Onlayn ictimai-siyasi qəzet
Yaponiya hökumətinin ölkənin pasifist (sülhpərvər) konstitusiyasını dəyişdirmək cəhdlərinə qarşı Tokioda keçirilən mitinqdə təxminən 50.000 insan iştirak edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mitinq mayın 3-də - Konstitusiya günündə baş tutub.
Bildirilir ki, ötən həftə Vyetnama səfəri zamanı Yaponiyanın baş naziri Sanae Takaiçi ölkənin əsas qanununun yenidən nəzərdən keçirilməsi ilə bağlı "geniş müzakirələrə" çağırıb. O bildirib ki, II dünya müharibəsindən sonra Yaponiyanın işğalı zamanı ABŞ administrasiyası tərəfindən yazılmış konstitusiya "dövrün tələblərinə uyğun olaraq vaxtaşırı yenilənməlidir".
Takaiçi və hakim Liberal Demokrat Partiyasının mühafizəkar qanadının digər üzvləri uzun müddətdir ki, mövcud sənədin Yaponiyanın Şimali Koreya və Çindən artan təhlükəsizlik təhdidlərinə cavab vermək qabiliyyətini məhdudlaşdırdığını iddia edir və konstitusiyada düzəlişlər edilməsini istəyirlər. Xüsusilə, onlar Yaponiyanın beynəlxalq mübahisələri həll etmək üçün hərbi gücdən istifadə etməsini qadağan edən 9-cu maddənin dəyişdirilməsini təklif edirlər.
Hər hansı bir konstitusiya düzəlişi üçün parlamentin hər iki palatasında üçdə iki səs çoxluğu və milli referendumda sadə səs çoxluğu tələb olunur.
Son sorğular göstərir ki, əhalinin geniş bir hissəsi konstitusiyanın qismən yenidən işlənməsini, o cümlədən özünümüdafiə qüvvələrinin hüquqi statusunun tanınmasını dəstəkləyir, lakin Yaponiyanın müharibədən sonrakı pasifizminə əsaslı dəyişikliklər edilməsinə qarşı çıxır.
Yaponiyanın hazırkı konstitusiyası 3 may 1947-ci ildə qüvvəyə minib. O vaxtdan bəri ona düzəliş edilməyib.
20 apreldə təxminən 36.000 nəfər Tokioda parlamentin qarşısında toplaşaraq konstitusiyanın 9-cu maddəsinin saxlanılmasını tələb edib.
Qeyd edək ki, II dünya müharibəsindəki militarizm siyasəti Yaponiya xalqına böyük faciələrə düçar edib. Ondan sonra yeridilən pasifizm isə Yaponiyanın dünyanın ən stabil, ən firavan, ən varlı 3-4 ölkəsindən birinə çevirib. Ona görə də xalq yenidən köhnə hərbi avantüralar dövrünün qayıtmasını istəmir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ