Onlayn ictimai-siyasi qəzet
İranın nüvə proqramı ətrafında gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
İran, Rusiya və Çin Tehranın nüvə obyektlərinə qarşı yeni hücumların həyata keçirilməməsinə dair təminat tələb edib. Üç ölkə MAQATE-nin İdarə Heyətinə ünvanladığı birgə bəyanatda İranın agentliyin təminatları altında olan nüvə obyektlərinə əvvəlki hücumları pisləyib və yeni hücum təhdidlərinin davam etməsindən narahatlıq ifadə edib. Tehran, Moskva və Pekin hesab edir ki, nüvə obyektlərinin təhlükəsizliyinə dair risklər aradan qaldırılmadan MAQATE-nin İranda monitorinq və yoxlama fəaliyyətini normal şəkildə həyata keçirməsi mümkün deyil.
Bu bəyanat sadəcə diplomatik xəbərdarlıqdır, yoxsa Tehranı mümkün yeni hücumlardan qorumağa hesablanmış daha ciddi siyasi addımdır?
Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, bu günə qədər İranı qızışdıran, bölgəni və bütövlükdə regionu gərginlik içində saxlayan əsas qüvvələrdən biri Rusiyadırsa, ikincisi Çindir: “Bildiyimə görə, İranda nüvə silahı ideyasını ilk dəfə iranlılara çatdıranlardan biri də rusiyalılar olub. İrandakı Buşehr Atom Elektrik Stansiyasının tikintisini də məhz Rusiya həyata keçirib. Ümumiyyətlə, atom elektrik stansiyalarının mövcudluğu sonradan nüvə silahının hazırlanması üçün müəyyən imkanlar yaradır və belə silahların hazırlanmasını xeyli asanlaşdıra bilər".
Professor Çinin də son dövrlərdə yeni dünya düzəninin formalaşmasında fəal rol oynadığını bildirib: "Çin son dərəcə fəal şəkildə yeni dünya düzəninin qurulması prosesinə qoşulub. Çin məhz İranı qabağa atmaqla, onu Qərbə, ilk növbədə isə ABŞ və İsrailə qarşı mübarizədə istifadə etməyə başlayıb. İndi də bəzi məlumatlar var ki, Çin İranın “çirkli nüvə bombası” hazırlamasına yardım edir. Bu, mükəmməl nüvə silahı deyil, amma radiasiya yaymaq və ətraf mühiti çirkləndirmək baxımından kifayət qədər təhlükəli silahdır. İddialara görə, İran Çinin köməyi ilə belə bir silahın hazırlanmasına xeyli yaxınlaşıb. Bu vəziyyət isə bölgəni yenidən ciddi gərginliyə doğru aparır".
Qabil Hüseynli Trampın İrana qarşı sərt ritorikasının da vəziyyətə təsir etdiyini deyib: “Trampın özü də müharibənin bu qədər proqressiv ssenari üzrə inkişaf etməsində müəyyən rol oynayıb. Rusiya üçün dünyanın necə olacağı, hansı dünya düzəninin hökm sürəcəyi, əslində, o qədər də əhəmiyyətli deyil. “Mən itirirəmsə, hamı itirsin” tezisi ilə çıxış edən Rusiya indi İranı qabağa itələyir. Çin də buna bənzər fəlsəfə ilə çıxış edir: İranı həm bəzi yeni silahlarla təchiz edir, həm də dediyim kimi, “çirkli nüvə silahı” ideyasını İran siyasi rəhbərliyinin gündəminə gətirir”.
Xalidə Gəray
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ