İnsanlara hürriyət, millətlərə istiqlal!

Mənzil alarkən yeni meyar: Enerji pasportu qiymətləri artıra bilər

Gələn il yanvarın 1-dən yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Yeni sistemlə binaların enerji sərfiyyatı və mümkün enerji itkilərinin layihələndirmə mərhələsində müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bəs enerji effektivliyi pasportu binaların keyfiyyətinə və sakinlərin xərclərinə necə təsir edəcək? Bu tələbin tikinti şirkətləri üçün əlavə xərc yaradacağı gözlənilirmi? Enerji effektivliyi pasportu mənzil alarkən və ya kirayə götürərkən vətəndaş üçün nə dərəcədə əhəmiyyətli olacaq?

Musavat.com-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova söyləyib ki, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının məcburi xarakter daşıması təkcə əlavə texniki tələb deyil, binanın keyfiyyət meyarlarını genişləndirəcək kompleks addımdır.

WhatsApp Image 2026-09-08 at 16.14.32.jpeg (40 KB)

Onun sözlərinə görə, bu qərar istismar xərclərinin şəffaf ölçülməsinə imkan verəcək və enerji performansını əmlakın iqtisadi dəyərinə təsir edən əsas amillərdən birinə çevirəcək: “Enerji effektivliyi artıq yalnız ekoloji və texniki məsələ deyil. Bu göstərici binanın gələcək istismar xərclərinə, istifadəçi komfortuna, əmlakın rəqabət qabiliyyətinə və uzunmüddətli iqtisadi faydasına birbaşa təsir göstərir. Bu baxımdan enerji pasportlaşdırılmasının əsas üstünlüklərindən biri enerji performansının layihələndirmə mərhələsindən etibarən nəzərə alınmasıdır. İstilik və soyutma sistemləri, isti su təchizatı, işıqlandırma, havalandırma və binanın konstruktiv xüsusiyyətləri üzrə qiymətləndirmənin əvvəlcədən aparılması sonradan yaranacaq enerji itkilərinin və əlavə yenidənqurma xərclərinin qarşısını alır. Enerji effektivliyi pasportunun əsas təsiri məlumatın şəffaf və müqayisə edilə bilən formaya salınmasıdır. Hazırda mənzil alıcısının qərarına yerləşmə, tikinti materialları, planlaşdırma və infrastruktur təsir etsə də, uzunmüddətli istifadə dəyərini müəyyən edən amillər arasında enerji sərfiyyatının səmərəliliyi də yer almalıdır. Pasport bu məlumatı sənədləşdirilmiş göstəriciyə çevirərək alıcı və ya kirayəçiyə gələcək istismar xərclərini doğru qiymətləndirmək imkanı yaradır. Xüsusilə eyni ərazidə və oxşar qiymət diapazonunda yerləşən əmlaklar arasında seçim zamanı bu göstərici obyektiv meyar rolunu oynayır”.

AQP rəsmisi qeyd edib ki, yüksək enerji effektivliyinə malik bina eyni komfort səviyyəsini daha aşağı resurs sərfi ilə təmin etdikdə, uzunmüddətli perspektivdə kommunal və istismar xərcləri azalır:

“Bu səbəbdən mənzilə yalnız ilkin alış qiyməti olan əmlak kimi deyil, gələcəkdə müəyyən xərclər yaradan iqtisadi aktiv kimi yanaşılmalıdır. Alıcının real iqtisadi qərarı yalnız mənzilin satış qiymətindən deyil, onun uzunmüddətli istismar dəyərindən ibarətdir. Enerji pasportunun bazar dəyərinə təsiri orta və uzunmüddətli perspektivdə formalaşır. Aşağı enerji sərfiyyatına və səmərəli mühəndis sistemlərinə malik binalar bazarda daha rəqabətqabiliyyətli və cəlbedici olur. Bununla belə, konkret enerji sinfinə görə mənzil qiymətinin avtomatik olaraq müəyyən faiz artacağını söyləmək tezdir. Real bazar qiymətləndirməsi zamanla formalaşacaq”.

AQP sədrinin müavini hesab edir ki, yeni tələblər tikinti şirkətləri üçün ilkin mərhələdə əlavə inzibati və texniki xərclər yaratsa da, bu proses sektoru daha səmərəli mühəndis həllərinə yönəldəcək:

“Şəffaf və vahid metodologiya tətbiq edilmədikdə isə pasportun formal sənədə çevrilmə riski yaranır. Enerji effektivliyi göstəriciləri əmlakın qiymətləndirilməsi fəaliyyətində, xüsusilə gəlir gətirən qeyri-yaşayış obyektlərinin əməliyyat xərclərinin və gəlirliliyinin müəyyən edilməsində mühüm rol oynayır. Nəticədə bu yenilik tikinti sektorunda “keyfiyyət” anlayışını genişləndirir. Enerji pasportu texniki prosedurluqdan çıxaraq daşınmaz əmlak bazarının keyfiyyət və şəffaflıq standartlarını formalaşdıran mühüm iqtisadi mexanizmə çevrilir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR