Onlayn ictimai-siyasi qəzet
“Qarşıdakı mərhələ sülh mərhələsi olacaq və Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri daha da intensiv xarakter alacaq. Ona görə də məncə bizim sahibkarlar elə davranmalıdırlar ki, tam əksinə, biz Ermənistan bazarını ixracat məhsulları ilə dolduraq, üstünlük bizdə olsun”.

Bu barədə Milli Məclisin əslən Qərbi Azərbaycandan olan deputatı Hikmət Babaoğlu Musavat.com-a bildirib.
Deputat qeyd edib ki, Ermənistandan Azərbaycana idxal olunacağı gözlənilən məhsullar barədə açıqlanan məlumatlarla tanış olduqda suallar meydana gəlir:
“Bildirilir ki, alüminium məhsulları, falqa istehsalı üçün xammal, molibden məhsulları, əlvan metallurgiya məhsullarının Ermənistan tərəfindən Azərbaycana satılacağı gözlənilir. Bütün bu məhsulların xammalı da, faydalı qazıntı kimi metallurgiya növləri də Azərbaycanda daha çox mövcuddur. Ona görə məncə biz özümüzü Ermənistandan asılı vəziyyətə salmalı deyilik. Tam əksinə, biz bu malları Ermənistana, dünyaya ixrac etməliyik. İkincisi, məlumatlarda Ermənistandan Azərbaycana tekstil mallarının satılacağı qeyd olunur. Tekstil üçün Ermənistanda pambıq sahələri çox azdır. Ermənistan ərazilərinin coğrafi relyef quruluşu elədir ki, çox az hissəsində cüzi miqdarda pambıq istehsal oluna bilər. Lakin Azərbaycan ənənəvi pambıq ölkəsidir. Belə olduğu halda nəyə görə biz Ermənistandan tekstil məhsulları idxal etməliyik? Belə çıxır ki, onlar gəlib bizdən xammal kimi çox ucuz qiymətə pambıq alacaqlar və həmin pambıqdan hazırladıqları tekstil məhsullarını bizə satacaqlar. Buna da qətiyyən yol vermək olmaz. Açıqlanan məlumatda Ermənistandan Azərbaycana diri heyvanların satılacağı qeyd olunur. Heyvandarlıq üçün təkcə Azərbaycanın Qarabağ torpaqları bir dəryadır. Aran və yaylaq ənənəsi həmişə bizdə mövcud olub. Nəyə görə bizdə son 4 ildə iri buynuzlu və xırda buynuzlu heyvanların sayı müvafiq olaraq 1 milyon, 2 milyon baş azalmalıdır ki, biz də Ermənistandan diri heyvan, ət idxal edək?
İstixana üçün Azərbaycan ən uyğun coğrafiyadır. Qaz bizim, torpaq bizim isti hava iqlim bizim lehimizədir. Nəyə görə istixana məhsullarını Ermənistandan idxal etməliyik? Ermənistan üzümçülük ölkəsi də deyil. Sovet dövründə Azərbaycan 3 milyon tona qədər üzüm istehsal edirdi və özünün istehsal elədiyi üzüm şərabçılığın böyük inkişaf yolu keçməsinə şərait yaradırdı. Nəyə görə biz bu cür imkanlarımız olduğu halda konyakı Ermənistandan idxal eləməliyik? Bax, bu sualların cavabını axtarmalıyıq, sonra idxal məsələsi barədə düşünməliyik. Bu şeylər doğrusu, mənim daxilən milli qürurumla toqquşur”.

Ermənistan məhsulları Azərbaycana idxal olunacağı halda istehlak edib-etməyəcəyinə gəlincə, H.Babaoğlunun bu məsələdə də özünəməxsus mövqeyi var:
“Mən yalnız doğulduğum torpaqların ətri gələn kənd təsərrüfatı mallarını-meyvələri istehlak edəcəyəm. İllər öncə mən Bakıda 8-ci kilometr Bazarında Barana rayonunun-yəni ermənilərin Noyamberyan dediyi rayonun Körpülü kəndinin şaftalısını qoxusundan tanımışam. Gürcüstanın Sadaxlı məntəqəsi üzərindən Gürcüstana idxal edilən həmin şaftalı Gürcüstandan Azərbaycan bazarına gətirilib çıxarılmışdı. Mən onu qoxusundan tanıdım və aldım. Vətən qoxusu gələn meyvələri istehlak edəcəyəm. Amma digər məhsulların idxal olunmasının mümkün qədər əleyhinə olmaq lazımdır. Daha çox biz ixrac etməliyik. Yəni fəlsəfə bundan ibarət olmalıdır”.
Etibar Seyidağa,
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ