Onlayn ictimai-siyasi qəzet
Bu gün – oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı keçirilib. Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi sammitdə siyasi, iqtisadi və humanitar əməkdaşlıqla yanaşı, Xəzər regionu, nəqliyyat marşrutları və təhlükəsizlik məsələləri əsas müzakirə mövzularından olub.
Sammiti əhəmiyyətli edən liderlərin gözlənilən təmaslarıdır. Məlumdur ki, tədbirə qədər Azərbaycan və Ermənistan rəhbərləri Kreml liderinə ad günü zəngi ediblər, fikir mübadiləsi aparıblar. Gözlənilir ki, türk şəhərində də ayrı-ayrılıqda danışıqlar olsun. Əsasən də Putin və Paşinyan dialoqu maraqla izlənəcək. Bundan öncə daha bir türk şəhərində – Bişkekdə liderlərin müzakirəsi gərgin keçmişdi. Sonra Kremldən bəyan edildi ki, Paşinyanın Moskvaya səfəri nəzərdə tutulub. Amma MDB sammitinə qədər baş nazir Rusiyaya getmədi. Odur ki, Türkmənistanda növbəti gərgin danışıqlar istisna deyil.
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, liderlərin görüşəcəyini Paşinyan öncədən təsdiqləyib. Onun sözlərinə görə, tərəflərin Bişkek sammiti çərçivəsində görüşü gərgin keçmişdi, Aşqabad danışıqlarının da asan olmayacağı istisna deyil: "Nəzərə alaq ki, hər iki ölkədə parlament seçkilərinin qalibi elan edilsə də, Putin və Paşinyan qarşılıqlı şəkildə təbrik ünvanlamayıblar. Bu faktın özü ikitərəfli münasibətlərin nə dərəcədə gərgin olduğunu göstərir. Yəni məsələ şəxsi müstəviyə keçib və Aşqabad görüşündə də özünü büruzə verəcək".
Qabil Hüseynli Avrasiya İqtisadi Birliyi, KTMT və digər məsələlər üzrə müzakirələrin aparılmasını gözləyir: "Proseslərin mahiyyəti ondan ibarətdir ki, tərəflərin mövqeyi uzlaşmır. Bu da təəccüblü deyil. Hətta qarşıdakı dövrdə də razılaşma hərtərəfli olmayacaq. Çünki Paşinyan ölkəsinin inkişafını Rusiyaya yox, Avropaya yaxınlaşmaqda görür. O baxımdan, həm iqtisadi, həm təhlükəsizlik sahələrində mərhələli şəkildə uzaqlaşma kursunu davam etdirəcək. Həqiqətən də Rusiyanın iki variantı var: bu reallıqda Paşinyanla müvəqqəti hesablaşıb əməkdaşlığı davam etdirmək - yəni erməni xalqınını itirməmək üçün hələlik təmkinli yanaşmaq, ya da onu fiziki olaraq aradan qaldırmaq. Rusiya birinciyə üstünlük verməkdədir. Nəzərə alaq ki, "Gallup"un Gümrü bazası ilə bağlı sorğusu, eləcə də seçkilərin nəticələri Rusiyanı ümidləndirir".
Professorun zənnincə, bu münasibətlər nə əvvəlki kimi müttəfiq xarakterini tam saxlayır, nə də açıq qarşıdurmaya çevrilib: "Moskvanın əsas narahatlığı odur ki, Ermənistan həm Aİ-yə üzvlük prosesini irəli aparmaq, həm də Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Putin bunun iqtisadi və hüquqi baxımdan uzunmüddətli ziddiyyət yarada biləcəyini vurğulamışdı. Üstəlik, Aİ erməni mallarına rüsum güzəştlərini təsdiqlədi. Rusiya istəyir ki, Paşinyan Ermənistanın Rusiyaya qarşı düşmən siyasət aparmadığını, iqtisadi əlaqələri qoruyacağını, təhlükəsizlik sahəsində bütün körpüləri yandırmayacağını, Aİ istiqamətinin Rusiyadan çıxışla avtomatik eyniləşdirilmədiyini nümayiş etdirsin. Hər halda, bu danışıqlar da son deyil və yekun nəticələrə səbəb olmayacaq".
Emil Salamoğlu
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ