Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya planlaşdırılan səfəri ətrafında qeyri-müəyyənlik davam edir. İrəvanla Moskva arasında yüksək səviyyəli görüş barədə məlumatlar yayılsa da, Kreml konkret tarix və razılaşmanın olmadığını açıqlayıb. Rusiya rəsmilərinin son bəyanatları isə səfərin diplomatik səviyyədə hələ razılaşdırılmadığını göstərir.
Musavat.com erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Paşinyanın Moskvaya səfəri ilə bağlı sualını cavablandırarkən dəqiq tarixlərin hələ müəyyənləşmədiyini bildirib. Lakin daha diqqətçəkən açıqlama Rusiya prezidentinin köməkçisi Yuri Uşakovdan gəlib. O, jurnalistlərə bildirib ki, Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya və ya başqa şəhərə səfər edəcəyi barədə məlumatlar olsa da, hələlik konkret razılaşma əldə edilməyib.
“Paşinyanın Moskvaya və ya başqa şəhərə səfər etməyi, prezidentimizlə görüşməyi planlaşdırdığı barədə məlumat var. Lakin hələ konkret razılaşma əldə olunmayıb və açığını desəm, bu məsələ ilə bağlı diplomatik təmaslar belə olmayıb”, – deyə Uşakov vurğulayıb. Bu açıqlama diqqət çəkir. Çünki söhbət iki ölkə arasında adi görüşdən deyil, Ermənistan və Rusiya münasibətlərinin gələcək istiqaməti baxımından əhəmiyyətli ola biləcək yüksək səviyyəli təmasdan gedir. Rusiya tərəfinin diplomatik hazırlığın başlanmadığını bildirməsi səfərlə bağlı İrəvanda səsləndirilən gözləntilərlə Moskvanın açıqladığı vəziyyət arasında fərq olduğunu göstərir.
Vladimir Putin və Nikol Paşinyan bundan əvvəl sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Həmin təmasdan sonra Paşinyanın Rusiyaya səfəri məsələsi gündəmə gəlib. Lakin aradan vaxt keçməsinə baxmayaraq, səfərin təşkili ilə bağlı konkret razılaşma əldə olunmayıb.Oktyabrın 7-də, Vladimir Putinin doğum günü münasibətilə iki lider arasında telefon danışığının baş tutması da diqqət çəkib. Bununla belə, telefon təması Rusiyaya səfərin vaxtının müəyyənləşdirilməsi ilə nəticələnməyib.
Digər tərəfdən, Türkmənistanda keçirilən MDB sammiti də Putinlə Paşinyan arasında ayrıca görüş üçün fürsət kimi görünürdü. Ancaq Yuri Uşakov bu görüşün əvvəlcədən planlaşdırılmadığını bildirib.“Görüş planlaşdırılmır. Əlbəttə, bütün tədbirlər zamanı təmasları istisna etmək olmaz”, – deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.Beləliklə, nə Moskvaya səfərin konkret tarixi var, nə də Türkmənistanda ayrıca ikitərəfli görüş nəzərdə tutulub. Bu mənzərə Rusiya-Ermənistan münasibətlərində diplomatik təmasların hansı səviyyədə təşkil olunduğu barədə suallar yaradır.
Moskva bir tərəfdən Paşinyanın mümkün səfərini istisna etmir, digər tərəfdən isə bu səfərin təşkili üçün konkret diplomatik təmasların olmadığını açıq şəkildə bildirir.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ