İnsanlara hürriyət, millətlərə istiqlal!

45 milyard dollarlıq zirvədən ömürlük həbsə – Qitənin ən varlı adamının sonu

2017-ci ildə Asiyanın ən varlı şəxsi hesab edilən çinli milyarder, “Evergrande” şirkətinin qurucusu və keçmiş sədri Hui Ka Yan ömürlük həbs cəzasına məhkum edilib.

Musavat.com xəbər verir ki, Çin məhkəməsi Hui Ka Yanı vəsaitlərin cəlb edilməsi zamanı dələduzluq, vəsaitlərin təyinatından kənar istifadəsi və qiymətli kağızlarla bağlı fırıldaqçılıqda təqsirli bilib.

Məhkəmənin qərarına əsasən, milyarderin bütün əmlakı müsadirə olunub. “Evergrande” şirkətinə isə 2,35 milyard dollar məbləğində cərimə tətbiq edilib.

İstintaq materiallarına görə, 2016–2021-ci illərdə Hui Ka Yan və “Evergrande” genişmiqyaslı maliyyə fırıldaqları həyata keçirib, vəsaitlərdən qanunsuz istifadə edib və dövlət depozitlərini mənimsəyib.

Cinayət işi üzrə daha 56 nəfər 22 aydan 18 ilədək həbs cəzası alıb. Məhkum edilənlər arasında milyarderin iki oğlu da var.

Hui Ka Yan “Evergrande” şirkətini 1996-cı ildə Quançjou şəhərində yaradıb. Borc vəsaitləri hesabına böyük tikinti layihələri həyata keçirən şirkət zamanla Çinin ən iri daşınmaz əmlak şirkətlərindən birinə çevrilib.

2017-ci ildə Hui Ka Yanın sərvəti 45,3 milyard dollar qiymətləndirilirdi və o, həmin vaxt Asiyanın ən varlı şəxsi idi. 2023-cü ilə qədər isə onun sərvəti təxminən 3 milyard dollara düşmüşdü.

“Evergrande”nin böhranı 2021-ci ildə şirkətin 300 milyard dollardan çox borc yükü fonunda ödənişlərini yerinə yetirə bilməməsi ilə kəskinləşib. Şirkət istiqrazlar üzrə ödəniş müddətini ötürərək defolta düşüb. Səhmlərin ticarəti təxminən il yarım dayandırılıb, bərpa edildikdən sonra isə onların qiyməti 85 faiz ucuzlaşıb.

“Evergrande”nin çöküşü Çinin daşınmaz əmlak sektorunda uzunmüddətli böhranın əsas hadisələrindən birinə çevrilib və ölkə iqtisadiyyatındakı ciddi riskləri üzə çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR