Onlayn ictimai-siyasi qəzet
Oyuncaqlara dair yeni tələblər müəyyənləşib. Sözügedən məsələ Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”də əksini tapıb.

Qərara əsasən, 3 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlar və onların çıxarıla bilən hissələri, habelə bilavasitə qida məhsullarına bərkidilən oyuncaqlar uşaqların yuxarı tənəffüs yollarına düşməsinin qarşısını alacaq ölçüdə olmalıdır. Uşağın başını tam örtən, hava keçirməyən materialdan hazırlanan maskalar və dəbilqələr kifayət qədər havalandırmanın olmaması səbəbindən yaranan boğulma riskini aradan qaldıracaq şəkildə hazırlanmalı və istehsal edilməlidir.
Uşağın ağzı ilə birbaşa təmasda olan çınqıldayan oyuncaqların və digər oyuncaqların səthinin rənglənməsinə və naxışlanmasına icazə verilmir. Qərara əsasən, aşağıdakılar oyuncaq sayılmayacaq:
- Yolka ağacı bəzəkləri, süni ağaclar və aksesuarları, elektrik çələngləri;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan kolleksiya məqsədləri üçün hazırlanmış miqyaslı modellər;
- Uşaq meydançaları üçün avadanlıqlar;
- İdman avadanlıqları, o cümlədən sualtı avadanlıqlar;
- 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmayan folklor və dekorativ kuklalar.
Bəs qadağalara nə dərəcə əməl olunacaq?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a bildirib ki, oyuncaqlar və cizgi filmləri təkcə əyləncə vasitəsi deyil, həm də böyük biznes layihələridir:
"Hazırda biz gözü doymayan, könlü doymayan, acgöz rəqəmsal istehlak cəmiyyətində yaşayırıq. Baxın, bir balaca uşağın nə qədər oyuncağı var. Əslində, bu, uşaqları gələcəkdə də gözü doymayan istehlakçılara çevirməyə hesablanmış biznes layihəsidir. İnsanlar istehlak etməklə, sanki çəyirtkə sürüsü kimi, Yer üzünü dağıdırlar. Bu əsr israfçılıq və hədsiz istehlak əsridir. Oyuncaqlar da bu prosesin tərkib hissələrindən biridir".

Eyyub Hüseynovun sözlərinə görə, uşaq oyuncaqlarının təhlükəsizliyinə nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. O, bu məsələdə əvvəlki normativ tənzimləmənin ləğvindən sonra yaranan boşluqlara diqqət çəkib:
"2021-ci ilə qədər Nazirlər Kabinetinin 343 saylı qərarı qüvvədə idi. Həmin qərarda təhlükəsizliyi təmin edilməli olan malların siyahısı yer alırdı və bu mallar sertifikatlaşdırılmadan əmtəə bazarına daxil ola bilməzdi. 2021-ci ildə həmin qərar ləğv olundu və nəticədə müəyyən boşluqlar yarandı. Siyahıda yüzdən çox mal var idi. Hazırda isə ayrı-ayrı mallar üzrə texniki reqlamentlər qəbul edilir. Uşaq oyuncaqları da çox mühüm əmtəə qrupu olduğundan, onların təhlükəsizliyini təmin edən texniki reqlamentin qəbul edilməsi son dərəcə əhəmiyyətlidir".
Ekspert bildirib ki, oyuncaqların hazırlanmasında istifadə olunan materiallar və boyalar uşaqların sağlamlığı baxımından risk yarada bilər:
"Məlumdur ki, uşaq oyuncaqlarının əksəriyyəti plastikdən hazırlanır. Plastikin tərkibində müxtəlif kimyəvi maddələr ola bilər. Oyuncaqlar rənglənir və həmin boyaların tərkibində qurğuşun və digər ağır metalların olması ehtimalı var. Buna görə də oyuncaqların təhlükəsizliyi məsələsinə ciddi yanaşılmalıdır. Dünyada uşaq oyuncaqları ilə bağlı çoxsaylı mənfi təcrübələr mövcuddur. Oyuncaqların qopan hissələri uşaqların boğazında və ya burnunda qala, hətta ölümə səbəb ola bilər. Bundan başqa, oyuncaqların tərkibindəki zərərli maddələr uşaqların orqanizminə təsir göstərərək onların tədricən zəhərlənməsinə də gətirib çıxara bilər”.
O, istehlakçılara daha sadə və praktik üsullardan istifadə etməyi tövsiyə edir. “Uşaq oyuncaqları mağazasına daxil olarkən oyuncaqlardan kəskin və xoşagəlməz qoxu gəldiyini hiss etsəniz, həmin mağazadan çıxın. Oyuncaq seçərkən ağ tənzifi isladıb onun səthinə sürtün. Əgər rəngi çıxırsa, belə oyuncağı almaqdan çəkinin. Gəlinciklərin tüklərini dartın. Tüklər asanlıqla qopursa, həmin oyuncağı almayın. Həmçinin, qopan hissələri olan, yaxud uşağın dərisini cıza biləcək iti kənarları olan oyuncaqlardan uzaq durun",_ Hüseynov bildirib.
Ekspert bu yaxınlarda texniki reqlamenti hazırlayan şəxslərlə danışıb, onlardan müvafiq məlumat vermələrini xahiş edib, ancaq təqdim olunmayıb: “Əgər bu yoxlamaları həyata keçirən laboratoriyalar varsa, buyursunlar, özlərini ictimaiyyətə təqdim etsinlər. Heç olmasa, istehlakçılar xarici ölkələrdən gətirdikləri oyuncaqların təhlükəsizliyini harada və necə yoxlatdıra biləcəkləri barədə məlumat əldə etsinlər”.
Xalidə Gəray
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ