Onlayn ictimai-siyasi qəzet
Türkiyədə ictimaiyyətdə Süleymançılar kimi tanınan dini qrupun lideri Alihan Kurişlə bağlı aparılan istintaq getdikcə böyüyür.
Musavat.com xəbər verir ki, Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatında Kurişlə əlaqələndirilən şirkətlər üzərindən 66 milyard lirəni aşan nəhəng pul dövriyyəsi müəyyən edilib.
Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hazırlanan MASAK hesabatında maliyyə əməliyyatlarının bir hissəsinin mənbəyinin şübhə doğurduğu, pul hərəkətlərinin təşkilatlanmış şəkildə həyata keçirilmiş ola biləcəyi qiymətləndirilib.
İstintaq materiallarına görə, 13 avqustda Alihan Kurişin rəhbərlik etdiyi bildirilən quruma qarşı əməliyyat keçirilib. 49 şübhəli barədə saxlanılma qərarı verilib və onlardan 33-ü saxlanılıb. İstintaq cinayətkar təşkilat yaratmaq və idarə etmək, cinayətkar təşkilata üzv olmaq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlət qurumlarına qarşı dələduzluq və vergi qanunvericiliyinin pozulması maddələri üzrə aparılır.
MASAK-ın araşdırdığı maliyyə şəbəkəsinin miqyası xüsusilə diqqət çəkir. Hesabatlarda şirkətlərdən birinin bank əməliyyatlarının həcminin 66,2 milyard lirəni keçdiyi, 26,2 milyard lirə həcmində isə nağd pul yatırılması əməliyyatlarının olduğu göstərilir.
Pul trafiki yalnız Türkiyə daxilində qalmayıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ daxil olmaqla çoxsaylı ölkələrlə maliyyə əməliyyatları müəyyənləşdirilib. MASAK materiallarında Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Hindistan, Qazaxıstan, Mərakeş, İspaniya, İordaniya, Bosniya və Herseqovina, Şri-Lanka, İndoneziya və Albaniya ilə əlaqəli hesablar da göstərilir.
Diqqətçəkən məqamlardan biri İstanbul Hisar Turizm ve Ticaret AŞ ilə bağlıdır. Məlumata görə, şirkətdən təkcə Səudiyyə Ərəbistanı və BƏƏ istiqamətində təxminən 8 milyard lirəlik pul çıxışı qeydə alınıb. Səudiyyə Ərəbistanına 4,86 milyard lirədən, BƏƏ-yə isə 3,16 milyard lirədən çox vəsaitin çıxması göstərilir.
Almaniya bağlantısı
Alihan Kuriş və onun rəhbərlik etdiyi dini qrupun Almaniyadakı fəaliyyəti isə ayrıca diqqət mərkəzindədir. Süleymançıların Almaniyadakı əsas təşkilatı İslam Kültür Merkezleri Birliyi – VIKZ-dir. Köln şəhərində bu qurum üçün nəhəng yeni mərkəz inşa olunur.
Mətbuatda yayılan məlumatlara görə, Köln-Müngersdorfda yerləşən kompleks təxminən 17 min kvadratmetrlik ərazidə qurulur. Burada idarəetmə ofisləri, 881 nəfərlik ibadət sahəsi, 231 yerlik tələbə yataqxanası, 400 nəfərlik konfrans və mərasim zalı, kommersiya sahələri və 172 avtomobillik dayanacaq nəzərdə tutulub. Layihənin dəyərinin təxminən 70 milyon avro olduğu bildirilir.
Almaniya ilə bağlı müxtəlif siyasi və media məlumatları da mövcuddur. Xüsusilə layihəyə Almaniya dövlətinin maliyyə dəstəyi verməsi barədə məlumatlar səsləndirilib. VIKZ-nin açıqlamasına istinad edən məlumatlarda isə kompleksin maliyyələşdirilməsinin üzvlük haqları, ianələr və kreditlər hesabına həyata keçirildiyi bildirilir.
Bununla belə, Kölnün Süleymançıların Avropadakı əsas təşkilati mərkəzlərindən birinə çevrilməsi diqqət çəkir. Yeni kompleksin dini fəaliyyətlə yanaşı idarəetmə, təhsil, yaşayış və təşkilati funksiyaları bir yerdə cəmləşdirməsi qrupun Avropadakı institusional imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
2026-cı ilin fevralında Köln şəhərində VIKZ-nin Villa Hahnenburgdakı mərkəzində keçirilmiş iftar mərasimində ABŞ-nin Düsseldorf baş konsulunun iştirak etməsi, Türkiyə Baş Konsulluğu və Diyanet İşləri Türk İslam Birliyi nümayəndələrinin isə tədbirdə görünməməsi Türkiyə mediasında ayrıca müzakirə mövzusu olmuşdu.
Alihan Kuriş 2016-cı ildə Arif Ahmet Denizolgunun ölümündən sonra Süleymançıların rəhbərliyinə keçib. Son illərdə qrupun xüsusilə Avropadakı təşkilatlanması, şirkətləri, maliyyə mənbələri və böyük həcmli daşınmaz əmlak layihələri Türkiyə mediasında mübahisələr doğurub.
Kurişin və Süleymançıların Almaniya və digər xarici ölkələrlə əlaqələri də Türkiyədə diqqətlə izlənilir. Qrupun Avropadakı geniş təşkilati şəbəkəsi, Almaniyadakı iri mərkəzləri və müxtəlif ölkələri əhatə edən maliyyə əlaqələri hazırkı istintaq fonunda xüsusi maraq doğurur. Mövcud istintaqda əsas istiqamətlərdən biri maliyyə şəbəkəsi, milyardlarla lirəlik pul hərəkətləri və prokurorluğun araşdırdığı təşkilatlanmış cinayət əməlləridir.
İndi istintaqın ən mühüm istiqamətlərindən biri bu nəhəng pul axınının mənbəyinin, xaricdəki hesabların kimlərə məxsus olduğunun və vəsaitlərin hansı məqsədlərlə ölkədən çıxarıldığının müəyyənləşdirilməsi olacaq.
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ