İnsanlara hürriyət, millətlərə istiqlal!

124 özəl bağça dövlət maliyyələşməsinə cəlb edildi - Valideynlər nə qədər ödəyəcək?

Oktyabrın 1-dən etibarən Azərbaycanda seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində dövlət maliyyələşməsi modelinin tətbiqinə başlanılıb. İlkin mərhələdə 124 özəl bağçanın bu sistemə cəlb edilməsi valideynlər üçün də yeni imkan yaradır. Dövlətin özəl bağçalara maliyyə ayırması isə əsas sualı gündəmə gətirir: bu dəstək valideynlərin bağça xərclərini nə qədər azaldacaq? Valideynin ödəyəcəyi məbləğ necə müəyyənləşəcək və bu model gələcəkdə daha çox özəl bağçanı əhatə edə bilərmi?

fc5fc8bb81c15568b56677b60da04354_mezahirmemmedli.jpg (39 KB)

Təhsil eksperti Məzahir Məmmədli mövzu ilə bağlı Musavat.com-la fikrini bölüşüb:

“Məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan uşaqların sayı hazırda təxminən 35 faiz təşkil edir. Ona görə də Elm və Təhsil Nazirliyi belə bir təşəbbüs irəli sürüb ki, Nazirliyin qrantları hesabına özəl-dövlət tərəfdaşlığını formalaşdırmaqla bu yükü bir qədər azaltmaq lazımdır. İndi özəl məktəbəqədər təhsil müəssisələrinə, yəni bağçalara uşaqların cəlb olunması üçün müəyyən addımlar atılıb. Bu addımlar onunla əlaqədardır ki, məktəbəqədər təhsil müəssisələrinə xüsusi tapşırıq verilib ki, adambaşına ödənişlərin sayını şişirtməsinlər, yəni formal, böyük rəqəmlər göstərməsinlər. Şəhərdə 350 manat, bölgələrdə isə 250 manat civarında bağçaya qəbul aparan özəl bağçalarla əməkdaşlıq təklif olunub və onlar üçün qrantlar ayrılıb. Bu layihə çərçivəsində artıq 100-dən çox məktəbəqədər təhsil müəssisəsi qrant müsabiqəsinin qalibi olub. Özəl-dövlət tərəfdaşlığının en başlıca məqsədi məktəbəqədər təhsil müəssisələrinə uşaqların əhatə dairəsini artırmaqdır. Atılan bu addım valideynlərin də işini bir qədər yüngülləşdirir. Məsələn, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil pulsuz olduğu halda, valideynlər özəl müəssisələrdə ödənişin 30 faizini ödəyərək uşaqlarını yerləşdirə biləcəklər. Məlumdur ki, valideynlər özəl bağçalara bir qədər daha çox meyillidirlər. Çünki orada iş qrafiki ilə bağlı arzularını ifadə edə bilirlər, işdən gec qayıdanlar üçün əlavə vaxt imkanı var. Bir sözlə, özəl bağçalarda təhlükəsizlik kameraları ilə bağlı öhdəliklər mövcuddur; valideynlər istədikləri vaxt - yolda, işdə olduqları zaman övladlarını oradan izləyə bilirlər. Bu praktika artıq bəzi dövlət bağçalarında da tətbiq olunmağa başlayıb.

Ümumilikdə, bu tədbirlər dövlət-özəl tərəfdaşlığı vasitəsilə dövlətin üzərindəki yükü azaltmağa xidmət edir. Çox təəssüf ki, bu göstərici hələ 50 faizə çatmayıb. Yəni yeni dövlət məktəbəqədər təhsil müəssisələri açılmasa, özəl təhsil müəssisələri bu ehtiyacı tam kompensasiya edə bilməyəcək. Hətta ölkədəki bütün özəl bağçalar bu prosesə cəlb olunsa belə, yenə də kifayət etmir. Ona görə də yeni tikilən binaların altında və ya ayrı-ayrı boş sahələrdə məktəbəqədər təhsil müəssisələri üçün imkanlar yaradılmalıdır. Nazirlər Kabinetinin normativ-hüquqi aktlarla bağlı müvafiq sərəncamı var. Lakin həmin normativ-hüquqi aktlardakı sərt şərtlər səbəbindən hər bir iş adamı bu öhdəliyi götürə bilmir. Ərazi, uşaqların asudə vaxtının təşkili və digər texniki şərtlərlə bağlı tələblər iş adamlarını müəyyən qədər çəkindirir. Bu sahənin, xüsusilə özəl sektorun inkişafı üçün Nazirlər Kabinetinin daha yumşaq və dəstəkləyici mövqe nümayiş etdirməsi məqsədəuyğundur”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR