İnsanlara hürriyət, millətlərə istiqlal!

Uqanda prezidenti 7-ci müddətə yenidən seçildi

Afrikanın ən sabit ölkələrindən biri - 52 milyon əhalisi olan Uqandada keçirilən prezident seçkilərində 81 yaşlı Yoveri Museveni 40 il əvvəl olduğu kimi yenə qalib gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, səslərin 76%-dən çoxunu toplayaraq, əsas rəqibi, müğənni-reper və gənclərin lideri Bobi Vayn (əsl adı Robert Kyagulanyi Ssentamu) da daxil olmaqla altı müxalifətçini məğlub edib. Səsvermədən dərhal sonra Vayn yoxa çıxıb.

Müxalifət qüvvələri, eləcə də müxtəlif beynəlxalq təşkilatlar hökuməti səsvermə saxtakarlığında, kütləvi həbslərdə və seçkilərdən üç gün əvvəl ölkə miqyasında internetin bağlanmasında günahlandırıblar. Lakin hakimiyyət orqanları bunu əhalinin "düzgün səs verməsini" təmin etmək üçün etdiklərini və onları əsasən Qərb mediasından gələn yalan məlumatlara inanmaqdan çəkindirdiklərini iddia ediblər.

Qeyd edək ki, bir sıra Afrika ölkələrində liderlərin yaşı 80-dən çoxdur.

Museveni hərbçidir. O, Uqandanı dünyaya ən mənfi şəkildə göstərən iki hökmdardan sonra hakimiyyətə gəlib. Onlardan biri 1966-cı ildə kralı devirən baş nazir Milton Obote idi. O, öz vətəndaşlarına qarşı elə vəhşiliklər (həbslər, işgəncələr və yerli olmayan xalqların qovulması) törədib ki, ordu onu devirməyə və "dərhal qayda-qanunu bərpa etməyə" məcbur olub.

Daha sonra hərbi çevriliş yolu ilə hakimiyyətə qitə tarixinin ən qəddar lideri olan general İdi Amin gəlib. Oxuyub- yazmağı bacarmayan Aminin yeddi arvadı və 50 övladı olub. O, özünə müxtəlif orden və medallar verib və hətta özünü Şotlandiyanın "qanuni hökmdarı" elan edib. İ.Amin 10 il hakimiyyətdə qalıb, 1979-cu ildə Tanzaniya ordusu tərəfindən devrilib, ömrünün son illərini Səudiyyə Ərəbistanında yaşayıb və 75 yaşında orada ölüb.

1986-cı ildən bəri Uqandaya Museveni rəhbərlik edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR