiaların açıq şəkildə səsləndirilməsi həmin qrupları həm İranın hərbi təzyiqi qarşısında, həm də regional güclərin diqqət mərkəzində riskli vəziyyətə salır. Görünən odur ki, Vaşinqton bu dəfə də özünü “aldadılmış tərəf” kimi göstərməyə çalışır. Halbuki problem kürd qruplarında deyil, başlanğıcdan yanlış qurulmuş kəşfiyyat və proksi strategiyasındadır. İran ətrafında baş verən proseslərə ayrıca yox, daha geniş geosiyasi xəritənin tərkib hissəsi kimi baxmaq lazımdır. Fevral ayından sonra bölgədə hərbi gərginliyin artması, enerji yollarına təzyiqin güclənməsi, sanksiya mexanizmlərinin genişləndirilməsi və Pakistanın vasitəçilik rolunun önə çıxması eyni zəncirin həlqələridir. Vaşinqton hərbi təzyiqlə Tehranın davranışını dəyişməyə çalışsa da, reallıqda idarə edə bilmədiyi daha böyük xaosun içinə girir. Bu prosesdə Pakistanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Nüvə gücü olan Pakistan həm regional balansı qorumağa, həm də İranla ABŞ arasında diplomatik kanalın tamamilə qırılmasının qarşısını almağa çalışır. Ona görə də İslamabadın hədəfə alınması təsadüfi deyil. Pakistanın vasitəçi kimi aktivləşməsi Vaşinqton və Təl-Əvivin bölgə planlarında ciddi narahatlıq yaradır”.
Siyasi təhlilçi hesab edir ki, Trampın bu etirafı həm də daxili auditoriyaya hesablanmış siyasi mesajdır:
“ABŞ-də enerji qiymətləri, müharibə xərcləri və ictimai narazılıq artdıqca Ağ Ev uğursuzluğu başqalarının üzərinə yıxmağa çalışır. Daxili auditoriyaya yönəlmiş mesajı belə oxumaq olar: “Biz silah verdik, imkan yaratdıq, amma yerli qüvvələr döyüşmədi”. Bu, müttəfiqi qorumaq yox, onu siyasi məsuliyyətin altına atmaq taktikasıdır. Əslində isə bu hadisə Vaşinqtonun Yaxın Şərqdəki proksi siyasətinin böhranını göstərir. ABŞ regionda müstəqil davranan dövlətləri zəiflətmək, enerji və təhlükəsizlik xətlərini öz nəzarətində saxlamaq istəyir. Amma hər dəfə eyni nəticə ortaya çıxır: silahlandırılan qruplar nəzarətdən çıxır, dövlətlərarası etimad dağılır, münaqişələr isə daha dərin mərhələyə keçir. İran ətrafındakı düyünü həll etmək adı ilə bütün regionu yeni qarşıdurmaya sürükləmək təhlükəli oyundur. Bu oyun təkcə Tehrana qarşı deyil, bütövlükdə müstəqil regional güc mərkəzlərinə qarşı yönəlmiş təzyiq siyasətidir. Bu xətt davam edərsə, növbəti mərhələdə hədəfin yalnız İran və Pakistanla məhdudlaşmayacağı aydındır. Vaşinqton anlamalıdır ki, Yaxın Şərq artıq əvvəlki Yaxın Şərq deyil. Region dövlətləri başqalarının geosiyasi planları üçün poliqona çevrilmək istəmir. Türkiyə, Azərbaycan və Pakistan kimi dövlətlərin formalaşdırdığı yeni strateji düşüncə bölgədə balansı dəyişir. Bu dövlətlər üçün əsas məsələ kiminsə proksi layihəsində iştirak etmək deyil, öz təhlükəsizlik arxitekturasını qurmaqdır.
Trampın etirafı bir şeyi açıq göstərir ki, artıq maska düşüb. Artıq məsələ demokratiya, insan haqları və ya etirazçılara dəstək ritorikası deyil. Söhbət regionu idarə olunan xaos vasitəsilə yenidən dizayn etmək cəhdindən gedir. Amma bu dəfə oyun əvvəlki kimi alınmaya bilər. Çünki bölgədə həm siyasi yaddaş, həm də müqavimət iradəsi əvvəlkindən daha güclüdür”.
Cavanşir Abbaslı
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ