Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 27-də Tiflisdə Rusiyaya qarşı böyük yürüş keçiriləcək. Aksiyanın şüarları arasında “Qəhrəmanlara qələbə!”, “Gürcüstana azadlıq!” və “Rusiya – düşməndir!” ifadələri yer alır.
Musavat.com “Online-Qruziya”ya istinadən xəbər verir ki, sentyabrın 27-də saat 19:00-da Tiflis Dövlət Universitetindən Qəhrəmanlar Memorialına qədər olacaq yürüşü “Abxazların Məclisi” təşkil edir.
Onların yaydığı məlumata görə, yürüşə bir sıra ictimai və siyasi qruplar da qoşulacaq. Təşkilatçılar 27 sentyabr tarixinin Gürcüstan üçün xüsusi əhəmiyyət daşıdığını bildirirlər.

Belə bir aksiyanın keçirilməsi təsadüfi deyil. Çünki son günlər Gürcüstan-Rusiya münasibətlərində 2008-ci il müharibəsi və Abxaziya ilə Tsxinvali məsələsi yenidən beynəlxalq platformalarda fəal şəkildə müzakirə olunur.
Gürcüstan Xarici İşlər Nazirliyi xəbər verir ki, ATƏT-in Daimi Şurasının iclasında 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü müzakirə edilib. Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya çıxışında Rusiyanı 12 avqust 2008-ci ildə əldə edilmiş atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməməkdə və Gürcüstan ərazisindən hərbi qüvvələrini çıxarmamaqda ittiham edir. Gürcüstan rəsmisi həmçinin həmin ərazilərdə humanitar və insan hüquqları vəziyyətinə, qanunsuz saxlanmalara, hərəkət azadlığının məhdudlaşdırılmasına və digər problemlərə diqqət çəkib.
Avropa Şurasının Nazirlər Komitəsinin iclasında isə “Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə olunub. Gürcüstan Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Komitə ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib və Rusiya Federasiyasını beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb. Söhbət hərbi qüvvələrin işğal edilmiş əreazilərdən çıxarılması, hərəkət azadlığının təmin olunması və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtması üçün şərait yaradılmasından gedir.
Tiflis beynəlxalq təşkilatlarda Moskva ilə bağlı iradlarını səsləndirərkən, Rusiyadan da Gürcüstanla bağlı diqqətçəkən açıqlamalar gəlir. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərbin Cənubi Qafqazdakı siyasi proseslərə müdaxilə etməyə çalışdığını bildirib və bu baxımdan Gürcüstanı Ermənistanla yanaşı nümunə göstərib. Şoyqunun sözlərinə görə, dövlətlər arasında həll olunmaz ziddiyyətlər olmur və qonşu xalqları bir-birinə qarşı qoymaqda Qərbin marağı var. O, Rusiyanın Cənubi Qafqazda “strateji və tarixi maraqları” olduğunu da açıq şəkildə vurğulayıb.
Göründüyü kimi, Tiflis beynəlxalq tribunada Rusiyanı 2008-ci il müharibəsindən sonra yaranmış vəziyyətə görə tənqid edir, digər tərəfdə Moskva Gürcüstanı Cənubi Qafqazda Qərbin müdaxiləsinin nümunəsi kimi göstərir. Bu qarşılıqlı ritorikanın fonunda isə sentyabrın 27-də Tiflisin küçələrində “Rusiya – düşməndir!” şüarı ilə aksiya təyin olunub. Bu da göstərir ki, 2008-ci ilin yaratdığı Rusiya-Gürcüstan qarşıdurması, diplomatik müstəvidə olduğu kimi, Gürcüstanın daxili siyasi gündəmində də hələ bağlanmış mövzu deyil.
Musavat.com
19 Sentyabr 2026
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ