Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresində Ukraynaya yeni maliyyə və "Lend-liz" dəstəyini nəzərdə tutan tarixi sanksiya paketinin müzakirə edildiyi 4 iyun tarixində, ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın Ukraynadakı hərbi gələcəyini darmadağın edən şok bəyanatlarla çıxış edib.
Musavat.com xəbər verir ki, Nümayəndələr Palatasında keçirilən rəsmi dinləmələrdə çıxış edən ABŞ-ın baş diplomatı, rəsmi Moskvanın Ukrayna cəbhəsində hər hansı bir hərbi uğur qazanacağına qətiyyən inanmadığını bəyan edib. Rubionun sözlərinə görə, Kremlin hərbi maşını tamamilə iflic vəziyyətinə düşüb və rəsmi Moskva müharibənin ilk günündə qarşısına qoyduğu strateji hədəflərin heç birinə tək bir addım da yaxınlaşa bilməyib.
ABŞ Dövlət katibi Rusiyanın danışıqlar masasında irəli sürdüyü sərt şərtləri belə hərbi yolla diktə etmək gücündə olmadığını vurğulayaraq deyib: "Dünyadakı bir çox müstəqil müşahidəçilər, hətta Rusiyanın öz daxilindəki bəzi ayıqbaşlı insanlar artıq heç bir şübhə etmirlər ki, Ukraynaya edilən bu hərbi təcavüz Rusiya dövləti üçün tam bir strateji fəlakətə çevrilib. Bizim rəsmi qənaətimizə görə, bu müharibənin heç bir hərbi həlli yoxdur və o, gec-tez mütləq danışıqlar masası arxasında başa çatmalıdır".
Marko Rubio son bir ay ərzində Ukrayna Silahlı Qüvvələrinin cəbhədə böyük taktiki uğurlar qazandığını bildirərək, Rusiya ordusunun canlı qüvvə itkiləri ilə bağlı hərbi tarixə düşəcək qorxulu sirləri də faş edib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ən son məxfi kəşfiyyat məlumatlarına istinad edən dövlət katibi, rusların cəbhədə hər ay dəhşətli sayda – düz 5000 əsgər itirdiyini və söhbətin yaralılardan yox, birbaşa ölənlərdən getdiyini qeyd edib.
"Pentaqonun məlumatlarına görə, dünya hərb tarixində ilk dəfədir ki, bir münaqişədə Rusiya tərəfindən ölənlərin sayı yaralananların sayını rəsmən üstələyib. Ukraynalılar təkcə cəsarətlə vuruşmurlar, onlar həm də son dərəcə effektiv və peşəkar şəkildə döyüşürlər", – deyə Rubio öz sensasiyalı çıxışını tamamlayıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ