Onlayn ictimai-siyasi qəzet
Zəngəzur vilayətinin Gorus bölgəsində yerləşən Tatev kəndinin inzibati rəhbəri Qor Minasyan insan alverində ittiham edilərək həbs olunub.
Musavat.com xəbər verir ki, Tatev kəndi Azərbaycanın Qubadlı rayonuna yaxın istiqamətdə yerləşir.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ilkin istintaq zamanı müəyyən edilib ki, V.S. adlı şəxs 2020-ci ildən Qor Minasyanın yanında çoban işləyib. Razılaşmaya əsasən, ona ayda 150–200 min dram əməkhaqqı verilməli olsa da, işçi faktiki olaraq maaşını almayıb. Əvəzində ayda bir və ya iki dəfə pula ehtiyacı yarananda Minasyan ona 50–100 min dram verib.
Qor Minasyan iddia edib ki, V.S.-nin ondan götürdüyü pulların ümumi məbləği ödənilməli əməkhaqqını 6 milyon dram üstələyib və buna görə çoban daha üç ilə yaxın pulsuz işləməli idi. Lakin istintaq həmin məbləğlərin süni şəkildə şişirdildiyini müəyyən edib.
İstintaqın məlumatına görə, V.S.-nin iş günü hər gün səhər saat 06:00-da başlayıb və gecə saat 01:00 radələrində başa çatıb. O, əsasən istirahət günü olmadan işlədilib.
Xırdabuynuzlu heyvanlar itəndə, çoban gec oyandıqda, tapşırıqları tam yerinə yetirmədikdə və ya səhhətinin pis olması səbəbindən işə çıxmaqdan imtina etdikdə Qor Minasyanın onu döydüyü, söydüyü və müxtəlif formada hədələyərək hər bir halda işləməyə məcbur etdiyi bildirilir.
Ağır əmək şəraitinə görə V.S. bir neçə dəfə qaçmağa cəhd edib və İrəvana gedib. Lakin istintaqın versiyasına görə, Qor Minasyan onun qohumlarına təzyiq göstərərək yerini müəyyənləşdirib, yenidən geri gətirib və işləməyə məcbur edib.
Bundan başqa, Qor Minasyanın V.S. üzərində 24 saatlıq nəzarət qurduğu, ondan bütün hərəkətləri barədə məlumat verməsini tələb etdiyi və işdən sonra harasa getməsini qadağan etdiyi bildirilir.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ