İnsanlara hürriyət, millətlərə istiqlal!

İran bu tarixə qədər rahat nəfəs alacaq

ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı qalmaqda davam edir. Prezident Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək İrana qarşı yeni hərbi zərbələrin endirilməyəcəyini açıqlayıb. O, Tehranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirsə də, Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqləri davam edir, Hörmüz boğazında isə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar səngimir. ABŞ administrasiyasının hərbi əməliyyatları müvəqqəti dayandırmaq qərarı diplomatik həll üçün imkan yaratsa da, bunun uzunmüddətli sülhə gətirib çıxaracağı hələ bəlli deyil. Eyni zamanda, noyabr seçkilərinədək hücumların olmayacağı barədə bəyanat Vaşinqtonun daxili siyasi təqviminin İran siyasətinə mümkün təsirini də gündəmə gətirir. Tramp seçkilərdən sonra hərbi əməliyyatların bərpası ehtimalını tam istisna etməyib.

Göründüyü kimi, tərəflər arasında danışıqlar davam etdiyi halda, bölgədə hərbi eskalasiya riski də qalır.

Trampın qərarı ABŞ-İran qarşıdurmasında diplomatiyaya real şans verəcək? Vaşinqton seçkilərədək vaxt qazanaraq daha geniş hərbi əməliyyatlara hazırlaşır?

SEXAVET.jpg (111 KB)

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, ABŞ və İran arasında hərbi qarşıdurmanın gedişatı, prezident Donald Trampın seçkilərədək hərbi əməliyyatları müvəqqəti dayandırmaq qərarı və mövcud strategiyanın dalana dirənməsi fonunda regionda ciddi suallar doğurur:

“Tramp çox istəyərdi ki, seçkilərə qələbə ilə qatılsın. Ancaq bu, hazırkı reallıqda mümkün deyil. Bundan əlavə, Tramp partiyasını da düşünmək məcburiyyətindədir. Çünki seçkilərdə partiyası uduzarsa, onun impiçment məsələsi də gündəmə gələ bilər. Hətta bir müddət əvvəl bunun mesajını özü də vermişdi. Ona görə də Trampın hazırkı mərhələdə vaxt qazanmaq, eyni zamanda partiyasının qələbə qazanmasını görmək istəyi İrandan daha önəmlidir. Faktiki olaraq illərdir davam edən maksimum iqtisadi təzyiqlər, sanksiyalar və blokadalar İranı təslim edə və ya strateji güzəştlərə məcbur edə bilməyib. Bu reallıq ABŞ qarşısında iki sərt və qaçılmaz seçim qoyur, ya İrana qarşı çox böyük, dağıdıcımiqyaslı hərbi hücuma keçmək, ya da mövcud nəticələri siyasi qələbə kimi təqdim edərək regiondan çəkilmək. Ancaq genişmiqyaslı hücum qlobal enerji böhranına və nəhəng regional müharibəyə səbəb ola biləcəyi üçün risklidir. Digər tərəfdən, ABŞ-nin tarixi Qərb yarımkürəsi doktrinasına qayıdaraq bu regionlardan əl çəkməsi ehtimalı da gündəmdədir. Vaşinqton əsas diqqəti daxili problemlərə və Çinlə qlobal rəqabətə yönəltmək üçün Yaxın Şərqdəki hərbi yükünü azaltmağı seçə bilər”.

Hərbi ekspert hesab edir ki, noyabr seçkilərinədək hücumların olmayacağı barədə bəyanat daxili siyasi təqvim ilə birbaşa bağlıdır:

“Tramp seçkiqabağı dövrdə neft qiymətlərinin kəskin artmasının və böyük bir müharibənin qarşısını almağa çalışır. Ancaq seçkilərdən sonra hərbi əməliyyatların bərpası ehtimalı tam istisna edilmir. Beləliklə, mövcud taktiki pauza uzunmüddətli sülhə deyil, sadəcə növbəti mərhələnin hesablaşmasına hesablanmış gediş təsir bağışlayır. Trampın pauza götürməsi o demək deyil ki, müharibə ehtimalı sıfıra yaxınlaşır. ABŞ ordusunun hərbi təlimləri davam edir, bundan əlavə, Hind okeanındakı adalara silah-sursatın daşınması prosesində də ləngimə yoxdur. Hesab edirəm ki, İranla müharibənin davam edib-etməyəcəyi seçkilərin nəticəsindən asılı olacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR