İnsanlara hürriyət, millətlərə istiqlal!

270 minlik şəhər boşaldıldı, Napoleon tələyə düşdü – Moskvanın sirli gecəsi

14 sentyabr 1812-ci ildə Napoleon Bonapartın ordusu sakinlərinin böyük hissəsi tərəfindən tərk edilmiş Moskvaya daxil oldu.

Musavat.com xəbər verir ki, Avropanın böyük hissəsində qələbələr qazanmış Napoleon Moskvada şəhər nümayəndələrinin onu qarşılayacağını və şəhərin açarlarını təqdim edəcəyini gözləyirdi. Lakin fransız ordusu səssiz və demək olar ki, boş şəhərlə qarşılaşdı.

Moskva sakinlərinin böyük hissəsi şəhəri tərk etmişdi. Həmin dövrə aid məlumatlara görə, təxminən 270 min əhalisi olan Moskvada cəmi bir neçə min nəfər qalmışdı.

Napoleon Moskvaya Borodino döyüşündən cəmi bir həftə sonra çatmışdı. Sentyabrın 7-də baş verən həmin qanlı döyüşdə tərəflərin ümumi itkisi on minlərlə nəfərlə ölçülürdü. Rusiya ordusu geri çəkilərək Moskvaya gedən yolu fransızların üzünə açmışdı.

Fransızlar Moskvanın baş komandanı qraf Fyodor Rostopçinin malikanəsinə çatanda burada onun fransızlara ünvanladığı yazını aşkar etmişdilər:

“Bu malikanəni səkkiz il ərzində bəzəmişəm, burada ailəmlə xoşbəxt yaşamışam... Evinizi sizin gəlişinizlə ləkələnməsin deyə yandırıram. Fransızlar, burada yalnız kül tapacaqsınız”.

Elə həmin günün axşamından başlayaraq Moskvada böyük yanğınlar baş verdi. Sonrakı günlərdə davam edən alov şəhərin böyük hissəsini məhv etdi. Yanğınların konkret olaraq kim tərəfindən və hansı miqyasda qəsdən törədilməsi tarixçilər arasında mübahisəli məsələ olaraq qalır.

Yanğın o qədər genişlənmişdi ki, Napoleonun özü də təhlükə ilə üzləşmişdi. Alov Kremlə yaxınlaşdıqdan sonra imperator və ətrafındakılar yanan küçələrdən keçərək şəhərin kənarına çəkilməli olmuşdular. Üç gün davam edən yanğınlardan sonra Moskvanın üçdə ikidən çox hissəsinin məhv olduğu bildirilir.

Napoleon Moskvaya daxil olmaqla Rusiya imperatoru I Aleksandrı sülh danışıqlarına məcbur edəcəyini düşünürdü. Lakin gözlədiyi sülh təklifi gəlmədi. Fransız ordusu isə ərzaq və digər ehtiyatların ciddi çatışmadığı, böyük hissəsi yanmış şəhərdə qaldı.

Napoleon təxminən bir ay Moskvada I Aleksandrdan sülh təklifi gözlədi. Cavab gəlmədikdən sonra, qışın yaxınlaşması və ordunun ərzaq probleminin ağırlaşması fonunda 19 oktyabrda Moskvanı tərk etmək qərarı verildi. Həmin vaxt onun qüvvələrinin sayı artıq təxminən 100 min nəfərə qədər azalmışdı.

Napoleonun zəfər yürüşünün zirvəsi kimi nəzərdə tutulan Moskvanın tutulması onun Rusiya yürüşünün ən ağır mərhələsinin başlanğıcına çevrildi. Bir neçə həftə sonra Napoleon şəhəri tərk etmək məcburiyyətində qaldı və geri çəkilmə Böyük Ordu üçün fəlakətlə nəticələndi.

1812-ci ilin sonunda Napoleonun Rusiyaya gətirdiyi nəhəng ordunun yalnız kiçik bir hissəsi geri dönə bildi. Rusiya yürüşündəki ağır məğlubiyyət Napoleon imperiyasının zəifləməsində və sonrakı süqutunda əsas dönüş nöqtələrindən biri oldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR