İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən Bakıya qarşı NÖVBƏTİ qərəz – Sərt REAKSİYA

Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin bütün dünyada “Bosniya qəssabı” kimi tanınan Ratko Mladiçin adını çəkərkən sərt ifadələr işlətməsi təsadüfi deyil. Srebrenitsa soyqırımının təşkilatçılarından biri, Bosniya müharibəsində minlərlə dinc insanın qətlə yetirilməsində və etnik təmizləmə siyasətində əsas fiqurlardan olan Mladiç beynəlxalq tribunal tərəfindən soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Avropa bu faktı haqlı olaraq cinayət və ədalət prizmasından dəyərləndirir.

Amma Avropanın analoji yanaşmanı Xocalı soyqırımı, yüzlərlə azərbaycanlı mülki şəxsin qətlə yetirilməsi və Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ağır cinayətlərə münasibətdə sərgiləməməsi ciddi suallar doğurur.

Mladiçin cinayətlərinə görə sərt mövqe ortaya qoyan Avropa Xocalı qurbanlarının haqqını niyə eyni səslə müdafiə etmir?

Kamran Bayramov: “Türk dövlətləri ilə əməkdaşlıq əlaqələri daha da  genişlənir”

Deputat Kamran Bayramov Musavat.com-a deyib ki, bu prinsipiallıq Qərbi Balkanlarda kəskin şəkildə özünü göstərir, Cənubi Qafqaza, konkret Azərbaycana münasibətdə isə ədalət tərəzisinin nə dərəcədə əyildiyini açıq-aydın görünür:

“Srebrenitsada baş verənləri insanlıq faciəsi adlandıran, bu dəhşətin təşkilatçılarını haqlı olaraq müharibə cinayətkarı sayan Strasburq və Brüssel elitası, nədənsə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş kütləvi qətliamları, etnik təmizləməni və mülki əhaliyə qarşı yönəlmiş sistemli zorakılığı görməzdən gəlməyə üstünlük verir. Bu ikili standartlar təkcə tarixi faktların təhrif olunması ilə bitmir, həm də hüquqi müstəvidə özünü qabarıq şəkildə büruzə verir.

Azərbaycan Respublikasının suveren ərazilərində illərlə separatçılıq fəaliyyəti ilə məşğul olmuş, sülh və insanlıq əleyhinə ağır cinayətlər törətməkdə, terrorçuluğu maliyyələşdirməkdə, dövlət hakimiyyətini zorla ələ keçirməkdə və təcavüzkar müharibə aparmaqda ittiham olunaraq müstəqil Azərbaycan məhkəməsinin hökmü ilə uzunmüddətli və ömürlük azadlıqdan məhrum edilmiş keçmiş separatçı rejimin rəhbərlərinə Avropada tutulan mövqe dərin təəssüf doğurur. Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər təqsirləndirilən şəxslərin işinə obyektiv hüquqi çərçivədə baxılmasına baxmayaraq, Avropa Parlamentinin onları “siyasi məhbus” və ya “girov” adlandırması, məhkəmə proseslərini həyasızcasına “şou” elan etməsi hüquq prinsiplərinin geosiyasi maraqlara qurban verilməsindən başqa bir şey deyil”.

Deputatın sözlərinə görə, Balkanlarda müharibə cinayətkarlarının dəfnində iştirak edən rəsmiləri kəskin tənqid edib bunu "Avropa dəyərlərinə zidd" adlandıran Avropa Komissiyası rəhbərliyinin, Qarabağda dinc əhaliyə qarşı raket hücumları əmri verənlərin, mina terroru ilə yüzlərlə mülki insanın həyatına son qoyanların müdafiəsinə qalxması ciddi etimad böhranı yaradır: “Avropa institutları bir tərəfdən məhkəmə müstəqilliyinin vacibliyini təbliğ edir, digər tərəfdən konkret sübutlara və cinayət işlərinə əsaslanan suveren bir dövlətin ədalət mühakiməsini əvvəlcədən siyasi mülahizələrlə inkara sürəkləyir. Azərbaycan rəsmilərinə qarşı sanksiya çağırışları səsləndirən, enerji tərəfdaşlığını təhdid vasitəsinə çevirməyə çalışan qətnamələrin qəbul edilməsi, insan hüquqlarının universal dəyər kimi deyil, yalnız müəyyən siyasi simpatiyalara görə seçilən bir alət kimi tətbiq olunduğunu sübut edir. Məhz bu cür qərəzli yanaşma və selektiv ədalət anlayışı Bakı ilə Strasburq arasında qarşılıqlı inamsızlığı dərinləşdirib, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətinin dayandırması kimi ciddi siyasi nəticələrə gətirib çıxarıb.

Əgər beynəlxalq hüquq və insan ləyaqəti hər kəs üçün eynidirsə, niyə bir regiondakı cinayətkar "soyqırımçı", digər regionda analoji əməlləri törədən şəxs isə "siyasi qurban" kimi təqdim olunur? Avropa İttifaqı və onun qanunverici orqanları regionda real və davamlı sülhün bərqərar olunmasında obyektiv vasitəçi olmaq istəyirlərsə, birtərəfli və ittihamedici siyasi dildən imtina etməli, Srebrenitsa qurbanlarına göstərdikləri həssaslığı Xocalı faciəsinə və mina terrorunun qurbanı olan azərbaycanlılara da nümayiş etdirməlidirlər. Əks halda, elan edilən "Avropa dəyərləri" universal prinsip olmaq xüsusiyyətini itirərək yalnız geosiyasi konyukturaya uyğunlaşdırılmış təsir mexanizmi kimi qalacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR