Onlayn ictimai-siyasi qəzet
Çexiyanın qərbində yerləşən Klatovi şəhəri qədim kilsələri, müdafiə qüllələri, tarixi binalar, yeraltı katakombaları ilə məşhurdur. 2025-ci ilin məlumatına görə, Klatovinin əhalisi 22 921 nəfərdir. Kiçik şəhər olsa da, bölgənin mühüm yaşayış və turizm mərkəzlərindən biri sayılır.
Məlumata görə, Klatovinin tarixi 1260-cı ilə gedib çıxır. Şəhər Çex kralı II Přemysl Otakar tərəfindən yaradılıb. Həmin dövrdə Klatovi Bohemiya ilə Bavariya arasında mühüm ticarət yolu üzərində yerləşirdi. Məhz bu əlverişli mövqe şəhərin həm iqtisadi, həm də hərbi baxımdan inkişaf etməsinə şərait yaradıb.
Şəhərin ilk dövrlərindən etibarən müdafiə divarları tikilib. Orta əsrlərdə şəhərin təhlükəsizliyi üçün mühüm rol oynayan bu istehkamların bəzi hissələri bu gün də qorunub saxlanılır.

Klatoviyə daxil olan kimi insanın diqqətini ilk çəkən tikililərdən biri Qara qüllə – Černá věž olur. Məlumata görə, 81,6 metr hündürlüyündə olan qüllə 1547–1555-ci illərdə tikilib. Onun əsas vəzifəsi şəhəri yuxarıdan müşahidə etmək, yanğın və düşmən təhlükəsi barədə əhaliyə xəbər vermək olub. Bu gün isə qüllə turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
Qüllənin "Qara" adlandırılması da təsadüfi deyil. Şəhərdə baş verən böyük yanğınlar nəticəsində onun daşları qaralıb. Xüsusilə 1758-ci ildə baş vermiş yanğın qülləyə ciddi ziyan vurub. Bu gün isə Qara qüllə Klatovi şəhərinin əsas simvollarından biridir.

Qara qüllənin qarşısında isə tamamilə fərqli mənzərə yaranır. Tünd rəngli qüllənin qarşısında ağ rəngli, möhtəşəm kilsə ucalır. Söhbət Müqəddəs Məryəmin Məsumsuz Hamiləliyi və Müqəddəs İqnatius kilsəsindən gedir. Kilsənin təməli 1656-cı ildə qoyulub. Tarix ərzində bir neçə dəfə yanğın keçirən tikili sonuncu böyük yanğından sonra 1810-cu ildə bərpa olunub. Lakin bu kilsənin əsas sirri onun yerüstü hissəsində deyil.

Kilsənin altında Klatovinin ən sirli məkanlarından biri – məşhur katakombalar yerləşir. Burada əsrlər əvvəl dəfn edilən insanların cəsədlərinin necə təbii şəkildə mumiyalaşdığını görmək mümkündür. Heç kim onları xüsusi üsulla mumiyalamayıb. Katakombalarda yaradılmış xüsusi hava dövranı və mikroiqlim cəsədlərin təbii şəkildə quruyaraq yüzillərlə qorunmasına imkan verib.
Bu barədə daha ətraflı əvvəlki reportajımızda: Heç kim onları mumiyalamayıb: 300 il əvvəl dəfn edilənlər necə bu vəziyyətə düşdü? – Çexiyadan REPORTAJ
Klatovi küçələrində gəzdikcə qarşına bir-birindən fərqli qədim dini tikililər çıxır. Onlardan biri Müqəddəs Məryəmin Doğulması Arxdekan kilsəsidir. Kilsə şəhərin ən qədim dini tikililərindən biri hesab olunur və onun tarixi Klatovinin XIII əsrdə salınmasından az sonra başlayır.
Digər mühüm tikili isə Müqəddəs Laurentius kilsəsidir. Onun tarixi Dominikan monastırı ilə bağlıdır. İndiki kilsə 1689-cu ildə şəhərdə baş vermiş böyük yanğından sonra Dominikanlar tərəfindən inşa edilib.
Şəhərdə Ağ qüllə də diqqəti çəkir. 1581-ci ildə tikilən bu qüllə həm zəng qülləsi kimi istifadə olunub, həm də kilsənin yanında yerləşən şəhər qəbiristanlığına giriş funksiyasını daşıyıb.

Klatovidəki tarixi tikililər arasında məni ən çox təəccübləndirən məkanlardan biri isə "Ağ təkbuynuz" – U Bílého jednorožce adlı barok aptek oldu. Aptek ağ kilsənin lap yaxınlığında, bir neçə addımlığında yerləşir. Məlumata görə, buranın interyeri 1773-cü ilə aiddir. Aptek 1966-cı ilə qədər fəaliyyət göstərib. Daha sonra isə tarixi görünüşü qorunaraq muzeyə çevrilib. İçəridə XVIII əsrə aid taxta aptek şkaflarını, müxtəlif dərman və tibbi preparatların saxlanıldığı qabları görmək mümkündür. Sanki bir neçə əsr əvvələ qayıdırsan.
Aptekin adının tarixçəsi isə daha maraqlıdır. Belə ki, uzun müddət burada əfsanəvi təkbuynuzun buynuzu kimi təqdim edilən bir əşya saxlanılıb. Sonradan mütəxəssislər müəyyən ediblər ki, həmin "təkbuynuz buynuzu" əslində narvalın dişidir.
Şəhərin mərkəzində həftədə iki dəfə bazar qurulur. Burada yerli kənd təsərrüfatı məhsulları, müxtəlif ərzaqlar, eləcə də ikinci əl paltar və əşyalar satılır.

Klatovi təkcə qədim kilsələri və qüllələri ilə deyil, ətrafındakı qalaları ilə də məşhurdur. Şəhərin yaxınlığında yerləşən Şvihov qalası bunlardan biridir. Bu, klassik qala deyil, su qalasıdır. XV əsrin sonlarında Rizmberk ailəsinin nüfuzlu nümayəndəsi Puta Şvihovski tərəfindən tikdirilib. Qalanın ən maraqlı xüsusiyyətlərindən biri onun müdafiə sistemidir. Tikili ikiqat qala divarları və xəndəklərlə qorunurdu. Çexiyanın məşhur "Üç qoz-fındıq Zoluşka üçün" nağıl-filmində bu qaladan istifadə olunub.
Klatovi səfərim zamanı şəhərin 600 ildən artıq yaşı olan qəbiristanlığını da ziyarət etmək imkanım oldu. Məlumatlara görə, qəbiristanlığın tarixi XIV əsrə gedib çıxır. Burada ilk qəbiristanlıq 1380-ci ildə yaradılmış Müqəddəs Yakub kilsəsinin ətrafında salınıb. Burada 18-20-ci əsrlərin izlərini bir ərazidə görmək mümkündür.
Qəbiristanlığın ərazisində Müqəddəs Mixail Arxangel kilsəsi də yerləşir. Amma mənim diqqətimi çəkən yalnız qəbiristanlığın yaşı və qədim məzar daşları olmadı. Burada ölüm və dəfnlə bağlı tamamilə fərqli bir ənənə də diqqətimi çəkdi - insanı dəfn etməzdən əvvəl yandırırlar. Mərhum xüsusi krematoriumda kremasiya edilir, daha sonra isə kül urna ilə qəbiristanlıqda dəfn oluna bilər.

Sakinlərlə söhbətləşəndə məlum oldu ki, Çexiyada kremasiya geniş yayılmış dəfn üsullarından biridir. Klatovi qəbiristanlığında da adi məzarlarla yanaşı, kremasiya edilmiş insanların külünün yerləşdirildiyi məzarlar, urna üçün nəzərdə tutulan yerlər və külün xüsusi əraziyə səpilməsi üçün sahələr mövcuddur.
Qəbiristanlıqda gəzərkən bəzi yerlərdə uşaqların məzarları ilə də qarşılaşmaq mümkündür. Bəzi ərazilərdə oyuncaqlar, kiçik əşyalar və uşaqları xatırladan predmetlər qoyulub. Yerli sakinlərdən biri ilə söhbət zamanı öyrəndim ki, bəzi ailələr övladlarını itirdikdən sonra kremasiyaya üstünlük verir və onların külünü xüsusi ayrılmış əraziyə səpirlər. "Bəs niyə belə edirlər?" – deyə soruşanda aldığım cavab isə xüsusilə düşündürücü oldu. Sakin bildirdi ki, bəzi valideynlər üçün övladlarının məzarını hər dəfə ziyarət etmək ağrını yenidən yaşamaq deməkdir. Onlar övladlarının külünü bir yerə səpərək özlərinə təsəlli tapmağa, hər dəfə konkret bir məzarın qarşısına gəlib həmin ağrını yenidən yaşamamağa çalışırlar. Bu, təbii ki, bütün ailələrin seçdiyi yol deyil. Kimisi övladının məzarının olmasını və onu mütəmadi ziyarət etməyi istəyir, kimisi isə xatirənin konkret bir məkana bağlanmamasını üstün tutur.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ