Onlayn ictimai-siyasi qəzet
““3+3” iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclasının harada keçiriləcəyini indi Bakı və İrəvan müəyyənləşdirməlidirlər. Tərəfdaşlara lazımi köməkliyi göstərməyə hazırıq”.
Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti” yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, “3+3” çərçivəsində praktiki qarşılıqlı fəaliyyət genişlənir. İyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Gürcüstan da daxil olmaqla, regionun hər altı ölkəsindən olan politoloqların iştirakı ilə platformanın “ekspert xətti” işə salınıb.“3+3” formatı Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Bu formatda 3 görüş keçirilib: birinci görüş Rusiyada, ikinci görüş İranda, sonuncu görüş isə 2024-cü ildə Türkiyədə. Sonuncu görüşdə Azərbaycan tərəfi növbəti görüşün ölkəmizdə keçirilməsini təklif edib, lakin daha sonra görüşün Ermənistanda keçirilməsinə razılıq verib. Ermənistan isə bu ardıcıllığa razılıq verməyib.
Deputat Tural Gəncəliyev Musavat.com-a bildirib ki, Azərbaycan hər zaman regional ölkələrlə əməkdaşlıq platformasının qurulması, qonşu ölkələr arasında normal münasibətlərin olması və regional kənar qüvvələrin müdaxilə etməməsinin tərəfdarı olub.

Deputatın sözlərinə görə, vaxtilə bu formatda görüşlərin keçirilməsi Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən baş tutmurdu: “Ermənistan-Azərbaycan arasında sülh prosesi ikitərəfli formada həll edilir, heç bir vasitəçiyə ehtiyacımız yoxdur. O ki qaldı belə 3+3 platformasına, prinsipcə, bu platformanın həyata keçirilməsi müsbətdir - regional ölkələrin siyasi, iqtisadi, təhlükəsizlik, kommunikasiya, nəqliyyat xətlərini müzakirə etmək üçün unikal bir şans yaranır. Ancaq digər tərəfdən onu qeyd etmək lazımdır ki, istər Cənubi Qafqazda, istərsə də üç ətraf ölkənin istəkləri və maraqları üst-üstə düşmür”.
Onun sözlərinə görə, son vaxtlar Gürcüstanın 3+3 platformasına maraq göstərməməsi göz qabağındadır, bu platformada iştiraka müsbət baxmır: “O cümlədən, Türkiyə, İran və Rusiyanın bu platformada iştirakı və hansı şəkildə iştirakı sual altındadır. Bir tərəfdən Türkiyə, İran və Rusiya Cənubi Qafqazla həmsərhəd ölkələrdir. Ancaq hər bir ölkənin özünün iqtisadi, hərbi-təhlükəsizlik siyasəti mövcuddur. Görünən odur ki, bu üç ölkə regional ölkələrlə məsələləri hələ ki fərdi şəkildə müzakirə etməyi daha çox məqsədəuyğun hesab edirlər. Bu kontekstdə “3+3” formatı sammit, görüş keçirmək üçün yaxşıdır, ancaq bu formatın arxasında nə durur, hansı məsələlər müzakirə olunacaq və s. önəmli suallardır. Odur ki, tək Azərbaycanın yaxud Ermənistanın, Gürcüstanın deyil, digər üç ölkənin də mövqeyi, istəkləri, arzuları əsas götürülməlidir”.
T.Gəncəliyev hesab edir ki, Azərbaycan özünün milli maraqlarından çıxış edərək həm regional, həm də regiondan kənar ölkələrlə münasibətlərini qurur: “Belə bir format çərçivəsində Azərbaycan iştirakını davam etdirəcək. Cənubi Qafqazda, Xəzər hövzəsində, ümumiyyətlə Böyük Avrasiya regionunda iqtisadi, hərbi-siyasi, təhlükəsizlik, geosiyasi məsələlərin həlli Azərbaycanın iştirakı olmadan mümkün deyil. Buna görə də Azərbaycan heç bir prosesdən kənarda qalmır. Bir sözlə, Azərbaycanın, Ermənistanın, Gürcüstanın mövqeyi kifayət deyil, bütün bu ölkələrin mövqeyi üst-üstə düşməlidir”.
Nigar Həsənli
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ