İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vahid məktəbli geyimi və məktəbdə dini atributlardan istifadə məsələsi..."- Deputatdan mühüm açıqlama

Məktəbli geyimi ətrafında aparılan müzakirələrə yalnız təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi kontekstində yanaşmaq məsələnin mahiyyətini anlamağa mane olur.

Deputat Elçin Mirzəbəyli bunu Musavat.com-a, son günlərin ən aktual məsələlərindən biri barədə danışarkən bildirib. Milli Məclisin üzvü hesab edir ki, bu müzakirələrin arxasında daha fundamental və sabahımız üçün həyati əhəmiyyət kəsb edən bir sual dayanır: “Azərbaycan məktəbi hansı dünyagörüşünə əsaslanmalı, hansı ictimai dəyərləri təmsil etməli və gələcək nəsillərin formalaşmasında hansı prinsipləri rəhbər tutmalıdır? Məsələnin mahiyyəti kifayət qədər genişdir və söhbət dünyəvi dövlətin təhsil sistemində ümumi qaydaların qorunmasından, məktəbin dini və yad ideoloji təsirlərdən kənar, bütün uşaqlar üçün ortaq ictimai məkan kimi fəaliyyət göstərməsindən gedir.

Bu xüsusda vahid məktəbli geyimini dəstəkləmək yalnız intizam və zahiri görünüş məsələsinə münasibət deyil. Bu, təhsil mühitində ümumi qaydaların, sosial bərabərliyin və dünyəvi dövlətçilik prinsipinin müdafiəsidir. Məktəbdə dini atributlardan istifadəyə münasibət də bu prinsipial yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məsələyə məhz bu müstəvidə yanaşmaq, müzakirəni şəxsi inanclar və fərdi seçimlər səviyyəsindən çıxararaq dövlətin təhsil siyasəti, milli dünyagörüşü və ictimai institutların mahiyyəti kontekstində dəyərləndirmək, zənnimcə, daha faydalıdır”.

E.Mirzəbəyli digər vacib nüanslara diqqət çəkib: “Azərbaycan xalqının milli özünüdərk prosesi, ilk növbədə, onun tarixi inkişafı, dili, mədəniyyəti, sosial və ictimai münasibətlər sistemi, dövlətçilik təcrübəsi və özünü bir millət olaraq dərk etməsi ilə bağlıdır. Azərbaycanın ictimai fikir tarixinə nəzər saldıqda milli özünüdərkin inkişafında maarifçilik, elmi düşüncə, dünyəvi təhsil və ictimai tərəqqi ideyalarının əhəmiyyətini aydın şəkildə görmək mümkündür. XIX əsrdə və XX əsrin əvvəllərində formalaşan maarifçilik ənənələri cəmiyyətin yeniləşməsini, savadlanmanı, qadınların təhsil imkanlarının genişləndirilməsini və insanın intellektual potensialının inkişafını milli tərəqqinin mühüm şərtləri kimi irəli sürürdü.
Bu ideyalar xalqın özünü dərk etməsinə, milli mədəniyyətin inkişafına və müasir dövlətçilik düşüncəsinin formalaşmasına təsir göstərirdi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bu tarixi prosesin mühüm mərhələsi oldu. Milli suverenlik ideyasının parlamentli respublika modeli, müasir dövlət institutları və təhsil siyasəti ilə əlaqələndirilməsi Azərbaycan dövlətçilik düşüncəsinin inkişafında yeni mərhələ açdı.

Bu tarixi təcrübənin əhəmiyyəti yalnız dövlət müstəqilliyinin elan edilməsində deyil. Əsas məqam milli dövlətin qurulması ideyasının müasir siyasi və ictimai institutlarla əlaqələndirilməsində idi. Milli kimlik keçmişə bağlılıqla yanaşı, gələcəyin qurulması məsuliyyətini də özündə birləşdirirdi”.

Deputat vurğulayıb ki, Azərbaycanın müasir dövlətçilik modelində dünyəvilik də həmin tarixi inkişafın mühüm prinsiplərindən biridir: “Dünyəvilik milli dövlətin öz ictimai institutlarını dini mənsubiyyətdən, müzakirəyə açıq olmayan ehkamlardan asılı olmayan ümumi hüquqi prinsiplər əsasında təşkil etməsinin ifadəsidir.

Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinin birinci hissəsinə əsasən, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmin maddənin üçüncü hissəsində isə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı təsbit olunur. Konstitusiyanın 42-ci maddəsi hər bir vətəndaşın təhsil hüququnu tanıyır və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bu müddəalar bir-biri ilə əlaqəli hüquqi prinsiplər sistemini formalaşdırır. Şübhəsiz ki, dövlətin dünyəvi xarakteri təhsil sisteminin təşkilinə də şamil olunur və təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş təhsil standartları ilə tənzimlənir. Təhsil müəssisəsi isə bu missiyanı yerinə yetirmək üçün hamıya şamil olunan ümumi qaydalara malik olmalıdır. Həmin qaydaların ayrı-ayrı şəxslərin dini və ya ideoloji mövqeyindən asılı olaraq dəyişməsi məktəbin ortaq ictimai məkan kimi fəaliyyətinə dair əlavə suallar yarada bilər”.

E.Mirzəbəylinin sözlərinə görə, vahid məktəbli geyiminin əhəmiyyəti də bu prinsiplərdən irəli gəlir: “Məktəbli forması ilk növbədə şagirdlərin ümumi təhsil mühitinə mənsubiyyətini ifadə edir. O, geyimin ailənin maddi imkanlarının nümayişinə çevrilməsinin, məktəbdaxili sosial fərqlərin zahiri atributlarla qabardılmasının qarşısını ala bilir. Lakin vahid formanın əhəmiyyətini, yalnız sosial bərabərliklə məhdudlaşdırmaq düzgün olmazdı. Məktəb həm də intizamın, kollektiv məsuliyyətin və ümumi qaydalara hörmətin öyrənildiyi məkandır. Şagird məktəbə daxil olduğu andan üzvü olduğu kollektivin ümumi qaydalarını da nəzərə almalı olduğunu öyrənməlidir.

Cəmiyyətin hər bir üzvü kimi şagird də özünü ümumi hüquq və vəzifələr çərçivəsində ifadə etməyi mənimsəməlidir. Müasir cəmiyyətin əsas xüsusiyyətlərindən biri fərdi azadlıqlarla ictimai məsuliyyətin uzlaşdırılmasıdır. Məktəb həmin münasibətlərin öyrənildiyi ilk mühüm institutlardan biridir. Vahid geyim qaydası bu baxımdan məktəbdaxili nizamın və ümumi təhsil mühitinin təşkilinə xidmət edir. Məktəbin vəzifəsi uşaqları zahiri baxımdan eyniləşdirmək deyil, onların bərabər təhsil imkanlarına malik olduğu mühit yaratmaqdır. Məktəb uşaqların bilik və dünyagörüşünün formalaşdığı, fərqli ailələrdən gələn şagirdlərin eyni qaydalar əsasında birgə təhsil aldığı ictimai institutdur. Bu mühitdə dini mənsubiyyətin zahiri atributlarla ifadəsinin ümumi normaya çevrilməsi təhsil məkanının neytrallığı ilə bağlı ciddi problemlər və ziddiyyətlər yarada, məktəbin təhsil müəssisəsindən daha çox hələ formalaşmamış, kənar təsirlərin ideoloji basqıları altında olan dünyagörüşlərinin qarşıdurma məkanına çevrilə bilər”.

Deputat hesab edir ki, məktəbli geyimi ilə bağlı müzakirələrdə milli-mənəvi dəyərlərin tez-tez dini atributlarla eyniləşdirilməsi məsələnin mahiyyətinin bilərəkdən yanlış istiqamətə yönləndirilməsinə xidmət edir: “Milli kimlik və dini mənsubiyyət eyni anlayışlar deyil. Milli kimlik xalqın dili, tarixi, mədəniyyəti, dövlətçilik təcrübəsi, ictimai yaddaşı və özünü ayrıca tarixi-mədəni birlik kimi dərk etməsi ilə bağlıdır. Dini mənsubiyyət isə insanın inancına və dini etiqadına münasibətini ifadə edir. Bu anlayışların konkret şəxslərin həyatında üst-üstə düşməsi onların eyniləşdirilməsi üçün əsas yaratmır.
Azərbaycan xalqının milli dünyagörüşünü dini atributlarla ölçmək, milli-mənəvi dəyərlərin qorunmasını məktəbdə dini simvolların nümayişi ilə əlaqələndirmək milli kimliyin məzmununu daraldır, mahiyyətini təhrif edir. Milli dəyərlər, ilk növbədə ana dilinə münasibətdə, tarixi irsin öyrənilməsində, ədəbiyyatda, mədəniyyətdə, dövlətçilik şüurunda və ictimai məsuliyyətdə ifadə olunur. Dünyəvilik isə dövlətin və ictimai institutların dini mənsubiyyətdən asılı olmayan hüquqi prinsiplərlə fəaliyyət göstərməsini təmin edən əsaslardan biridir.

Azərbaycan cəmiyyətinin müasir inkişafı milli kimliyin qorunmasını və dünyəvi dövlətçilik prinsiplərinin möhkəmlənməsini bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirməyi tələb edir”.

Parlamentar onu da qeyd edib ki, vahid məktəbli geyimi və məktəbdə dini atributlardan istifadə məsələsi zahiri görünüşlə bağlı mübahisədən daha geniş məna daşıyır: “Bu, dünyəvi dövlətin təhsil sisteminin hansı prinsiplər əsasında fəaliyyət göstərməsi və gələcək nəsillərin hansı ictimai mühitdə yetişməsi ilə bağlıdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətlə dinin ayrılığını və təhsil sisteminin dünyəvi xarakterini təsbit edir. Ümumi təhsil haqqında qanunvericilik də millilik və dünyəviliyin qarşılıqlı əlaqəsini, vahid geyim qaydalarına riayət olunmasının zəruriliyini hüquqi müstəvidə müəyyənləşdirir.

Dünyəvi dövlətçilik milli cəmiyyətin ümumi hüquqi prinsiplər əsasında təşkilinin formasıdır. Məktəb isə bu prinsipin gələcək nəsillərin təhsilində və dünyagörüşündə təcəssüm etdiyi əsas ictimai institutlardan biri və birincisidir!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR