İnsanlara hürriyət, millətlərə istiqlal!

500 kilometrlik dəmir yolu üç ölkəni birləşdirəcək

Çini Qırğızıstan üzərindən Özbəkistanla birləşdirəcək nəhəng dəmir yolu layihəsində mühüm mərhələ geridə qalıb. Qırğızıstanda uzunluğu təxminən 210 metr olan ilk tunel tamamlanıb, ölkə ərazisində dəmir yolu tikintisinin 17 faizinin başa çatdığı açıqlanıb.

Musavat.com xəbər verir ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu tam istifadəyə verildikdən sonra uzunluğu 500 kilometrdən çox olan yeni nəqliyyat dəhlizi yaradacaq. Xətt Çinin Sincan bölgəsindəki Kaşqar şəhərindən başlayacaq, Qırğızıstanın dağlıq ərazilərindən keçərək Özbəkistanın Əndican şəhərinə çatacaq.

Dəmir yolundan həm yük, həm də sərnişin daşımalarında istifadə olunması planlaşdırılır.

Dağların arasından 27 tunel keçəcək

Layihənin tammiqyaslı tikintisinə 2025-ci ilin iyununda başlanılıb. Marşrutun ən çətin hissəsi Qırğızıstan ərazisindən keçir. Burada 27 tunel, 43 körpü və 20 dəmir yolu stansiyasının tikintisi nəzərdə tutulur.

İlk tamamlanan tikili 209,6 metr uzunluğundakı Kosh Dobo North No. 2 tunelidir.

Xəttin təxminən 305 kilometrlik hissəsi Qırğızıstandan keçəcək. Ərazinin əsasən dağlıq olması səbəbindən marşrut boyunca çox sayda tunel və körpünün inşasına ehtiyac yaranıb.

Layihə 30 ildir gündəmdədir

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi əslində təxminən 30 ildir müzakirə olunur. İlk planlar 1990-cı illərdə ortaya çıxsa da, maliyyələşmə problemləri, mürəkkəb relyef və üç ölkədə fərqli dəmir yolu standartlarının tətbiqi səbəbindən layihənin reallaşdırılması uzun müddət mümkün olmayıb.

Rayların ölçüləri arasındakı fərq səbəbindən yüklərin Qırğızıstanın Makmal bölgəsində bir qatardan digərinə köçürülməsi planlaşdırılır.

Çindən Avropaya yeni dəhliz

Yeni dəmir yolu xəttinin xüsusilə beynəlxalq yükdaşımalarında mühüm rol oynayacağı gözlənilir. Çindən çıxan yüklər Qırğızıstan və Özbəkistan üzərindən Mərkəzi Asiya, Yaxın Şərq və Avropaya daşına biləcək.

Yeni marşrutun mövcud nəqliyyat yollarına alternativ yaradacağı və bəzi yüklərin təyinat məntəqəsinə çatdırılma müddətini 8 günədək qısaldacağı bildirilir. Eyni xətt üzrə sərnişin qatarlarının da hərəkət etməsi planlaşdırılır.

Layihənin 2031-ci ilin iyununda istifadəyə verilməsi hədəflənir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun ümumi dəyərinin təxminən 4,7 milyard dollar olacağı gözlənilir. Layihə Mərkəzi Asiyada son illərin ən böyük dəmir yolu investisiyalarından biri hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR