İnsanlara hürriyət, millətlərə istiqlal!

0-dan 100-ə CƏMİ 2.1 SANİYƏYƏ - Ərəblər dünya brendlərinə MEYDAN OXUDU

Səudiyyə Ərəbistanının "Ceer" avtomobil şirkəti özünün ilk iki modelini - qeyri-adi bucaqlı dizayna, "qağayı qanadı" tipli qapılara və 1100 at gücündən çox gücə malik elektrik sedanını və "Exobot" krossoverini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, bu barədə "Autocar" nəşri məlumat dərc edib.

Şirkət avtomobillərin seriyalı istehsalına 2027-ci ilin yanvarında, müştərilərə ilk təslimatlara isə mart ayında başlamağı planlaşdırır.

"Ceer" brendi 2022-ci ildə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) və Tayvanın "Foxconn" şirkətinin birgə müəssisəsi kimi təsis edilib. Layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və neft amilindən asılılığın azaldılmasına yönəlmiş "Vision 2030" dövlət proqramının tərkib hissəsidir.

Avtomobillərin istehsalı Səudiyyə Ərəbistanının qərb sahilində yerləşən Kral Abdullah adına İqtisadi İnkişaf Şəhərində təşkil olunacaq. PIF-ə məxsus olan ABŞ-nin "Lucid" elektrik avtomobilləri istehsalçısı da öz zavodunu məhz bu ərazidə inşa edir.

"Ceer"in ilk modelləri iri E-seqmentinə aid olan sedan və "Exobot" SUV tipli krossover olacaq. Hər iki avtomobil pazvari kuzov, böyük şüşə tavan və 32 elementdən ibarət işıq zolaqları ilə təchiz olunub. Bu rəqəm Səudiyyə Ərəbistanının birləşdirildiyi 1932-ci ilə rəmzi işarədir.

Modelin kuzovunda mərkəzi dirəklər nəzərdə tutulmayıb, iri qapıları isə yuxarıya doğru açılır. "Ceer"in rəhbəri Ceyms DeLuka "Autocar"a bildirib ki, belə qeyri-adi görünüş rəhbərliyin tərtibatçılar qarşısında mövcud analoqlardan prinsipial olaraq fərqlənən nəqliyyat vasitəsi yaratmaq tapşırığı qoymasından sonra ərsəyə gəlib.

Salonda mərkəzi sensor ekranla yanaşı, fiziki düymələr də yer alıb. Digər texnologiyalar arasında naqillər vasitəsilə idarə olunan sükan sistemi (steer-by-wire), ənənəvi dinamiklər əvəzinə xüsusi vibroşüalandırıcılar və effektiv salon soyutma sistemi var. Ön şüşə isə günəş istiliyini qaytaran xüsusi gümüşü örtüklə təmin olunub.

Krossover səhra şəraiti nəzərə alınmaqla hazırlanıb və ciddi yolsuzluq imkanlarına malikdir. "Exobot"un top versiyaları 1100 at gücündən çox güc hasil edir və 100 km/saat sürəti cəmi 2,1 saniyəyə yığır. Həmçinin sürətli start idarəetmə sistemləri (launch control) və idarə olunan sürüşmə (drift) rejimi mövcuddur.

Modellərin ərsəyə gəlməsində bir neçə beynəlxalq nəhəng iştirak edir: "Foxconn" platformanı və elektrik arxitekturasını hazırlayır, "BMW" texnoloji dəstək verir, Xorvatiyanın "Rimac" şirkəti arxa elektromotoru, "Hyundai Transys" isə ön motorları təchiz edir.

Elektromobillər ilk mərhələdə Səudiyyə Ərəbistanı və Bəsrə körfəzi ölkələrində satışa çıxarılacaq. Şirkət model sırasını daha beş avtomobil qədər genişləndirməyi planlaşdırır: D-seqmentinə aid sedan, krossover və kupe-krossover 2027-ci ildə, daha kompakt modellər isə 2028-ci ildə təqdim olunacaq.

DeLukanın bildirdiyinə görə, növbəti modellər beynəlxalq sertifikasiyaya hazır olacaq, lakin hazırkı biznes-plan əsasən region bazarına hədəflənib. Bununla yanaşı, gələcəkdə yalnız elektrik güc qurğuları ilə kifayətlənməmək variantı da istisna olunmur. Şirkət platformasının imkanlarına əsaslanaraq marketinq tələbatından asılı olaraq şəbəkədən doldurulan hibridlər (PHEV) və ya yürüş məsafəsi artırılmış avtomobillər (REEV) də istehsal edə bilər.

Hazırda "Ceer"də 2300-ə yaxın əməkdaş çalışır və onların 46%-i yerli kadrlar çərçivəsindədir. Şirkət 2034-cü ilə qədər yerli istehsalın payını 45%-ə çatdırmağı və 30 minə yaxın iş yeri yaratmağı qarşısına məqsəd qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR