Onlayn ictimai-siyasi qəzet
Rusiyalı və ukraynalı turistlər Türkiyənin məşhur istirahət bölgəsi Alanyada əlbəyaxa olublar.
Musavat.com xəbər verir ki, hadisə Alanyanın Payallar məhəlləsində yerləşən beşulduzlu otellərdən birində baş verib. “Alanya Gazetesi”nin məlumatına görə, rusiyalı və ukraynalı turistlər arasında əvvəlcə sərt sözlü mübahisə yaranıb. Qarşılıqlı ittihamlar və söyüşlər qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Tərəflər bir-birinə yumruq və təpiklərlə hücum ediblər.
Otel işçiləri davaya müdaxilə edərək tərəfləri böyük çətinliklə ayırıblar. Ətrafdakı turistlərin mobil telefonla çəkdiyi görüntülərdə gərginliyin uzun müddət davam etdiyi görünür. Hadisənin konkret hansı ifadə və ya hərəkətdən başladığı hələlik müəyyənləşdirilməyib. Otel rəhbərliyinin araşdırmaya başladığı bildirilir. “Yeni Alanya” və digər yerli media qurumları da hadisəni “müharibənin Alanyaya sıçraması” kimi təqdim ediblər.
Bu qarşıdurma ilk deyil. Hələ 2022-ci ilin martında Antalyada rusiyalı turistlərlə ukraynalı idmançılar arasında müharibə səbəbindən mübahisə yaranmış, vəziyyətə polis müdaxilə etmişdi. 2023-cü ilin fevralında isə Belekdə eyni oteldə qalan Rusiyanın “Şinnik Yaroslavl” və Ukraynanın “Minaj” futbolçuları arasında kütləvi dava baş vermişdi. (DHA)
2022-ci il fevralın 24-də başlanan genişmiqyaslı müharibədən sonra çox sayda rusiyalı və ukraynalı Türkiyəyə köçüb. Onların böyük hissəsi Antalya və Alanya ilə yanaşı, İstanbul, İzmir, Mersin, Muğla və digər turizm şəhərlərində məskunlaşıb. Bundan başqa, hər il hər iki ölkədən milyonlarla turist Türkiyənin dəniz sahillərində istirahət edir. Müharibənin yaratdığı psixoloji gərginlik eyni oteldə, restoranda, çimərlikdə və yaşayış məhəlləsində üz-üzə gələn insanlar arasında zaman-zaman sözlü, bəzi hallarda isə fiziki qarşıdurmaya çevrilir.
Görünən budur ki, Rusiya–Ukrayna savaşı artıq yalnız cəbhə xəttində getmir. Onun ağrısı və nifrəti ruslarla ukraynalıların qarşılaşdığı başqa ölkələrə də daşınır. Hər iki tərəfin verdiyi ağır itkilər, dağıdılmış şəhərlər və minlərlə ailənin yaşadığı faciələr iki slavyan xalq arasında dərin uçurum yaradıb.
Bir gün silahlar susa bilər. Ancaq bu müharibənin xalqların yaddaşında yaratdığı nifaqın aradan qalxması, görünür, daha uzun illər çəkəcək.
Videonu təqdim edirik:
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ