Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək.
Proqrama əsasən, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq, bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaqdır. Sənədə əsasən, dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmi daha da genişləndiriləcək.
Proqramda qeyd edilir ki, güzəşt tədbirləri Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışı sürətləndiriləcəkdir. Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaqdır.
Zəngəzur dəhlizi Naxçıvanın iqtisadiyyatını konkret olaraq necə dəyişə bilər? Dəhlizin açılması Naxçıvanı sadəcə tranzit əraziyə, yoxsa istehsal və logistika mərkəzinə çevirə bilər? Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə Türkiyə və Avropa bazarlarına çıxışının asanlaşması hansı sahələr üçün daha böyük imkanlar yaradacaq? Dəhliz açıldıqdan sonra Naxçıvan sahibkarlarına güzəştlərin verilməsi yerli istehsalın artmasına və yeni investisiyaların cəlb olunmasına nə qədər təsir edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, Naxçıvanın iqtisadi inkişafını uzun illər məhdudlaşdıran əsas səbəblərdən biri onun Azərbaycanın əsas ərazisindən ayrı düşməsi və bunun nəticəsində yaranan yüksək logistik xərclər olub:
"Bu baxımdan, Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün yalnız yeni nəqliyyat yolunun istifadəyə verilməsi deyil, eyni zamanda Muxtar Respublikanın iqtisadi coğrafiyasının dəyişməsi deməkdir. Məhz dövlət proqramına edilən son dəyişiklik də bu yanaşmanı göstərir. Nəzərə alaq ki, sənəddə Naxçıvanda istehsal olunan məhsulların ölkədaxili və xarici bazarlara çıxışının sürətləndirilməsi, sahibkarlara logistik dəstəyin göstərilməsi, daşınma xərclərinin optimallaşdırılması və Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra əlavə güzəştlərin tətbiqinin qiymətləndirilməsi nəzərdə tutulur. Yəni burada əsas məsələ Naxçıvanın sadəcə tranzit əraziyə çevrilməsi deyil. Əgər dəhlizdən yalnız yüklərin keçidi üçün istifadə olunacaqsa, Naxçıvan bunun iqtisadi faydasının müəyyən hissəsini əldə edə biləcək. Amma daha böyük iqtisadi effektin yaranması üçün dəhlizin ətrafında istehsal, logistika, anbar təsərrüfatı, emal, qablaşdırma və xidmət sahələrinin formalaşdırılması lazımdır. Məqsəd yükün Naxçıvandan keçib getməsi deyil, məqsəd məhz Naxçıvanda əlavə dəyərin yaradılmasıdır".
İqtisadçının fikrincə, yeni nəqliyyat imkanları burada kənd təsərrüfatı, qida sənayesi, emal sənayesi, tikinti materialları və ümumiyyətlə, ixrac potensialı olan digər yerli istehsal sahələri üçün əhəmiyyətli imkanlar yarada bilər:
"Eyni zamanda Naxçıvanın Türkiyə ilə birbaşa sərhədinin olması da təbii ki, bu imkanları daha da genişləndirir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsi bərpa olunarsa, bu, həm Naxçıvanın ölkənin daxili bazarına çıxışını genişləndirə, həm də Türkiyə üzərindən daha böyük xarici bazarlara çıxış imkanlarını artıra bilər. Amma yolun, yəni dəhlizin açılması özlüyündə investisiya yaratmır. İnvestor üçün əsas məsələ məhsulu hansı xərclə istehsal etmək, daha sonra hansı maya dəyəri ilə və hansı logistik imkanlarla bazarlara çıxarmaqdır. Ona görə də dövlət proqramında nəzərdə tutulan güzəştlərin məhz istehsala və ixraca yönəldilməsi vacibdir. Yəni dövlət proqramında nəzərdə tutulan güzəştlərin hansı istiqamətə yönəldilməsi məsələsində əsas prioritet istehsal və ixrac olmalıdır. Zəngəzur dəhlizinin Naxçıvan üçün əsas iqtisadi əhəmiyyəti və yaratdığı əsas dəyər də məhz bu detallarda olacaq".
Eldəniz Əmirov vurğulayıb ki, bu imkanlar yaradıldıqdan sonra blokadada olan Naxçıvan iqtisadiyyatı bir növ keçid iqtisadiyyatına çevrilə bilər:
"Növbəti mərhələdə isə əsas məqsəd bu keçid iqtisadiyyatının istehsal və logistika iqtisadiyyatına transformasiya olunması olmalıdır".
Xalidə Gəray
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ