Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşməsi iqtisadi və ticarət əlaqələrinin dinamikasında da özünü göstərir. Son illərdə iki ölkə arasında qarşılıqlı ticarətin həcminin əhəmiyyətli dərəcədə artması iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də iki ölkə arasında ticarət dövriyyəsinin artım dinamikasına xüsusi diqqət çəkib.
Bəs Azərbaycan Özbəkistandan əsasən hansı məhsulları idxal edir, qardaş ölkəyə nə satır? İki ölkə arasındakı ticarətdə hansı məhsullar üstünlük təşkil edir?
Musavat.com bildirir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin əsas göstəricilərini açıqlayıb.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasındakı ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3,2 dəfə artaraq 795 milyon dollara çatıb:
"Ötən il Özbəkistandan Azərbaycana idxal 719 milyon dollar, Azərbaycandan Özbəkistana ixrac isə 76 milyon dollar təşkil edib. Bu göstəricilər Özbəkistanın Azərbaycanla ticarətdə 643 milyon dollarlıq müsbət saldoya malik olduğunu göstərir.

2025-ci ildə Azərbaycan Özbəkistanla 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. Ticarət statistikasında xüsusilə iki məqam diqqət çəkir: Özbəkistandan idxalımızın 71 faizini qızıl, Azərbaycandan Özbəkistana ixracın isə təxminən yarısını şəkər təşkil edib.
Belə ki, ötən il Azərbaycan Özbəkistandan 508 milyon dollar dəyərində qızıl idxal edib. “710813” məhsul kodu üzrə rəsmiləşdirilən bu məhsul UNSD təsnifatına əsasən “qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl” kimi qruplaşdırılır.
Azərbaycanın Özbəkistana əsas ixrac məhsullarından biri isə şəkər olub. Ötən il qardaş ölkəyə 32 milyon dollar dəyərində ağ şəkər ixrac edilib.
Özbəkistandan idxalda qızıldan sonra bir sıra digər məhsullar da əhəmiyyətli paya malik olub. Bunlar arasında 32,6 milyon dollar dəyərində tütün, 21 milyon dollar dəyərində saflaşdırılmış misdən digər məftillər, 13,6 milyon dollar dəyərində qabığı təmizlənmiş yunan qozu, 12,4 milyon dollar dəyərində minik avtomobilləri üçün kuzovlar, 9,1 milyon dollar dəyərində qurudulmuş üzüm, 8,5 milyon dollar dəyərində televiziya rabitəsi üçün rəngli təsvirli digər qəbuledici aparatlar, 6,4 milyon dollar dəyərində avtomobil mühərrikləri, 5,7 milyon dollar dəyərində kimyəvi tekstil materialları, 5,5 milyon dollar dəyərində saflaşdırılmış misdən borular, 5,3 milyon dollar dəyərində trikotaj parçalar və 3,5 milyon dollar dəyərində kağız məmulatları yer alıb.
Azərbaycanın Özbəkistana ixracında isə şəkərlə yanaşı, emal olunmamış alüminium, qaynaq edilmiş borular, qabıqlı badam, lak və boyaq maddələri də əsas məhsullar sırasında olub. Ötən il Özbəkistana 11 milyon dollar dəyərində emal olunmamış alüminium, 1,7 milyon dollar dəyərində qaynaq edilmiş borular, 1,4 milyon dollar dəyərində qabıqlı badam və 1,3 milyon dollar dəyərində lak və boyaq maddələri ixrac edilib".
Millət vəkili bildirib ki, digər qardaş türk dövlətləri ilə olduğu kimi, Özbəkistanla da ticarət dövriyyəsinin daha da artırılması prioritet istiqamətlərdəndir. Yaxın dövr üçün əsas hədəf iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.
Xalidə Gəray
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ