Onlayn ictimai-siyasi qəzet
Polşanın əsas müxalifət partiyası olan "Hüquq və Ədalət" partiyasının sədri Yaroslav Kaçinski Avqustov şəhərində keçirilən "Gənclər gələcəyin Polşası uğrunda" konqresindəki çıxışı zamanı 2022-ci ilin fevral-mart hadisələrinə dair sensasion faktların üstünü açıb. Polşa mətbuatında ("Rzeczpospolita", "Onet") geniş işıqlandırılan bəyanata əsasən, Rusiyanın tammiqyaslı hücumunun ilk həftələrində Kiyev Varşavaya gözlənilməz bir təkliflə müraciət edib - iki ölkənin vahid dövlət şəklində birləşməsi.
Kaçinskinin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin həmin vaxt Polşa Seymindəki emosional çıxışı da məhz bu konsepsiyaya zəmin hazırlamaq məqsədi daşıyırdı. PiS lideri bildirib ki, Kiyev bu addımla Polşanı Rusiya ilə müharibəyə birbaşa cəlb etməyi və öz təhlükəsizliyini Varşava üzərindən təmin etməyi hədəfləyib. Lakin Polşa tərəfi ordunun imkanlarının və regional risklərin fərqində olaraq bu təkliflə razılaşmayıb.

Ehtiyatda olan polkovnik Əfrahim Təhməzov Musavat.com-a deyib ki, Zelenski Polşanı hərbi tələyə salmaq istəyib:
"Yaroslav Kaçinskinin 2022-ci ilin fevral-mart hadisələri ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi informasiya sızması deyil. Zelenski tərəfindən Varşavaya təklif edilən konfederasiya və ya vahid dövlət ideyası, əslində, Polşa ordusunu Rusiya Silahlı Qüvvələri ilə birbaşa toqquşdurmaq üçün hazırlanmış klassik hərbi-siyasi manevr idi. Hərbi nöqteyi-nəzərdən Polşanın həmin vaxt bu addımdan imtina etməsi tamamilə soyuqqanlı hərbi hesablamalara dayanır. Birincisi, NATO-nun 5-ci maddəsinin ölü doğulması riski var idi. Kiyev hesab edirdi ki, Polşa ilə Ukrayna birləşərsə, Rusiya ordusunun Ukrayna ərazisindəki hər bir addımı NATO üzvünün ərazisinə təcavüz sayılacaq və alyans döyüşə girəcək. Lakin hərbi doktrina baxımından bu, böyük bir yanlışlıq idi. NATO nizamnaməsi aydın göstərir ki, hərbi əməliyyatların getdiyi zonaya öz təşəbbüsü ilə daxil olan və ya müharibə edən dövlətlə birləşən ölkə üçün 5-ci maddə avtomatik işə düşmür. Vaşinqton və Berlin Varşavanı Rusiya ilə təkbətək qoyacaqdı. İkincisi, Polşa ordusunun 2022-ci ildəki döyüş qabiliyyəti buna imkan vermirdi. 2022-ci ilin əvvəlində Polşa Quru Qoşunlarının şəxsi heyəti və texniki təchizatı Rusiya kimi böyük hərbi maşınla 1000 kilometrlik cəbhə xəttində döyüşməyə hazır deyildi. Varşavanın həmin vaxt nə kifayət qədər modern Hava Hücumundan Müdafiə sistemləri var idi, nə də zirehli texnika ehtiyatı. Rusiya aviasiyası və raket qoşunları bir neçə gün ərzində Varşava, Krakov və Lodz kimi şəhərlərin hərbi infrastrukturunu vura bilərdi. Üçüncüsü, Britaniyanın müharibə ssenarisi diqqət çəkirdi. Londonun bu prosesdə rolunun olması şübhəsizdir. Britaniya kəşfiyyatı və hərbi rəhbərliyi Şərqi Avropada Rusiya ilə toqquşacaq əsas canlı qüvvə kimi polyak və ukraynalı hərbçilərin imkanlarını birləşdirmək istəyirdi. Məqsəd NATO-nun nüvə gücləri olan ABŞ və Fransa birbaşa riski üzərinə götürmədən, slavyan kontingenti ilə Rusiyanı tüstüləndirmək və zəiflətmək idi. Polşa Baş Qərargahı bu tələni vaxtında oxudu".
Əgər bu ssenari baş tutsaydı, hazırda hərbi-geopolitik mənzərə necə olardı?
Əfrahim Təhməzovun sözlərinə görə, Kaçinski bu təklifi qəbul etsəydi, Avropanın hərbi xəritəsi tamamilə dağılmış vəziyyətdə olacaqdı:
"Cəbhə xətti Polşanın içərilərinə keçərdi. Rusiya Silahlı Qüvvələri hücum istiqamətini genişləndirərək Polşanın şərq sərhədlərini, logistik mərkəzlərini və hərbi aerodromlarını, məsələn, Jasionka bazasını birbaşa hədəf alacaqdı. NATO-da tam dəqiqliklə parçalanma yaşanardı. Almaniya və Fransa "biz Polşanın bu avantürasına görə nüvə müharibəsinə girmirik" bəyanatı verərək Alyansdan faktiki olaraq çəkilərdilər. Bu, NATO-nun hərbi bloq kimi sonu demək olardı. Ukrayna isə tamamilə işğal oluna bilərdi. Polşa öz ərazisini və paytaxtını qorumaq üçün bütün diqqətini daxili müdafiəyə yönəldəcək, nəticədə Ukraynaya bu gün verilən milyardlıq logistik və hərbi dəstək tranziti tamamilə dayanacaqdı".
Ə. Təhməzov deyib ki, Polşa rəhbərliyi və Baş Qərargahı 2022-ci ildə emosional deyil, strateji qərar verdi:
"Onlar anladılar ki, Polşa üçün en yaxşı hərbi ssenari Ukraynanı bufer zona kimi saxlamaq, ona hərbi-texniki dəstək vermək, lakin öz əsgərini cəbhəyə göndərməməkdir. Kaçinskinin bu gün bu faktı açıqlaması isə Varşavanın bundan sonra Kiyevdən gələn hərbi tələblərə qarşı daha sərt və məsafəli duracağının hərbi-siyasi mesajıdır".
E.Məmmədəliyev,
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ