İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə bu ölkəni də “yeni NATO”ya gətirir - İLGİNC DETALLAR

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə Birgə Müdafiə Sazişinin dairəsinin genişləndirilməsi yenidən gündəmə gəlib. Avqustun 7-də imzalanan sazişlə bağlı Ankara artıq növbəti ünvanı da müəyyənləşdirib, bu, Misirdir. Türkiyə rəsmiləri Qahirənin də bu təhlükəsizlik mexanizminə qoşulmasını istəyir və bununla bağlı danışıqların sazişin imzalandığı ilk gündən aparıldığını bildirir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin Əl-Alameyn şəhərində həmkarı Bədr Əbdül Ati ilə görüşdən sonra keçirilən mətbuat konfransında Ankaranın Qahirənin sazişə qoşulacağına ümid etdiyini açıqlayıb. Misir tərəfi isə məsələyə ciddi şəkildə baxıldığını bildirir. Beləliklə, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında qurulan yeni müdafiə mexanizminin daha geniş regional əməkdaşlıq platformasına çevrilməsi ehtimalı artır.

Misirin Məkkə sazişinə qoşulması regionda hansı yeni siyasi və hərbi imkanlar yarada bilər? Qahirənin bu ittifaqa daxil olması Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı mexanizmi daha güclü regional platformaya çevirəcək?

AZER SON.jpeg (14 KB)

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirib ki, Misirin Məkkə Paktına qoşulması reallaşarsa, bu sazişin tədricən Yaxın Şərqin əsas təhlükəsizlik platformalarından birinə çevrildiyini bir daha göstərəcək:

“Burada ərəb dövlətlərinin əsas məqsədlərindən biri öz təhlükəsizliklərinin təmin edilməsində Türkiyənin imkanlarından istifadə etməkdir. Türkiyə həm silahlı qüvvələrinin potensialına, həm ABŞ ilə sıx əlaqələrinə, həm də NATO daxilindəki siyasi və hərbi nüfuzuna görə regionda mühüm təhlükəsizlik aktorudur. Bu baxımdan ərəb dövlətləri qardaş ölkəni yalnız regional güc kimi deyil, eyni zamanda daha geniş beynəlxalq təhlükəsizlik sisteminə çıxışı olan bir tərəfdaş kimi görürlər. Xüsusilə son dövrdə Yaxın Şərqdə təhlükəsizliklə bağlı narahatlıqların artması bu əməkdaşlığın əhəmiyyətini daha da yüksəldir. Misirin də bu pakta qoşulması məsələyə tamamilə yeni çalar gətirər. Misir özü regionun kiçik və zəif dövlətlərindən biri deyil. Əksinə, əhalisi, iqtisadi və siyasi çəkisi, həmçinin hərbi potensialı baxımından ərəb dünyasının əsas dövlətlərindən biridir. Ona görə də Misirin bu təhlükəsizlik mexanizminə daxil olması baş tutarsa, bu, sadəcə daha bir ölkənin sazişə qoşulması kimi qiymətləndirilməməlidir. Bu, Yaxın Şərqdə yeni geosiyasi və təhlükəsizlik mənzərəsinin formalaşdığını göstərən mühüm hadisə olacaq”.

Siyasi şərhçinin sözlərinə görə, əslində burada daha geniş bir proses müşahidə olunur:

“Ərəb dövlətləri dəyişən regional şərait fonunda öz təhlükəsizliklərini təmin etmək üçün Türkiyənin hərbi və diplomatik imkanlarından daha çox yararlanmağa çalışırlar. Bu isə Türkiyənin Yaxın Şərqdə təhlükəsizlik strukturunda rolunun getdikcə güclənməsi deməkdir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR