İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın oğlunun toyunun pulunu kim ödəyib? 

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp-kiçiyin Baham adalarında keçirilən qapalı toyunun bəzi xərclərinin Rusiya hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov tərəfindən ödənildiyi iddia olunur.

Musavat.com xəbər verir ki, bu barədə ProPublica araşdırma yayımlayıb.

Araşdırmaya görə, Kremlyov Donald Tramp-kiçik və Bettina Andersonun toyuna dəvət olunan təxminən 50 nəfərdən biri olub. Bildirilir ki, rusiyalı iş adamı mərasim üçün özəl adalardan birinin icarəsini, atəşfəşanlığı və yüz minlərlə dollar həcmində digər xərclərin bir hissəsini ödəyib.

Kremlyovun komandasının toyun təşkilində də iştirak etdiyi iddia olunur. ProPublica yazır ki, ödənişlərin bir hissəsi IBA ilə əlaqəli Dubayda qeydiyyatdan keçmiş IB Challenger şirkəti vasitəsilə həyata keçirilib.

Toy may ayında Baham adalarında baş tutub və üç gün davam edib. Mərasimdə Donald Tramp-kiçiyin qardaşı Erik Tramp, ABŞ prezidentinin kürəkəni Cared Kuşner, eləcə də Kremlyov iştirak edib.

ProPublica-nın mənbələrinin sözlərinə görə, toyda rusiyalı qonaqların olması digər iştirakçıların diqqətini çəkib. Onların əsasən öz aralarında olduqları və rus dilində danışdıqları bildirilir.

Donald Tramp-kiçiyin nümayəndəsi Kremlyovun onun şəxsi dostu olduğunu bildirib və rusiyalı iş adamının toy xərclərinin bir hissəsini ödəməsi barədə məlumatı təkzib etməyib. Onun sözlərinə görə, tərəflər ortaq tanış vasitəsilə tanış olub, boks və istirahətə maraqları onları yaxınlaşdırıb.

Kremlyovun mətbuat xidməti də Donald Tramp-kiçiklə dostluğunu təsdiqləyib. Bildirilib ki, onlar bir neçə il əvvəl tanış olublar və Kremlyov Tramp-kiçiklə heç vaxt siyasi məsələləri müzakirə etməyib.

ProPublica isə belə maliyyə münasibətlərinin mümkün təsirləri ilə bağlı sual qaldırır.

FTB-nin keçmiş yüksək vəzifəli əməkdaşı Frenk Montoya nəşrə deyib:

“Əgər mən sənin toyunun pulunu ödəyirəmsə, müəyyən anda sən özünü mənə borclu hiss edə bilərsən”.

Kremlyovla Tramp-kiçik arasındakı münasibətlər bundan əvvəl də ictimaiyyət qarşısında görünmüşdü. 2025-ci ilin sentyabrında onlar İstanbulda IBA-nın boks konfransında birlikdə iştirak etmişdilər. Həmin tədbirdə Tramp-kiçik transgender qadınların qadın idmanında iştirakını tənqid etmişdi.

IBA bundan sonra yaydığı açıqlamada tərəflər arasındakı əməkdaşlığın “simvolik olaraq qalmayacağını” və yeni təşəbbüslərin olacağını bildirmişdi.

Araşdırmada Kremlyovun Rusiya hakimiyyət strukturları ilə uzunmüddətli əlaqələrinə də diqqət çəkilir.

“Proekt” nəşrinin daha əvvəl yaydığı məlumata görə, Kremlyov Rusiyanın hakimiyyət dairələrinə yaxınlığı ilə tanınan “Gecə canavarları” motosiklet klubunun üzvü olub. Məhz həmin çevrədə o, sonradan Rusiya prezidentinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edən Aleksey Rubejnı ilə yaxınlaşıb.

“Proekt” iddia edir ki, Rubejnı 2017-ci ildə Kremlyovun Rusiya Boks Federasiyasına rəhbər gətirilməsinə yardım edib.

2020-ci ildə Kremlyov Beynəlxalq Boks Assosiasiyasının prezidenti seçilib. IBA sonradan Rusiyanın dövlət enerji nəhəngi “Qazprom”dan maliyyə dəstəyi alıb.

2023-cü ildə Beynəlxalq Olimpiya Komitəsi IBA-nı Olimpiya boks yarışlarını təşkil etmək hüququndan məhrum edib. Qərarın səbəbləri sırasında təşkilatın maliyyə mənbələrinin şəffaflığı və Rusiya dövlət şirkətindən asılılığı ilə bağlı problemlər də göstərilib.

ProPublica-nın məlumatına görə, Kremlyov bir müddət ABŞ sanksiyalarına məruz qala və ya Amerika hüquq-mühafizə orqanlarının araşdırmasının obyektinə çevrilə biləcəyindən narahat olub.

İndi isə onun ABŞ prezidentinin oğlunun üçgünlük toyunun bəzi xərclərini ödəməsi barədə məlumat Vaşinqtonda mümkün maraqlar və təsir əlaqələri ilə bağlı yeni suallar yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR