İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova danışdı, Çadayev getdi-Moskva Bakıya mesaj verir: “Bu, hələ siyasətin dəyişməsi deyil”

 

Rusiya-Azərbaycan münasibətlərində son günlər informasiya müstəvisində yaşanan gərginlik yeni mərhələyə keçib. Azərbaycanla bağlı sərt fikirlər səsləndirən Rusiya vətəndaşlarının beynəlxalq axtarışa verilməsi Moskvanın da diqqətindən kənarda qalmayıb.

Musavat.com xatırladır ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu şəxslərin açıqlamalarının Kremlin Azərbaycana münasibətini əks etdirmədiyini bildirib və iki ölkə arasındakı münasibətlərin mövcud hüquqi baza çərçivəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Moskvanın həmin şəxslərin hüquq və maraqlarını qoruyacağını açıqlaması diqqət çəkib.

Digər tərəfdən, Rusiya Nəqliyyat Nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən getmək qərarını açıqlayaraq Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin şəxsi mövqeyi olduğunu bildirib. O, bu açıqlamaların dövlətlərarası əməkdaşlığa mənfi təsir göstərməsinin yolverilməz olduğunu qeyd edib.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki,  Rusiya-Azərbaycan münasibətlərində son günlər informasiya müstəvisində yaşanan gərginliyə münasibət bildirərkən, ilk növbədə qeyd etmək lazımdır ki, bu informasiya savaşının əsas mənbəyi Azərbaycan deyil: “Artıq xeyli müddətdir ki, Azərbaycana qarşı sərt, təhqiramiz və reallığı təhrif edən ritorikanın məhz Rusiyanın informasiya məkanından sistemli şəkildə yayıldığının şahidi oluruq. Azərbaycanın buna münasibəti isə tamamilə qanunauyğun və adekvatdır. Azərbaycan dövləti öz suverenliyini, milli maraqlarını və beynəlxalq nüfuzunu hədəfə alan istənilən cəhdə cavab vermək hüququna və imkanına malikdir. Rusiya vətəndaşlarının Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə görə beynəlxalq axtarışa verilməsi də məhz bu kontekstdə qiymətləndirilməlidir.
Elçin Mirzəbəyli ƏHD Partiyasından ayrıldı | İqtisadiyyat.az

Burada söhbət konkret şəxslərin konkret əməllərinə hüquqi qiymət verilməsindən gedir. Rusiya vətəndaşı olmaq heç kimə Azərbaycan dövlətini təhqir etmək, onun suverenliyinə qarşı çıxış etmək və düşmənçilik xarakterli çağırışlar səsləndirmək imtiyazı vermir. Bu baxımdan, Mariya Zaxarovanın həmin şəxslərin fikirlərinin Kremlin Azərbaycana münasibətini əks etdirmədiyini bildirməsi diqqətçəkən məqamdır. Əgər Moskva doğrudan da bu fikirləri öz dövlət siyasətinin tərkib hissəsi hesab etmirsə, onda bunu yalnız bəyanatlarla deyil, praktik addımlarla da göstərməlidir.

Ayrı-ayrı şəxslərin çıxışlarını sadəcə “şəxsi mövqe” kimi təqdim etməklə məsələnin mahiyyətini aradan qaldırmaq mümkün deyil. Əgər həmin şəxslər Rusiya siyasi və informasiya sistemində kifayət qədər görünən mövqelərə malikdirlərsə və onların çıxışları Azərbaycana qarşı ardıcıl informasiya kampaniyasının elementinə çevrilirsə, burada artıq daha ciddi məsələ ortaya çıxır.

Aleksey Çadayevin vəzifəsindən getməsi də bu baxımdan müəyyən siyasi siqnal kimi qiymətləndirilə bilər. Onun səsləndirdiyi fikirlərin şəxsi mövqe olduğunu bildirməsi və bu fikirlərin dövlətlərarası münasibətlərə mənfi təsir göstərməsinin yolverilməzliyini vurğulaması göstərir ki, Moskva yaranmış vəziyyətin Azərbaycanla münasibətlərə zərər vurduğunu anlayır”.

İstənilən halda deputat bunları hələ Rusiyanın informasiya siyasətində fundamental dəyişiklik kimi qiymətləndirmir: “Əgər bu kampaniyanın arxasında müəyyən siyasi dairələrin maraqları dayanırsa, həmin ritorikanın müxtəlif platformalarda davam etdirilməsi tamamilə mümkündür. Mənim fikrimcə, burada əsas məsələ Moskvanın bundan sonra hansı praktiki addımları atacağıdır. Əgər Rusiya həqiqətən Azərbaycanla münasibətlərin strateji və hüquqi bazaya söykənərək inkişaf etdirilməsində maraqlıdırsa, ilk növbədə, öz informasiya məkanında ölkəmizə qarşı hibrid informasiya savaşının davam  etdirməsinə imkan verməməli, baş verənlərə adekvat hüquqi reaksiya verməlidir. Azərbaycanı təhqir edən, onun ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, ölkəmizə qarşı açıq düşmənçilik çağırışları səsləndirən şəxslərin fəaliyyətinə münasibət yalnız Bakı tərəfindən deyil, Moskva tərəfindən də prinsipial şəkildə qiymətləndirilməlidir. Azərbaycanın mövqeyi kifayət qədər aydındır və ölkəmiz Rusiya ilə normal, qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Lakin bu, Azərbaycanın öz milli maraqlarından, suveren hüquqlarından və dövlətçilik prinsiplərindən imtina etməsi demək deyil. Azərbaycan öz dövlətçilik modelini, müstəqil xarici siyasətini və milli maraqlarını qorumaq gücündədir. Biz heç bir dövlətlə qarşıdurma axtarmırıq, amma heç bir dövlətin və ya həmin dövlətin ayrı-ayrı dairələrinin Azərbaycanı təzyiq altında saxlamaq cəhdini də qəbul etmirik.

Ona görə də Moskvanın son addımlarını mən daha çox gərginliyin azaldılmasına yönəlmiş taktiki addımlar kimi qiymətləndirirəm. Bu, müsbət haldır. Lakin bunun davamlı siyasi xəttə çevrilməsi üçün Rusiyanın informasiya məkanında Azərbaycana qarşı kampaniyanın real şəkildə məhdudlaşdırılması lazımdır.

Əks halda, bir tərəfdən “bu şəxslərin mövqeyi Kremlin mövqeyi deyil” demək, digər tərəfdən isə həmin ritorikanın müxtəlif informasiya kanallarında davam etməsinə göz yummaq inandırıcı görünməyəcək. Dövlətimizin ünvanına yönəlmiş təhqir və böhtanlara, suverenliyimizə qarşı yönəlmiş çağırışlara hüquqi və siyasi müstəvidə cavab verilməsi isə tamamilə legitimdir.

Hesab edirəm ki, hazırkı vəziyyətdə əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki informasiya savaşını başlayan tərəf Azərbaycan deyil. Azərbaycan sadəcə özünə qarşı yönəlmiş informasiya hücumlarına cavab verir. Moskva qarşılıqlı münasibətlərin normallaşmasını istəyirsə, bunu ilk növbədə öz informasiya məkanında nümayiş etdirməlidir.  Azərbaycanla münasibətlərdə hörmət və bərabərlik prinsipi pozulduğu halda, Bakıdan susmaq və geri çəkilmək gözlənilməməlidir. Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır, amma bu münasibətlərin informasiya təzyiqi, siyasi şantaj və ya Azərbaycanın milli maraqlarına müdaxilə üzərində qurulmasına heç vaxt razı olmayacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR