Onlayn ictimai-siyasi qəzet
Eyni alət həm valyutanın bahalaşmasını, həm də müəyyən şəraitdə inflyasiyanı idarə etmək üçün istifadə oluna bilər
Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyyə sektorunda dedollarlaşma prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib. “Yeni Müsavat” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu şəraitdə cari ilin avqust ayında AMB tərəfindən 1,5 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, cari ilin ötən dövründə AMB-nin valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları məbləğində və ya 33% artaraq tarixi maksimuma - 15,3 milyard ABŞ dollarına yüksəlib. Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin bundan sonra bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq. Valyuta Fondu niyə dollar yığır?
Bu yanaşma yalnız Azərbaycana xas deyil. Dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları oxşar vəziyyətlərdə xarici valyuta alışı həyata keçirirlər. Məsələn, Sinqapurda milli valyutaya güclü bahalaşma təzyiqi yarandıqda ölkənin pul-kredit siyasətinə cavabdeh qurumu - Monetary Authority of Singapore - xarici valyuta alaraq Sinqapur dollarının həddindən artıq möhkəmlənməsinin qarşısını almağa çalışır. Bu mexanizm Azərbaycan Mərkəzi Bankının hazırkı müdaxiləsinə müəyyən mənada bənzəyir.
İsveçrədə də oxşar təcrübə müşahidə olunub. İsveçrə Milli Bankı uzun müddət frankın həddindən artıq bahalaşmasının qarşısını almaq üçün xarici valyuta alıb. Məsələn, 2009-2021-ci illərdə frankın güclənməsinin qarşısını almaq məqsədilə böyük həcmdə xarici valyuta alınıb. Bunun nəticəsində valyuta ehtiyatları 2007-ci ilin sonunda 85 milyard frankdan 2021-ci ilin sonunda 1,015 trilyon franka yüksəlib. Sonradan inflyasiya yüksələndə isə istiqamət dəyişib və ölkənin milli bankı xarici valyuta sataraq frankın möhkəmlənməsinə imkan verib.
İnkişaf etməkdə olan ölkələrdə də kapital və valyuta daxilolmalarının artdığı dövrlərdə mərkəzi bankların bazara müdaxilə etməsi geniş yayılmış praktikadır. Məqsəd milli valyutanın kəskin bahalaşmasının qarşısını almaqla yanaşı, xarici valyuta ehtiyatlarını artırmaqdır.
Yəni eyni alət həm valyutanın bahalaşmasını, həm də müəyyən şəraitdə inflyasiyanı idarə etmək üçün istifadə oluna bilər.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları kapital axınları artanda tez-tez valyuta bazarına müdaxilə edir. BVF qeyd edir ki, orta hesabla bu ölkələrin mərkəzi bankları daxil olan kapital axınının təxminən 30-40%-ni valyuta bazarında alaraq ehtiyatlarına əlavə edə bilirlər.
Maraqlıdır ki, hazırda əks istiqamətdə nümunə də var. Məsələn, Yaponiya hazırda yenin sürətlə bahalaşmasının qarşısını almaq üçün əks əməliyyat həyata keçirir - dollar satıb yen alır. 2026-cı ilin iyul-avqust aylarında Yaponiya təxminən 15,4 trilyon yen (təxminən 99 milyard dollar) həcmində müdaxilə edib. Hindistanda isə vəziyyət daha maraqlıdır: böyük dollar daxilolmaları fonunda Hindistan Ehtiyat Bankı son günlərdə dollar sataraq rupi məzənnəsini sabitləşdirməyə çalışıb.

Xalid Kərimli
Bunu Azərbaycan üçün necə izah etmək olar? İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Mərkəzi Bankın valyuta ehtiyatlarının 15 milyard dollara çatmasının əsas səbəbi ölkədə tətbiq edilən fiksə olunmuş valyuta rejimidir. Mərkəzi Bank tərəfindən 1.70 məzənnəsi müəyyən edilib və bu kursu saxlamaq üçün Mərkəzi Bank bazardakı artıq dollarları alır. İntervensiya da elə Mərkəzi Bankın 1.70 kursunu qorumaq məqsədilə artıq dollarları bazardan yığması deməkdir. Bazarda dollar bolluğu yarandıqda valyutanın dəyəri düşür. Bunun qarşısını almaq üçün Mərkəzi Bank həmin dollarları alaraq bazara manat kütləsi daxil edir ki, kurs 1.70-dən aşağı - 1.65 və ya 1.60 səviyyəsinə enməsin.
Bəs bu dollar bolluğu haradan yaranır? Hər il Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürüləcək dollarların həcmi müəyyənləşdirilir. Valyuta bollaşmasının əsas mənbəyi neft-qaz sektorudur. Neft Fondu büdcə transferlərini həyata keçirmək üçün dolları satıb manata çevirməli və bunu Mərkəzi Banka təqdim etməlidir. Neft Fondu bazarda alıcı tapmadıqda, bu valyutanı Mərkəzi Bank özü alır".
İqtisadçı qeyd edir ki, milli valyutaya - manata olan etibarın artması da prosesdə mühüm rol oynayır: “Əvvəlki dövrlərdən fərqli olaraq, vətəndaşlar artıq dollar almağa meyl göstərmirlər. Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən, vətəndaşlar 2 milyard dollardan çox valyuta satıblar. Ötən ildən başlayan bu tendensiyanın ilin sonuna qədər sürətlə davam edəcəyi gözlənilir. Mərkəzi Bank bazardakı valyuta artıqlığını aradan qaldırmaq üçün həmin dollarları toplayır. Bu artıq valyutanın əsas mənbəyi Neft Fondunun bazara çıxardığı vəsaitlərdir. Çünki əhalinin və ya biznesin ixrac imkanları hələ o həddə deyil.
Neft Fondu dövlət büdcəsinə transfert etməli olduğu məbləği təmin etmək üçün valyutanı bazara çıxarır. Bu vəsaitlər büdcə xərclərinin, əməkhaqlarının, cari və investisiya xərclərinin ödənilməsinə yönəldilir. Neft Fondu transferti həyata keçirərkən bankların valyutaya tələbatı kifayət etmədikdə prosesə Mərkəzi Bank müdaxilə edir. Mərkəzi Bank həmin dollarları alaraq Neft Fonduna manat təqdim edir, Neft Fondu da öz növbəsində həmin manat vəsaitini büdcəyə transfert edir. Məsələnin məğzi bundan ibarətdir".
Afaq MİRAYİQ,
“Yeni MÜSAVAT”
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ