İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir çimərlik vətəndaşların əlindən alınır? – ŞOK İDDİA – FOTOLAR, VİDEO

Şüvəlan qəsəbəsində yerləşən Mayak çimərliyi ilə bağlı redaksiyamıza müraciət edən sakin ərazidə vətəndaşların dənizə girişinə maneələr yaradıldığını bildirib.

Bakı sakini Fərid Rzaquliyev Mustafaoğlu Şüvəlan qəsəbəsində yerləşən Mayak çimərliyi ilə bağlı redaksiyamıza müraciət edib. Sakin iddia edir ki, çimərliyin ərazisinin müəyyən hissəsi zəbt olunub və hazırda burada özlərini “Vətən Mühafizə Xidməti”nin əməkdaşları kimi təqdim edən 5 nəfər yerləşdirilib. Onun sözlərinə görə, həmin şəxslər vətəndaşların əraziyə və dənizə sərbəst keçidinə mane olurlar.

F.Rzaquliyev bildirib ki, sözügedən ərazi ilə bağlı problem ilk dəfə deyil yaşanır. Onun sözlərinə görə, təxminən bir il əvvəl də Mayak çimərliyinin girişindən dənizə qədər olan hissədə uzunluğu yüzlərlə metr olan hasar çəkilib.

“Hasarın təməli təxminən 2 metr enində idi. Orada böyük tikinti işləri aparılırdı. Mən məsələ ilə bağlı şikayət etdim və dövlət qurumlarının müdaxiləsindən sonra həmin hasar söküldü”, – deyə sakin bildirib.

Şikayətçinin sözlərinə görə, hazırda isə ərazidə fərqli üsuldan istifadə olunur. O iddia edir ki, bu dəfə ərazi qumla sərhədlənib və həmin hissəyə insanların keçməməsi üçün mühafizəçilər yerləşdirilib.

7ab2fa4d-9ccc-44db-ab78-fa802d33683c.jpeg (271 KB)

“İndi yavaş-yavaş insanları buna alışdırırlar. Ərazini qumla ayırıb sərhəd çəkiblər. Çimərliyin girişindən dənizə qədər olan hissəni özlərinə ayırıblar. İnsanlar o tərəfə keçməsin deyə beş nəfər mühafizəçi gətirib qoyublar”, – deyə F.Rzaquliyev vurğulayıb.

Sakin həmin şəxslərlə söhbət etdiyini də bildirib. Onun sözlərinə görə, mühafizəçilər ərazidə şirkətlə müqavilə əsasında fəaliyyət göstərdiklərini deyiblər.

“Özlərinə deyirəm ki, qardaş, siz niyə gəlmisiniz bura? Deyirlər ki, bizim şirkətlə müqaviləmiz var, bizi buraya göndərirlər. Bəs bu şəxs kimdir? Ərazini zəbt edən kimdir, hansı qurumdur? Bizə deyirlər ki, Nəsimi adlı şəxsdir. Mən heç kimin haqqına girmək istəmirəm, sadəcə olaraq faktiki olaraq həmin ərazinin kim tərəfindən istifadə edildiyinin araşdırılmasını istəyirəm”, – deyə sakin qeyd edib.

F.Rzaquliyev iddia edir ki, ərazinin əvvəl hasarlanması zamanı tikinti işləri geniş miqyasda aparılıb.

“Hasarın tikintisinə çox böyük vəsait xərclənmişdi. İçəridə 7-8 texnika işləyirdi, bəlkə də 200-ə yaxın fəhlə var idi. Çox sürətlə işləyirdilər ki, tez başa çatdırsınlar. Mən nazirliyə müraciət etdim və bildirdim ki, belə bir fakt var. Əgər şəxsin əlində sənəd varsa, qoy təqdim etsin. Mən demirəm ki, dövlət hansısa əraziyə icazə verə bilməz. Amma əvvəlcə ərazinin zəbt olunub-olunmadığı və insanların dənizə girişinin məhdudlaşdırılmasının hüquqi əsasının olub-olmadığı müəyyənləşdirilməlidir”, – deyə o bildirib.

8a0b229f-16e4-43c2-9002-46b342fd083d.jpeg (204 KB)

Sakin həmçinin ərazidə bir müddət Fövqəladə Hallar Nazirliyinin adından istifadə edilən xəbərdarlıq lövhələrinin yerləşdirildiyini iddia edib.

“Orada Fövqəladə Hallar Nazirliyinin plakatlarını qoymuşdular ki, giriş qadağandır. Təxminən 60-a yaxın belə plakat yan-yana düzülmüşdü. İnsanlar da elə başa düşürdü ki, bura təhlükəli ərazidir və keçmək olmaz”, – deyə F.Rzaquliyev bildirib.

Onun sözlərinə görə, həmin lövhələrin yerləşdirilməsi insanların diqqətini ərazidəki məhdudiyyətə yönəltməmək məqsədi daşıya bilər.

“Deyirlər ki, guya bu tərəfə insan girib, qayalıqdan yıxılıb, ona görə plakat qoymuşuq ki, camaat keçməsin. Amma mühafizəçilərin özləri də deyirlər ki, onları buraya göndərən şəxs əraziyə heç kimi buraxmamağı tapşırıb”, – deyə sakin iddia edib.

Şikayətçi hesab edir ki, məsələ hüquqi baxımdan araşdırılmalıdır. O vurğulayıb ki, hər hansı mühafizə şirkətinin vətəndaşların dənizə və çimərliyə girişini məhdudlaşdırmaq səlahiyyətinin olub-olmaması aydınlaşdırılmalıdır.

“Əgər doğrudan da hansısa şirkət dövlət tərəfindən bu əraziyə təyin olunubsa, bunun hüquqi əsası göstərilməlidir. Mühafizə şirkəti insanların çimərliyə girişinə hansı əsasla qadağa qoya bilər? Hüquqi məhdudiyyət varsa, bunu səlahiyyətli dövlət qurumu tətbiq etməlidir”, – deyə F.Rzaquliyev bildirib.

Sakin hesab edir ki, məsələ vaxtında araşdırılmasa, Bakıda vətəndaşların pulsuz istifadə edə bildiyi çimərliklərin sayı daha da azala bilər.

“İnsanların ən çox gəldiyi yer pulsuz çimərliklərdir. Əgər bu ərazilər də bir-bir bağlanarsa, gələcəkdə uşaqlarımız dənizi yalnız xəritədə görəcək”, – deyə şikayətçi bildirib.

Qeyd edək ki, redaksiyaya təqdim olunan iddiaların hüquqi və faktiki əsasları aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır. Ərazidə fəaliyyət göstərən şəxslərin hansı qurumu təmsil etdiyi, onların orada yerləşdirilməsinin hüquqi əsası və vətəndaşların dənizə girişinin məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR