İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın oğlu HƏDƏFDƏ - ŞOK DETALLAR

İran dövlət televiziyası ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampın başına 10 milyon dollarlıq mükafat qoyulduğunu açıqlayıb. İran Radio və Televiziya Korporasiyasına (IRIB) bağlı Kanal 3-də yayımlanan videoda Barronun yaşayışı və gündəlik həyatı ilə bağlı müxtəlif iddialar yer alırdı.

Videoda Barron Trampın harada olduğu, təhsili, cangüdənləri və şəxsi maraqları haqqında məlumat verilir, eyni zamanda, onu tapmaq istəyənlərə istiqamətlər təqdim olunur və sui-qəsd edənlərə 10 milyon dollar mükafat veriləcəyi bildirilir.

Məlumatın, “Trump Tower”in 58-ci mərtəbəsində Barron Trampla şəxsi görüş keçirdiyi iddia edilən bir qadın tərəfindən sızdırıldığı bildirilir. Xəbərdə, həmçinin, Barron Trampın Nyu-Yorkdakı “Trump Tower”dən Vaşinqtondakı bir təhsil müəssisəsinə təhlükəsizlik karvanı ilə getdiyi iddia edilib.

Ötən ay İran mediası ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın gündəlik həyatı ilə bağlı olduğu iddia edilən məlumatları və oğulları Barrona qarşı təhdidlərin yer aldığı videonu dərc edib. “Tasnim” agentliyinin paylaşımında Melaniya Trampın tez-tez ziyarət etdiyi yerlər və alış-veriş etdiyi iddia edilən mağazalar göstərilib.

SEPAH-ın oğul Trampa sui-qəsd planı mümkündürmü? Bu, Tehranın blefidirmi? ABŞ o halda mərhum Xameneinin indi ali rəhbər olan oğlu Müctəbanı hədəf seçərmi?

kamran2022.jpg (23 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İran dövlət televiziyasında (IRIB) və SEPAH-a yaxın media resurslarında ABŞ prezidenti Donald Trampın oğlu Barron Trampla bağlı yayımlanan kadrlar, eləcə də ortaya atılan 10 milyon dollarlıq “mükafat” iddiası real hərbi-əməliyyat planından ziyadə, Tehranın növbəti informasiya şousu və psixoloji təzyiq cəhdidir:

“Videoda təqdim olunan marşrutlar, təhsil müəssisəsi və şəxsi həyata dair təfərrüatlar böyük kəşfiyyat uğuru deyil, açıq mənbələrdən (OSINT) toplanmış adi məlumatların qabardılaraq auditoriyaya sızdırılmasıdır. Qasım Süleymani sui-qəsdindən və regional proksi şəbəkəsinin ciddi zərbələr almasından sonra Tehran rejimi öz daxili auditoriyasını eyforiyada saxlamaq üçün “ABŞ-nin ən dərin qatlarına belə nüfuz edə bilirik” görüntüsü yaratmağa çalışır. Lakin ABŞ ərazisində, xüsusən də Gizli Xidmətin (Secret Service) birbaşa mühafizəsində olan prezidentin ailə üzvünə qarşı belə bir addım atmaq rejim üçün birbaşa hərbi və siyasi intihara bərabərdir. Bu səbəbdən ortadakı məsələ 99% ehtimalla daxili və xarici auditoriyaya hesablanmış psixoloji blefdir. Lakin Tehran unutmamalıdır ki, bu cür bleflərin və təhdid ritorikasının da sınma nöqtəsi var. Əgər bu təhdidlər real addım cəhdinə və ya kəşfiyyat provokasiyasına çevrilərsə, Vaşinqtonun cavabı asimmetrik olacaq. Süleymani əməliyyatı bir daha göstərdi ki, ABŞ milli təhlükəsizlik prioriteti yarandıqda hədəf şəxslərin statusuna və ya tutduğu mövqeyə baxmır. İran tərəfi Ağ Ev rəhbərinin ailəsini hədəf almaq kimi bağışlanmaz bir səhv edərsə, ABŞ hərbi maşını və kəşfiyyatı cavab olaraq birbaşa rejimin varlıq sütununu - teokratik elitanı və ali rəhbər Müctəba Xameneini birbaşa hədəf sırasına daxil edəcək. Vaşinqton üçün bu, artıq adi cavab deyil, rejimin strukturunu çökdürmə əməliyyatı olacaq”.

Siyasi şərhçi bildirib ki, qarşıdurmanın şəxsi müstəviyə, liderlərin ailə üzvlərinə və övladlarına qədər endirilməsi beynəlxalq diplomatiya etikasının tamamilə pozulmasıdır:

“Bu cür aqressiv və radikal addımlar İranı qlobal miqyasda daha da təcrid edir, diplomatik kanalları tamamilə qapayır və Yaxın Şərqdən başlayaraq Cənubi Qafqaza qədər uzanan həssas təhlükəsizlik balansını ciddi risk altına atır”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR