İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukraynaya raket verir? – Ankara ilə Moskva arasında SKANDAL

Türkiyənin Ukraynaya ABŞ istehsalı uzaqmənzilli raket və artilleriya sistemləri verməyə hazırlaşması xəbəri Rusiya mediasında sərt reaksiyalara səbəb olub. “Svobodnaya Pressa” bu barədə material dərc edib. Məlumata görə, söhbət 12 ədəd M270 reaktiv yaylım atəşi sistemi, 70 ədəd M39 ATACMS ballistik raketi, 2 524 ədəd M26 raketi və 47 min 203 millimetrlik M509A1 kasetli artilleriya mərmisindən gedir. ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi bildirişdə bu silahların Türkiyədən Ukraynaya ötürülməsinə dair prosedurun başladığı qeyd olunur.

Türkiyə-Rusiya münasibətləri yenidən gərginləşir

Türkiyənin Ukraynaya ABŞ istehsalı uzaqmənzilli raket və artilleriya sistemləri verməsi Rusiya-Türkiyə münasibətlərini gərginləşdirə və münasibətləri poza bilərmi?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Türkiyənin Ukraynaya ABŞ istehsalı uzaqmənzilli raket və artilleriya sistemləri ötürməyə hazırlaşması Ankara ilə Moskva arasındakı münasibətlərdə yeni sınaq yarada bilər: “Haqqında məlumat yayılan silah paketinin xüsusilə diqqətçəkən hissəsi 70 ATACMS raketi və onları buraxa bilən 12 M270 sistemidir. ATACMS Ukrayna ordusuna Rusiya ərazisinin dərinliyindəki hədəflərə zərbə imkanlarını genişləndirə biləcək uzaqmənzilli vasitələr təqdim edir. Rusiya üçün əsas problem Türkiyənin Ukraynaya silah satması deyil. Ankara bunu əvvəllər də edib. Müharibənin ilk mərhələsindən etibarən Türkiyə Ukraynaya “Bayraktar TB2” pilotsuz uçuş aparatları, müxtəlif hərbi texnika və digər müdafiə vasitələri təqdim edib. Lakin ATACMS məsələsi keyfiyyət baxımından fərqlidir.  Söhbət döyüş meydanında uzaqmənzilli zərbə imkanını artıran ballistik raketlərdən gedir. Buna görə Moskva Ankaranın bu addımını Ukraynanın hərbi imkanlarının gücləndirilməsi kimi qiymətləndirə bilər. Rusiya mediasının sərt reaksiyasının əsas səbəbi də budur və yəqin ki, rəsmi dairələrin təlimatı ilə yazılar tirajlanır”.

CROSSMEDIA - Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirir?- ŞƏRH

Ekspertin fikrincə, silahların transferinə başlananda Ankara-Moskva münasibətlərində gərginliyin media müstəvisini aşacağı ehtimalı var: “Rusiya böyük ehtimalla ilk mərhələdə diplomatik və siyasi reaksiyalarla kifayətlənməyə çalışacaq. Çünki Türkiyə ilə münasibətlərin tamamilə pozulması Moskvanın da maraqlarına uyğun deyil. Rusiya üçün Türkiyə mühüm regional tərəfdaşdır. Ankara Qara dənizdə, Cənubi Qafqazda, Yaxın Şərqdə və enerji marşrutları məsələsində Moskvanın nəzərə almalı olduğu əsas aktorlardan biridir. Buna görə Kremlin qarşısında müəyyən dilemma yaranır. Türkiyənin Ukraynaya silah verməsinə sərt cavab vermək Ankara ilə digər strateji əlaqələri təhlükə altına sala bilər, yumşaq reaksiya isə Rusiyanın Ukraynaya qarşı müharibəsində Türkiyənin rolunun genişlənməsinə şərait yarada bilər. Bu səbəbdən Moskvanın daha çox siyasi təzyiq, diplomatik xəbərdarlıq vasitələrindən istifadə etməsi ehtimalı yüksəkdir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR