İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakının qaz satışını niyə blokladı?   

Vaşinqton öz enerji məhsulunu Ukraynaya nəql etmək üçün bu addımı atıb; Azərbaycanla münasibətlərin inkişaf mərhələsində olduğu bir vaxtda verilən qərar narahatlıq doğurur 

ABŞ Azərbaycan qazının Yunanıstan vasitəsilə Ukraynaya nəqlini əngəlləyib. Yunanıstanın “Kathimerini” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, blokadaya səbəb ABŞ-nin öz maye qazını Ukraynaya satmaq üçün müstəsna hüquq tələb etməsi olub.

Afinada Ukraynanın “Naftoqaz” şirkəti ilə Yunanıstanın “Aktor Group” və DEPA şirkətləri tərəfindən yaradılan yeni “Atlantic-See LNG Trade” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunanıstan 2025-ci ilin dekabrından 2026-cı ilin martına qədər “şaquli dəhliz” (Bolqarıstan və Rumıniya vasitəsilə) vasitəsilə Ukraynaya Amerika maye qazını tədarük edəcək. Yunanıstan hökuməti mənbələri ABŞ-nin bu marşrutla Azərbaycan qazının nəqlinə veto qoyduğunu bildirib. 

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstana çatdırılan Azərbaycan qazı ucuzdur və ABŞ bu səbəbdən rəqabətdən narahatdır. Vaşinqton Yunanıstan vasitəsilə Ukraynaya qaz tədarükü üçün müstəsna hüquqlar axtarır. ABŞ-nin tələblərinə uyğun olaraq, “Atlantic-See LNG Trade” ilə “Naftoqaz” arasında bağlanmış müqavilədə Azərbaycan qazının “şaquli dəhliz” vasitəsilə nəqlinin yalnız fors-major hallarda mümkün olması nəzərdə tutulur. Bu o deməkdir ki, əgər hər hansı səbəbdən Amerikanın “Atlantic-See LNG Trade” şirkətinin maye qaz daşınması gecikərsə (bunu istisna etmək olmaz) və ya texniki problemlər yaranarsa, Yunanıstan şirkəti “Naftoqaz” qarşısında öhdəliklərini yerinə yetirmək üçün TAP vasitəsilə çatdırılan və DEPA-nın nəzarətində olan Azərbaycan qazından istifadə edə biləcək.

Xatırladaq ki, 2025-ci ilin yayında “Naftoqaz” və SOCAR arasında pilot razılaşmaya əsasən, az miqdarda Azərbaycan qazının Bolqarıstan, Rumıniya və Moldova vasitəsilə Ukraynaya çatdırılmasına icazə verilib. Bunun ardınca Rusiya Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən və Azərbaycan qazının Ukraynaya nəqli üçün istifadə edilən qaz kompressor stansiyasına pilotsuz təyyarələrlə zərbələr endirib.  

Kiyev Azərbaycan qazının Ukraynaya tədarükü üçün uzunmüddətli müqavilə bağlamağa hazır olduğunu bildirib. Bu məsələ ilə bağlı tərəflər arasında danışıqların getdiyi bildirilir. 

Bu kontekstdə, Energia.gr yazır ki, Vaşinqtonun SOCAR-ın Ukraynaya qaz nəqlini "Şaquli dəhliz" vasitəsilə əngəlləmək qərarı ziddiyyətli görünür və həm Bakıda, həm də Avropa paytaxtlarında narahatlıq doğurur. Diplomatik mənbələr vurğulayırlar ki, Azərbaycanla enerji mübahisəsinə girməzdən əvvəl Vaşinqton regional qaz bazarının arxitekturasını və nəqliyyat marşrutlarının texnoloji məntiqini daha yaxşı başa düşməlidir.

Avropalı analitiklər xüsusilə Bakının daxili balansı təmin etmək üçün tələb etdiyi məhdud həcmdə Rusiya qazını Azərbaycanın idxalından narahatdırlar. Bununla belə, Avropa qurumları TAP-ın Azərbaycanın daxili şəbəkəsinə heç bir şəkildə bağlı olmadığını vurğulayır. Ona görə də Rusiya və Azərbaycan qazının “qarışdırılması” ilə bağlı şübhələr əsassızdır və faktiki infrastruktur konfiqurasiyasına uyğun gəlmir.(Haqqın.az)

Bütün bu məlumatlar birlikdə götürdükdə sübut edir ki, Azərbaycan Avropa qaz infrastrukturunun sistem formalaşdıran elementi olaraq qalır və ABŞ-nin “Şaquli dəhliz”də Azərbaycan resurslarından istifadəni məhdudlaşdırmaq qərarı Avropanın uzunmüddətli enerji təhlükəsizliyi məntiqindən daha çox siyasi və kommersiya maraqları ilə diktə olunur.

ABŞ ilə Azərbaycan arasında münasibətlərin indiki inkişaf mərhələsində bu cür münasibət necə izah edilməlidir? Amerikanın bu anlaşmadan qazanacağı qəpik-quruşa ehtiyacı varmı?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli bunu iki səbəblə izah edir. Onun fikrincə, ilk növbədə ABŞ Avropa bazarını və bura daxil olan Ukraynanı enerji təchizatı cəhətdən özündən asılı vəziyyətə salır. Digər bir səbəbi isə Yunanıstanın NATO dövləti olması ilə əlaqəlidir: “Ukrayna böhranı Avropanın "Şimal axını" layihələrindən imtina ilə nəticələndi. Bu da özlüyündə rus qazından asılılığı minimuma endirməyi hədəfləyən Avropanın Birləşmiş Ştatlardan asılı vəziyyətə düşməsinə gətirib çıxardı. Nəticədə verilən qərar məhz Birləşmiş Ştatların geoekonomik hədəflərinə çatmasında fürsət oldu. Yəni burada birbaşa Azərbaycana zərbə vurmaq məqsədi yoxdur, sadəcə, Vaşinqtonun qlobal planı var".

Onun sözlərinə görə, Yunanıstan ABŞ-yə Azərbaycandan bir “köynək yaxındır” deyə Afinanın NATO üzvlüyünə görə  üstünlük verilib: “Eyni zamanda Türkiyə amili də nəzərdən qaçırılmamalıdır. Ancaq hər bir məsələdən qabaqda Birləşmiş Ştatların öz maraqları gəlir. Ona görə də belə bir qərar qəbul olunub. Nəzərə alaq ki, Tramp siyasi xadim deyil, biznes ideoloqudur. Onun bu yaşda belə bütün prioriteti ölkəsinə pul gətirməkdir. Yəni kim haqlıdır, kimin maraqları qurban verilib, bunların heç biri onu maraqlandırmır. Belə bir yanaşma sahibi Azərbaycanı nəzərə ala bilməz. Tramp öz ölkəsinin enerji məhsulunu satmaq üçün Azərbaycanı arxa plana atmağa hazırdır”.

Q.Hüseynli hesab edir ki, Tramp hakimiyyəti Azərbaycan iqtidarına və onun rəhbərliyinə yüksək səviyyəli qiymət verir, lakin ticari mövzularda müttəfiqlərini belə nəzərə almır: “Bu şəraitdən isə Yunanıstan istifadə edir. Bu ölkə ermənipərəst siyasəti ilə fərqlənir. Əslində Yunanıstanın bu iqtisadi prosesdə iştirakı da məhz siyasi faktordan irəli gəlir. Söhbət Türkiyəyə münasibətdən gedir. Uzun müddətdir ki, Türkiyə və Yunanıstan arasında Aralıq dənizində yerləşən qaz yataqları ilə bağlı bir rəqabət var”. 

Həmsöhbətimiz sonda əlavə edib ki, Azərbaycan qazının Ukraynaya tədarükündə təhlükəsizlik amili də yaddan çıxmamalıdır: “Rusiyanın məlum hücumları ciddi problem yaratdı, ona görə Yunanıstan istiqaməti daha təhlükəsiz görünə bilər”.

Xatırladaq ki, Ukrayna Rusiya ilə müharibəyə qədər əsas qaz təminatını bu ölkədən alırdı. Ukraynanın Azərbaycan qazını alması Bakının Moskva ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda baş vermişdi. Rusiyanın Ukraynaya müharibə başlatmasından sonra Azərbaycan Avropa məkanında bir qaz ölkəsi kimi diqqət cəlb etməyə başlayıb. Hazırda Azərbaycan Avropa ölkələri də daxil, 10-dan çox ölkəyə təbii qaz satır. Kiyev Azərbaycan və dolayı yolla ABŞ-dən qaz idxalı üçün tələsik addımlar atmağa məcbur olub. Ölkənin ən böyük qaz istehsalçısı və təchizatçısı olan “Naftoqaz” şirkəti 2025-ci ildə doqquz hava hücumunda onun infrastrukturuna 100-dən çox zərbə endirildiyini bildirib. Bu hücumlar Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğal müharibəsinə başlamasından bəri şirkətə olunan bütün hücumların təxminən yarısını təşkil edir. Fevralda Ukraynada gündəlik orta temperatur sıfır dərəcənin altında olarkən, Rusiya Ukraynanın qaz hasilatının, demək olar ki, yarısını müvəqqəti olaraq dayandırıb və Kiyevi 0.8 milyard kubmetr qaz idxal etməyə məcbur edib. Ukrayna indi qış istilik mövsümünə qədər yeraltı anbarlarını 13.2 milyard kubmetr qazla doldurmağa çalışır. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR