İnsanlara hürriyət, millətlərə istiqlal!

Kirayə mənzil bazarında qiymətlər heyrətləndirdi - FOTOLAR

Dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonlardan Bakıya təhsil almağa gələn tələbələrin əsas problemlərindən biri də kirayə mənzil tapmaqdır. Universitetə qəbul olunan tələbə üçün təhsil xərcləri ilə yanaşı, yaşayış və kirayə haqqı da ciddi maliyyə yükünə çevrilir.

Kirayə mənzil bazarında isə tələbələr üçün vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi bildirilir.

Musavat.com əmlak bazarında olub, hazırkı vəziyyətlə maraqlanıb. Əmlak bazarında çalışan maklerlər deyirlər ki, ev sahiblərinin bir qismi oğlan tələbələrə mənzil vermək istəmir. Səbəb kimi isə əvvəlki kirayəçilərlə bağlı yaşanan problemləri göstərirlər.

Dəllal: “Oğlan üçün tapmaq bir az çətindir, açığını desəm”. Söhbət zamanı “makler” bunun səbəbini də açıqlayır. Onun sözlərinə görə, bəzi ev sahibləri oğlan tələbələrin mənzildə siqaret çəkməsindən, spirtli içki qəbul etməsindən və digər problemlərdən narahatdır.

Yəni problem təkcə qiymətlə bağlı deyil. Tələbənin oğlan və ya qız olması belə onun kirayə ev tapmaq imkanına təsir edir.

Qiymətlərlə maraqlanırıq. Dəllalın sözlərinə görə, hazırda metroya yaxın ərazidə ikiotaqlı mənzillərə 600 manat civarında qiymət qoyulur.

“İki otaq var, 600 manata”, deyir. Söhbətdə sözügedən mənzilin metronun “Neftçilər” stansiyasına yaxın, Rüstəm Rüstəmov küçəsində, “Nazlı” sarayın yaxınlığında yerləşdiyi bildirilir.

Daha münasib variant axtaran tələbələr üçün isə ev yiyəsi ilə qalmaq variantı təklif olunur. Bu halda tələbə ayrıca mənzil kirayələmir, ev sahibinin yaşadığı evdə otaq kirayələyir.  “Xozeyka” ilə 200 manatdır. Evdə daha iki tələbə də olacaq”.


WhatsApp Image 2026-09-09 at 16.51.54.jpeg (173 KB)


Bəs niyə kirayə qiymətləri bu qədər yüksəkdir?

Əmlakçının fikrincə, burada yalnız kirayə bazarındakı tələb və təklif deyil, mənzillərin satış qiymətlərinin artması da rol oynayır. Onun sözlərinə görə, mənzil sahibi evi baha qiymətə alıbsa, onu çox aşağı kirayə haqqına vermək istəmir: “Ev yiyəsi 190 min manat verib o 2 otağa. Ona görə də bu cür baha qiymətə kirayə verirlər”.

Əmlakçı həmçinin bəzi mənzillərin ipoteka ilə alındığını və sahiblərin aylıq ödənişlərini qarşılamaq üçün mənzili kirayəyə verdiklərini qeyd edir:

Beləliklə, yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzil bazarında tələbələr üçün iki əsas problem ön plana çıxır: yüksək qiymətlər və mənzil tapmaqda çətinlik. Xüsusilə oğlan tələbələrin qarşılaşdığı problem isə daha fərqlidir. Eyni büdcəyə ev axtaran qız tələbə ilə oğlan tələbənin seçim imkanları heç də eyni deyil.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bizimlə söhbətdə deyib ki, hazırda qiymət artımı və tələbat daha çox paytaxtın Yasamal rayonunda baş verir:  “Çünki ali təhsil müəssisələrinin böyük hissəsi Yasamal rayonunda yerləşir və təkcə Yasamal rayonunda 4 metro stansiyası mövcuddur. Metrostansiyalarının çoxunun bu rayonda olması, bir çox dövlət qurumlarının, nazirliklərin və ali təhsil müəssisələrinin burada yerləşməsi səbəbindən daim tələbat və qiymət artımı daha çox bu rayonda baş verir. Müxtəlif ərazilərdə də qiymət artımları baş verir. Ənənəvi olaraq, avqust-sentyabr aylarında kirayə mənzillərə tələbat artır və qiymət artımı müşahidə olunur. Bu il qiymət artımının əvvəlki illərlə müqayisədə daha çox olması labüddür. Bunun əsas səbəblərindən biri Bakıda aparılan söküntülərdir. Köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi, bəzi ərazilərin dövlət ehtiyacları üçün alınması mənzil fondunun azalmasına gətirib çıxarır. Dövlət ehtiyacları üçün ərazi alındığı və binalar söküldüyü zaman həmin ərazidə yeni binalar inşa olunmur. Parklar salınır və bir çox ərazilər müxtəlif infrastrukturlar üçün istifadə olunur. Bu da artıq mənzil fondunun azalmasına gətirib çıxarır. Xüsusən də sökülən bu tip əmlaklarda, çoxmənzilli yaşayış binalarında və yaşayış məntəqələrində olan mənzillərin kirayə qiymətləri yeni binalardakı mənzillərdən daha ucuzdur. Digər tərəfdən, aparılan söküntülərdə artıq köhnə binalar sökülərək onların yerində yeni binalar inşa olunduqca, yeni binalardakı mənzillərin kirayə qiymətləri köhnə binalardan orta hesabla iki dəfəyə qədər daha baha qiymətə təklif olunur".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR