İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-da yeni ideoloji xətt anonsu

Hakim partiyadan açıqlama: “Bu gün şərtlər dəyişib”

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında partiyanın ideoloji fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.

İlham Əliyev partiya qarşısında düzgün ideoloji işin qurulması, bu istiqamətdə yeni və müasir fəaliyyət üsullarından istifadə edilməsi barədə tələb qoyub. Prezident xüsusilə şablonlardan, yalnız hesabat naminə keçirilən tədbirlərdən və formal xarakter daşıyan addımlardan uzaq durulmasının vacibliyini vurğulayıb.

Bu, əslində hakim partiyanın qarşısında yalnız təşkilati deyil, həm də ideoloji və kommunikasiya baxımından yenilənmə vəzifəsinin qoyulması deməkdir. Çünki cəmiyyətin informasiya əldə etmək və siyasi proseslərdə iştirak formaları dəyişib. Xüsusilə gənc nəsillə ünsiyyət artıq yalnız konfranslar, toplantılar və klassik təbliğat vasitələri ilə məhdudlaşmır.

Sosial şəbəkələr, rəqəmsal media və yeni kommunikasiya platformaları siyasi təşkilatlar üçün əsas təsir və ünsiyyət kanallarına çevrilib. Buna görə də Prezidentin “müasir ideoloji iş” çağırışı YAP-ın cəmiyyətlə münasibətlərində yeni metodlara ehtiyac olduğunu göstərən mesaj kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, “hesabat üçün keçirilən tədbirlər” və “formal xarakter daşıyan addımlar” ifadələri diqqətçəkəndir. Bu, yalnız tədbirlərin sayının artırılmasının və görülən işlər barədə hesabatların təqdim edilməsinin kifayət etmədiyi anlamına gəlir. Əsas məsələ ideoloji fəaliyyətin real nəticə yaratması, insanlara təsir göstərməsi və cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsidir. Bu baxımdan qarşıdakı dövrdə YAP-ın ideoloji fəaliyyətində hansı dəyişikliklərin baş verəcəyi maraq doğurur. Partiyanın xüsusilə gənclərlə iş, sosial şəbəkələrdə fəaliyyət, yeni siyasi dil və cəmiyyətlə birbaşa kommunikasiya istiqamətlərində daha çevik mexanizmlər formalaşdırması gözlənilə bilər.

Prezidentin çıxışındakı bu tezis həm də YAP qarşısında “ənənəvi siyasi partiya fəaliyyəti”ndən daha müasir və nəticəyönümlü siyasi təşkilat modelinə keçid məsələsini aktuallaşdırır.

İlham Əliyevin tələbləri  hakim partiyanın ideoloji fəaliyyətində ciddi dəyişikliklərin anonsudurmu? YAP cəmiyyətlə, xüsusilə gənclərlə daha effektiv kommunikasiya qurmaq üçün hansı yeni mexanizmlərə keçməlidir.

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...” |  Modern.az

Hikmət Babaoğlu

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, partiyanın son qurultayında Azərbaycan Prezidenti müstəqil dövlətçiliyimizin tarixinə ekskurs edərək xronoloji ardıcıllıqla qələbəmizə gələn yolu təhlil etdi və bu prosesdə böyük dövlət xadimi Ulu öndərin hakimiyyətə gəlməyini, YAP-ın yaradılmasını xüsusi bir mərhələ kimi qiymətləndirdi: “Şübhəsiz ki, bütün partiyalar siyasi, ideoloji və siyasi dəyərlər pradiqmaları üzərində öz fəaliyyətlərini qururlar. Yeni Azərbaycan Partiyasının ideoloji işi təşkil etməsi sadəcə bir partiyanın məqsədləri üçün deyil, bütövlükdə milli ideoloji istiqamətin düzgün müəyyən edilməsi və dövlətçilik ideologiyasının təbliğ edilməsidir”.

H.Babaoğlu qeyd etdi ki, bu vaxta qədər Yeni Azərbaycan Partiyası bu istiqamətdə böyük işlər görüb və milli düşüncənin, milli siyasi şüurun düzgün ideoloji əsaslarda qurulmasında çox mühüm rol oynayıb. Ancaq bu gün şərtlər dəyişib: “Bu gün milli düşüncə platformalarına, ideoloji sistemimizə yeni tarixi mərhələdə yeni vasitələrlə siyasi şüura təsir edən çoxsaylı alətlər yaranıb. Azərbaycan Prezidenti də elə bu kontekstdə ideoloji məsələnin aktuallığını dilə gətirdi. Üstəlik də, tarixi zəfərimizdən sonra yaranmış yeni reallıqlar milli düşüncəni və milli ideologiyanı yeni keyfiyyət mərhələsinə qaldırmağı zəruri edib. Buna görə də bu, yeni reallığın diktə etdiyi zərurətdir və Yeni Azərbaycan Partiyasının qarşısında müəyyənləşdirilən yeni vəzifədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR