İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə insanlar niyə batır? – Ekoloqdan “yarğan” iddialarına CAVAB

Son dövrlər Xəzərdə suda boğulma hallarının artması ciddi narahatlıq doğurur. Hadisələrdən sonra isə cəmiyyətdə eyni sual yenidən gündəmə gəlir: İnsanlar niyə dənizdə batır?

Əhali arasında geniş yayılan fikirlərdən biri Xəzərin dibində yarğan və çökəkliklərin yaranması ilə bağlıdır. İddialara görə, insan sahildən çox uzağa getməsə belə, gözlənilmədən belə çökəkliyə düşə bilər.

Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında Xəzərdə son dövrlər baş verən boğulma hallarının səbəbləri ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Ə.Əliyev qeyd edib ki, Xəzərdə boğulmaların əsas səbəbini dənizin dibində yarğan və çatların yaranması ilə əlaqələndirmək düzgün deyil: “Bu məsələ artıq böyük sensasiyaya, gündəmi zəbt edən məsələyə çevrilib. Əvvəllər də Xəzərdə çimərliklərdən istifadə edirdik. Təəssüf ki, son illərdə dəniz çimərliklərində qorunma tədbirləri görülməyib. Qadağaların sərtləşdirilməsi barədə də ciddi düşünülməyib.

Xəzərin dibində böyük çatların yaranması mümkün deyil. Yer qabığında belə çatların əmələ gəlməsi üçün 9-10 ballıq güclü zəlzələlər baş verməlidir. Xəzər dənizinin dibini görməyən adam orada hansısa problem olduğunu iddia edə bilməz. Mən isə elmi cəhətdən əsaslandıraraq deyirəm ki, Xəzərin dibində belə bir dəyişiklik baş verməyib".

Ekoloq əlavə edib ki, bəzi insanlar spirtli içki qəbul edir və sonra dənizə girirlər: “Nəticədə bədəndəki isti mühitlə soyuq mühit toqquşur. Soyuq suya qəfil daxil olduqda qıcolma baş verə, damarlar qəfil yığıla bilər. Buna “sauna effekti” deyirlər. Bundan başqa, gecə saatlarında çimmək, fövqəladə hallarla bağlı rəsmi təhlükəsizlik təlimatlarına əməl etməmək də riskləri artırır”.

Ənvər Əliyev dənizin dibindən qum götürülməsi barədə deyilənlərə toxunaraq deyir ki, qum götürülsə də dəniz 5-10 gün ərzində ən dərin çökəkliyi, hətta quyunu belə qumla doldura bilir, ona görə də Xəzərin dibində böyük çatların yaranması ilə bağlı iddiaları əsaslı deyil.

“Xəzər dənizinin suyunun duzluluğu ilə bağlı bildirilir ki, Xəzərin suyu dünya okeanından daha az duzludur və bunun insanın suda batmasına təsiri var. Bəli, Xəzərin duzluluğu dünya okeanından təxminən 3-4 dəfə azdır. Aralıq dənizində, o cümlədən Türkiyə sularında duzluluq təxminən 35 promildir, Xəzərdə isə bu göstərici 14 promil civarındadır. Amma bu, insanın suda batmasının əsas səbəbi ola bilməz. Bunu bunu boğulmaların səbəbi kimi təqdim etmək doğru deyil” – ekoloq bildirib.

Onun fikrincə əsas məsələ təhlükəsizlik qaydalarına əməl olunmamasıdır: “Burada bəzi icra orqanlarının, bəzi hallarda fövqəladə hallar əməkdaşlarının məsuliyyəti var. İnsan özü bilməlidir ki, bütün təhlükəsizlik qaydalarına, həm də onların bütün detallarına əməl etmək lazımdır. Su ilə zarafat etmək olmaz”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR