İnsanlara hürriyət, millətlərə istiqlal!

40 dəfə fəth edilən ŞƏHƏR – Tarixlə müasirliyin rəqabətdə olduğu Belqraddan ÖZƏL REPORTAJ, FOTOLAR

İLK yayım tarixi: 25 avqust, 13:30

Bir şəhər düşünün: tarix boyu 40 dəfə fəth edilib, dəfələrlə dağıdılıb, amma hər dəfə yenidən dirçəlib. Bu gün isə həmin şəhərin küçələrində Roma imperiyasının, Osmanlı dövrünün, Yuqoslaviyanın və müasir Avropanın izləri bir-birinə qarışır. Belqrad məhz bu ziddiyyətləri ilə ilk anlardan təəccübləndirir. Söhbət Serbiyanın paytaxtından gedir.

Cari ilin may ayında Azərbaycandan Serbiyaya birbaşa uçuşlara start verilib. Bu fürsətdən istifadə edib mən də Belqradı kəşf etməyə qərar verdim. Öncə qeyd edim ki, iki ölkə arasında viza rejimi tətbiq olunmur. Uçuşlar həftədə iki dəfə - Belqraddan çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri həyata keçirilir.

Bakıdan Belqrada “Air Serbia” şirkəti ilə uçuş müddəti təxminən 3 saat 35 dəqiqədir. Bilet qiymətinə sendviç və su da daxildir. Əlavə nə isə istəsəniz, ödəniş əsasında sifariş edə bilərsiniz.

Nikola Tesla Aeroportu şəhər mərkəzindən təxminən 25-30 dəqiqəlik məsafədə yerləşir. Belqrad ölkənin mərkəzi hissəsində, Sava və Dunay çaylarının qovuşduğu yerdə, dəniz səviyyəsindən təxminən 116 metr yüksəklikdə yerləşir. 1918-ci ildən 2003-cü ilə qədər Yuqoslaviyanın, 2003-cü ildən 2006-cı ilə qədər isə Serbiya və Monteneqronun paytaxtı olub.

Belqrad və ya serblərin dediyi kimi Beoqrad 7000 illik tarixi ilə Avropanın ən qədim şəhərlərindən biridir. Tarixçilərin hesablamalarına görə, şəhər təxminən 40 dəfə fəth edilib və demək olar ki, hər dəfə küllər üzərində yenidən qurulub. Ümumiyyətlə, Serbiyanın tarixi Roma imperatorlarından Osmanlılara, orta əsr krallığından Yuqoslaviyanın dağılmasına və Kosovo probleminə qədər Balkanların dramatik tarixini əks etdirir.

Serbiya Avropanın cənub-şərqində, Balkan yarımadasının mərkəzində və Pannoniya düzənliyinin bir hissəsində yerləşən, dənizə çıxışı olmayan ölkədir. Şimalda Macarıstan, şimal-şərqdə Rumıniya, şərqdə Bolqarıstan, cənubda Şimali Makedoniya, cənub-qərbdə Albaniya və Monteneqro, qərbdə isə Xorvatiya və Bosniya və Herseqovina ilə həmsərhəddir.

Serbiyanın tarixi minilliklər əvvələ gedib çıxır. Dunay sahilindəki Lepenski Vir və Vinça kimi arxeoloji məkanlar Avropanın ən qədim mədəniyyətlərindən bəzilərinin izlərini qoruyur. Sonralar bölgə Roma imperiyasının mühüm hissəsinə çevrilib. Serbiyanın tarixindəki maraqlı faktlardan biri 17 Roma imperatorunun müasir Serbiya ərazisində doğulmasıdır, onların ən məşhuru xristianlığı qəbul edən Böyük Konstantindir...

Orta əsrlərdə Serbiya güclənərək Balkanların böyük dövlətlərindən birinə çevrilib. XIV əsrdə Stefan Duşanın dövründə ən qüdrətli mərhələsini yaşayan ölkə sonradan osmanlıların təsiri altına düşüb. 1389-cu il Kosovo döyüşü Serb tarixinin ən güclü simvollarından birinə çevrilib və ardınca əsrlərlə davam edən Osmanlı hakimiyyəti başlayıb.

1804-cü ildə başlayan üsyanlar Serbiyanın azadlıq yolunu açıb və 1878-ci ildə müstəqilliyi rəsmən tanınıb. XX əsrdə Serbiya Yuqoslaviyanın qurulmasında əsas rol oynayıb, lakin daha sonra Yuqoslaviyanın dağılması ilə regiondakı müharibələrin mərkəzində qalıb. 2006-cı ildə Monteneqronun ayrılması ilə bugünkü müstəqil Serbiya formalaşıb.

Keçməkeşli tarix paytaxt Belqradın demək olar ki, hər yerində görünür. Bütün dövrlərin izləri hər addımda hiss olunur. Bir tərəfdə Avropa memarlığının nümunələri, bir tərəfdə XX əsr memarlığının minimalist, boz təzahürləri, başqa bir səmtdə isə müasir şüşəli binalar...

Fotolardan göründüyü kimi, tarixi binalar qorunmur. Çılğın gənclər öz yaradıcı bacarıqlarını bu binalarda göstərirlər. Binaların əksəriyyətində qrafiti çəkilib. “Bəs polis hara baxır” sualına gəlincə, şəxsən mən bir həftə ərzində Belqradın nə küçələrində, nə də yollarında demək olar ki, polis görmədim...

Şəhər gəzintisi bir qayda olaraq, Knyaz Mixail (Knez Mihailova) küçəsindən başlanır. Bu Belqradın əsas piyada küçəsidir. Hesab olunur ki, bura qədim Roma şəhəri Singidunumun mərkəzi idi. Osmanlı dövründə isə burada bağlar, fəvvarələr və məscidlər mövcud olub. 1867-ci ildə Belqrad şəhər planının hazırlanmasından sonra küçə indiki görünüşünü əldə edib. Ötən əsrin 50-ci illərə qədər bu küçədəki binaların əksəriyyəti Belqradın ən varlı iki ailəsinə məxsus idi. Kommunizm dövründə isə həmin binalar dövlət mülkiyyətinə çevrilib.

Əksər paytaxtların əsas küçələri kimi, Knyaz Mixail küçəsi də ticarət küçəsidir. Burada tanınmış brendlərin mağazaları, kafelər, restoranlar, suvenirlər satılan dükanlar və s. var. Yolunuz düşərsə, mərkəzi küçədə əl işləri satılan yarmarkaya baş çəkə bilərsiniz.

Burada bəzək əşyaları, müxtəlif suvenirlər, yerli istehsal məhsulları və s. onlarla çeşid yaddaqalan hədiyyə almaq olar. Yarmarkada “Qaqa” adlı serb xanımla tanış oldum. Satdığı əşyalar diqqətimi çəkdi:

- Nə gözəl əşyalar satırsınız.

- Hər biri şəxsi kolleksiyadandır.

- Nə əcəb bu cür gözəl əşyaları satmağa qərar vermisiniz?

- Ən dəyərliləri ailə üzvlərim arasında paylaşdırdım. İndi isə özüm üçün yaşamağa qərar vermişəm. Səyahət etmək istəyirəm. Siz hardan gəlmisiniz?

- Azərbaycandan, Bakıdan.

- Çox gözəlsiniz. Azərbaycan xanımları hər zaman seçilir.

- Təşəkkür edirəm. Ölkəmizdə olmusunuz?

- Xeyr, amma bir gün görmək istəyərəm...

Mehriban serb xanımdan bəzək əşyaları üçün kiçik qutu alıb yoluma davam etdim. Gəzintiyə ara verəndə çox saylı kafelərdən birində əyləşib, yüngülvari qəlyanaltı edə, sərin içkilər içə bilərsiniz. Yeri gəlmişkən, yerli valyuta Serbiya dinarıdır – 100 rsd = 1.69 AZN.

Qiymətlərə gəlincə, məsələn, bir bakal sərin limonad 375-395 rsd-dir (6.34-6.68 AZN), pizzaların qiyməti isə 990 rsd-dən başlayır, təxminən 17 manat...

Knyaz Mixail küçəsində gəzərkən qarşınıza səyyar fotoqraf çıxa bilər. Əgər paytaxt Belqraddan maraqlı xatirə istəyirsinizsə, mütləq sınayın. Yerində fotonuz çəkilir, saniyələr içərisində qəzet səhifəsində çap olunur və verilir. Maraqlıdır ki, yeniyetmə fotoqraf bu cür hədiyyə üçün standart qiymət demir, sadəcə bəxşiş istəyir. Bir neçə foto çəkdirəcəksinizsə, səxavətli bəxşiş vermək daha yaxşı olar.

Əgər gəzintiniz birinci günə təsadüf etməyibsə, Milli Muzeyə də baş çəkə bilərsiniz. Bazar ertəsi günü muzeylər bağlıdır. Muzey Respublika meydanının girişində yerləşir. Bütün zalları gəzmək istəyirsinizsə, qiymət 600 rsd-dir (10,14 AZN).

Muzeyin kolleksiyasında məşhur Avropa rəssamlarının rəsm və qravürləri mövcuddur: Pikasso, Renuar, Rembrant, Van Qoq və başqaları. Numizmatika kolleksiyasında 300 mindən çox əşya (sikkələr, medallar, üzüklər) var. Buraya eramızdan əvvəl 5-ci və 6-cı əsrlərə aid nümunələr, eləcə də Makedoniyalı II Filipin və onun oğlu Makedoniyalı İskəndərin sikkələri daxildir. Eksponatlar arasında müasir incəsənətə aid rəsm əsərləri, heykəltaraşlıq nümunələri də var.

Respublika meydanı isə paytaxtın əsas meydanıdır. Burada Belqradın əsas simvollarından sayılan Serbiya şahzadəsi Mixail Obrenoviçin heykəli ucaldılıb. Abidə türklərin Serbiyadan tamamilə çıxarılması və Serbiyada hələ də türklərin hakimiyyəti altında qalan yeddi şəhərin azad edilməsinə həsr olunub. Abidənin postamentindəki lövhələrdə şəhərlərin adları həkk olunub. Şahzadənin əli ozamankı adı ilə Konstantinopola (İstanbul – red.) tərəf tuşlanıb.

Gündüz saatları üçün nəzərdə tutduğunuz yerləri gəzdikdən sonra Belqradın gecə həyatının dadını çıxara bilərsiniz. Başqa mövsümləri deyə bilmərəm, amma yay aylarında küçələr boyu yerləşən kafe və restoranların bəzilərində günboyu canlı musiqi səslənir.

O ki qaldı təhlükəsizliyə, qeyd etdiyim kimi, küçələrdə və yollarda polislər gözə dəyməsə də, Belqradı təhlükəsiz şəhər saymaq olar. Ən azı orada olduğum bir həftə ərzində hər hansı neqativ hadisə ilə qarşılaşmadım. Yerlilər gündəlik həyatını yaşayır, turistlər isə şəhəri kəşf etməyə çalışır.

Davamı növbəti reportajda.

Nigar Həsənli,
Musavat.com
Belqrad, Serbiya,
Fotolar müəllifə məxsusdur

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR