Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Slavyansk və Kramatorsk istiqamətində bir neçə ay davam edən və informasiya sükutu şəraitində aparılan əməliyyat nəticəsində cəbhədə vəziyyəti öz xeyrinə dəyişdirdiyi bildirilir.
Musavat.com xəbər verir ki, Ukrayna qüvvələri Liman istiqamətində Şandriqolovo çıxıntısını aradan qaldıraraq Rusiya qoşunlarını geri çəkilməyə məcbur edib.
Fransalı OSINT analitiki Kleman Molenin hesablamalarına görə, Ukrayna ordusu dörd ay ərzində 200 kvadrat kilometrdən çox ərazini Rusiya qüvvələrindən təmizləyib.
Maraqlıdır ki, Ukrayna tərəfi əməliyyat barədə demək olar ki, heç bir açıqlama verməyib. Ərazinin itirildiyini Rusiyanın Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan “Rıbar” hərbi kanalı da faktiki olaraq təsdiqləyib. Kanalın son xəritəsində sözügedən ərazi artıq Ukrayna ordusunun nəzarətində göstərilir.
Conflict Intelligence Team-in təsisçisi Ruslan Leviyevin sözlərinə görə, Şandriqolovo çıxıntısı Slavyansk və Kramatorska gələcək hücum baxımından mühüm əhəmiyyət daşıyırdı. Rusiya qüvvələrinin planının şəhərləri cinahlardan əhatəyə alaraq Ukrayna ordusunun logistikasını dronlarla kəsmək olduğu bildirilir.
Leviyev hesab edir ki, çıxıntının itirilməsindən sonra Slavyansk və Kramatorsk uğrunda mümkün döyüşlər qeyri-müəyyən müddətə təxirə düşüb.
Rusiyalı hərbi bloqer Oleq Tsaryov isə Ukraynanın informasiya sükutunu məqsədli taktika hesab edir. Onun fikrincə, Ukrayna tərəfinin uğurları barədə yüksək səslə danışmaması Rusiya ordusunda problemləri yuxarı rəhbərliyə çatdırmaqdan çəkinən komandirlərin yanlış məruzələr verməsinə şərait yaradıb.
“Görünür, məlumat yuxarıya çatmır”, – deyə Tsaryov bildirib.
Mənbənin hesablamasına görə, Şandriqolovo çıxıntısının itirilməsi nəticəsində cəbhə xətti bəzi istiqamətlərdə 10–15 kilometr geri çəkilib, Svyatoqorsk isə hazırda təxminən 25 kilometr arxada qalıb.
Bundan əvvəl, fevral-avqust aylarında Ukrayna qüvvələrinin Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərinin kəsişdiyi ərazidə də informasiya sükutu şəraitində əməliyyat keçirdiyi və 745 kvadrat kilometr ərazini geri aldığı iddia edilmişdi.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ